Siyasət

  • 1 822

“Lukaşenko Paşinyana xəbərdarlıq etdi” – Belaruslu ekspertlərin şərhi

image

“Belarus prezidentinin Paşinyanla söhbətləri barədə danışması və söhbətin təfərrüatlarını açıqlaması ilə Ermənistanın təcavüzkar ideologiyasının mahiyyətini açıb”

Ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko İrəvana ünvanlanan bir sıra bəyanatlar, o cümlədən Ermənistanın baş naziri ilə pərdəarxası danışıqların məzmunu ilə bağlı açıqlamalar verib. O cümlədən, Belarus prezidenti əmin olduğunu bildirib ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrdə Ermənistan rəhbərliyi günahkardır. “Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır. Mən şəxsən onlara (Ermənistan hakimiyyətinə- red.) xəbərdarlıq etdim: onlara (Azərbaycana- red.) bu əraziləri qaytarın. Üstəlik, onlar (Ermənistan hakimiyyəti- red.) buraların onların əraziləri olmadığını qəbul edirlər. Bəli, bunlar bizim torpaqlarımız deyil, Azərbaycan torpaqlarıdır. Amma biz (Ermənistan- red.) təslim olmayacağıq- döyüşəcəyik”- dedilər,- Lukaşenko Ermənistan hakimiyyəti ilə söhbətlərini xatırladıb.

Belarus lideri qeyd edib ki, o, Putinlə birgə İrəvanla Bakı arasındakı problemləri sülh yolu ilə həll etmək üçün Paşinyana yaxınlaşıb. “Biz müharibəni başa vurduq. Bəs onda niyə indi Rusiyadan, hətta bizdən də inciyirsiniz? Siz özünüz də (Paşinyan– red.) etiraf etdiniz ki, Qarabağ Azərbaycan ərazisidir”. Lukaşenko Ermənistanın hazırkı siyasi kursuna da şübhə ilə yanaşdığını bildirib. “Biz ermənilərə hər cür kömək etməyə çalışdıq, ən yaxın insanlarla əməkdaşlıq etdik, hər cür kömək təklif etdik. Amma, dedilər ki, biz Qərbə, Aİ-yə üz tutmaq istəyirik. Onlara izah etdik ki, biz Qərblə, amerikalılarla əməkdaşlığa qarşı deyilik, lakin siz bizin regionda onların siyasətini aparırsınız”,- deyə Belta agentliyi onun sözlərini sitat gətirir.

Lukaşenkonun bu mesajlarını İrəvana necə şərh etmək lazımdır? Belaruslu politoloqlar bununla bağlı fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

İttifaq dövlətinin siyasəti üzrə ekspert, MDBMİ-nin professoru Kirill Koktışın sözlərinə görə, Paşinyanın Belarusa qarşı bir sıra qalmaqallı bəyanatlar verməsindən təxminən üç aya yaxın vaxt keçib və aydındır ki, bu fikirlər havada asılıb, cavabsız qalaraq, Belarusa qarşı mənfi PR-fon kimi istifadə edilmişdir.

“Və aydındır ki, vaxtı gələndə bu bəyanatlara cavab vermək lazım idi. Mən hesab edirəm ki, Lukaşenko xalq diplomatiyası elementindən çox adekvat istifadə etdi, öz mövqeyini bildirdi və göstərdi ki, Minskdə həm rəsmi, həm də pərdəarxası diplomatiya ilə İrəvandan fərqli olaraq hər şey yüksək səviyyədədir”, - politoloq qeyd edib.

Onun fikrincə, Lukaşenkonun görüş zamanı Ermənistan xalqına müraciəti erməni elitasının öz cəmiyyətindən ayrı mövcud olduğunu göstərən haldır.

“Lukaşenko özünü geniş xalq dəstəyinə arxalanan, əsas subyektin xalq olduğuna inanan və bunu dəfələrlə sübut edən siyasətçi kimi aparır. Və bu halda Paşinyanla birbaşa ünsiyyət mənasız olduğu üçün o, birbaşa erməni xalqına müraciət edərək öz fikirlərini izah edib, xalqın maraqlarının harada olduğunu göstərib. Axı Qərb, tarixin göstərdiyi kimi, həmişə elita ilə cəmiyyətin və bu ölkədə yaşayan insanların həyatı bahasına sövdələşir və son nəticədə elitanın gördüyü hər şeyin əvəzini ödəməlidir. Nəzərə almaq lazımdır ki, bu, Belarusda yaşayan milli icmalarla görüş zamanı baş verib, ona görə də Lukaşenkonun müraciəti həm xarici, həm də daxili auditoriya üçün hərtərəfli mesaja malik olub”,– K.Koktış bildirib.

Belaruslu politoloq, siyasi elmlər namizədi Sergey Tomiçin fikrincə, Lukaşenkonun dedikləri İrəvan üçün mühüm mesajdır.

“Belarus prezidentinin Paşinyanla söhbətləri barədə danışması və onların təfərrüatlarını açıqlaması təbii ki, ciddi göstəricidir və bununla o, Ermənistanın təcavüzkar ideologiyasının mahiyyətini açıb. Və Paşinyan, əlbəttə ki, heç də “sülh göyərçini” deyil. Sadəcə olaraq şəraitə uyğunlaşdı. Kiçik mənada, bu, Lukaşenkonun iyun tezisləri üçün İrəvana qayıtmasıdır. Yəni, Lukaşenko İrəvanın oyununu kifayət qədər aydın şəkildə ortaya qoydu- Paşinyan Minsk haqqında mənfi danışarkən, həmçinin, faktiki olaraq Rusiyanı ittiham edəndə- bu texnika tamamilə göz qabağındadır.

Demək olar ki, Lukaşenko Paşinyan kimi açıq-aşkar sərt və kəskin hücumlar etmədən, daha dinc və sakit formada Paşinyanın baş nazirliyinə başladığı andan bütün oyununu, bütün bu müddət ərzində Ermənistanın siyasətinin incəliklərini ortaya qoydu. O, Ermənistanın Qərbə yönəlik siyasi planlarına və bununla bağlı erməni xəyallarına da toxunub. Və biz görürük ki, Lukaşenko özünün təsirli siyasi təcrübəsinin yüksəkliyindən təcrübəsiz Paşinyana siyasi kursun dəyişdirilməsində mümkün səhv barədə necə xəbərdarlıq edir. Yenə də gözəgörünməz şəkildə, mehriban tonda. Bu, sadəcə olaraq, Lukaşenkonun Paşinyandan daha hörmətli və peşəkar bir siyasətçi kimi səviyyəsini göstərir. O, obrazlı şəkildə aydınlaşdırdı ki, nəyisə hərəkətə keçirib bəyan etməzdən əvvəl yeddi dəfə ölçmək lazımdır”,- deyə S.Tomiç yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər