Siyasət

  • 473

Şəhid Həsənağa Şirvanınin bu gün anım günüdür FOTOLAR

image

Xalqımızın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi oluruq. Bu da millətin azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəlməkdir. Belə zirvələrə ucalanlardan biri Həsənağa Şirvanıdır.

Ulu Dədə Qorqudun dediyi kimi, “Torpağı qorumasan əkməyə dəyməz, əkməsən qorumağa dəyməz”. Həsənağanın torpaq sevgisi buradan qaynaqlanırdı. 44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri Həsənağa Bəhruz oğlu Şirvani olub. O, 23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Uşaqlıq illəri doğulduğu Binə qəsəbəsində keçib. 2008-ci ildə Bakı şəhəri, Binə qəsəbəsi şəhid Rəşid Baxışov adına 218 №-li tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinifini başa vurub.

Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Sonradan Həsənağa Şirvani 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində Şəhid olub.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid əsgər Həsənağa Bəhruz oğlu Şirvani "Vətən uğrunda" , "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq!

Şəhidlərimizin misilsiz qəhrəmanlığı hesabına Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik, Şəhidlər ölməz, Vətən bölünməz!

Digər xəbərlər