PDF Oxu

Siyasət

  • 803

Gələn ilin əsas xərcləri artıq müəyyən edilib ŞƏRH

image

Sentyabrın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan hökumətinin iqtisadi məsələlərə həsr olunmuş müşavirəsi keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edərək, 2024-cü ildə ölkə iqtisadiyyatında əldə olunan nəticələri qeyd edib, 2025-ci il üçün gözləntiləri açıqlayıb.

Cənab prezident 8 ayda əldə olunan iqtisadi artımın müsbət olduğunu deyib: “İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir”.

Müşavirədə səsləndirilən fikirlər təkcə il sonuna kimi deyil, həm də ən azı 2025-ci ildə ölkəmizdə iqtisadi istiqamətli qərarların qəbul edilməsində böyük rol oynayacaq. Çünki bu müşavirədə növbəti ilin büdcəsi, xarici borc öhdəlikləri, neft hasilat həcmlərinin azalması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, milli təhlükəsizlik məsələlərinin iqtisadi dəstəklənməsi, eyni zamanda növbəti ilin pensiya və əmək haqqı artımları kimi bir çox məsələlər müzakirə mövzusu olub.İlin sonuna nəzərdə tutulandan daha yüksək iqtisadi artıma nail olunacaq. Prezidentin əmək haqqı və minimum pensiya məbləğinin artırılacağına dair dedikləri bu sahədə gözləntiləri yüksəldir. Minimum əmək haqqının nə qədər artırılacağını dəqiq söyləmək mümkün deyil. Lakin düşünürəm ki, onun məbləği 345 manatdan 400 manata çatdırılacaq ki, bu da 16 faizlik artım deməkdir. Bildiyiniz kimi, ölkəmizdə pensiyalar hər il arxada qalan ildə orta aylıq nominal əmək haqqındakı artım qədər indeksasiya olunur. Bu iki artım pensiyaçıların gəlirlərində ciddi artımı təmin edəcək.

Azərbaycan büdcəsinin əsas xərclərindən biri milli müdafiə və təhlükəsizlik xərcləridir. Mövcud regional və beynəlxalq geosiyasi şərtlər Azərbaycanın öz müdafiə qüvvələrini daha da gücləndirməsini tələb edir. Xüsusilə bəzi xarici ölkələrin Ermənistanda revanşizmə dəstək verməsi fonunda dövlət büdcəsi gəlirlərinin mühüm bir hissəsinin müdafiə xərclərinə ayırması zərurəti var. Düşünürəm ki, vəziyyət norallaşıb, sülh müqaviləsi imzalandıqdan, gərginlik və təhlükələr aradan qalxdıqdan sonra Azərbaycan büdcə gəlirlərindən işğaldan azad olunmuş ərazilərin bərpası və digər istiqamətlərə daha çox vəsait yönəltmək imkanı əldə edəcək.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının mühasibi

Digər xəbərlər