Siyasət

  • 376

Unikal tolerantlıq modeli

image

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

"Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq", - deyə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir.

Əlbəttə ki, xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunədir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma, xoşagəlməz hal baş verməyib. Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunədir. Belə bir mühitin formalaşdığı Azərbaycanda da hər il 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu beynəlxalq gün YUNESKO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilmişdir. Bəyannamə 1995-ci ildə təsdiq edilmişdir. Bəyannamədə dözümlülük (tolerantlıq) dedikdə, "dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma" nəzərdə tutulur. Bəyannamədə "insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını" elan edir. Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur. 1997-ci ildə BMT Baş Assambleyası (A/RES/51/95 saylı qətnamə) da BMT-nin üzvü olan dövlətlərə bu Beynəlxalq Günü qeyd etməyi təklif etmişdir.

Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Ölkəmizdəki tolerantlıq mühiti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Azərbaycanın müasir mənzərəsinə baxsaq görərik ki, ölkəmiz yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanları var və ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığının göstəricisidir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün hamı, dini mənsubiyyətindən asılı olmayaraq tam bərabər hüquqa malikdir.

MULTİKULTURALİZM VƏ TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN MÖVCUDLUĞU DƏLİLLƏRDƏ

Əlbəttə ki, onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka, Nic və başqa kənd və qəsəbələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu görürlər. Ölkəmizin elə bir məkanı yoxdur ki, orada bu mühit ilə qarşılaşmayasan. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. İnkar olunmaz faktdır bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlığa, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Fərqli dinin, fərqli etnosun yaşadığı həmin məkanlarda Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyil.

Şuşada keçirilmiş "Xarıbülbül" festivalında Azərbaycanda yaşayan xalqların musiqi kollektvlərinin iştirakı dövlətimizdəki mühitin göstəricisidir. Bu gün bütün dinlərdən olan xalqların ölkəmizdə firavanlığını təminə olunmasına, onların bütün imkanlardan istifadəsinə geniş imkanlar açılır.

"AZƏRBAYCANDA YAŞAYAN BÜTÜN XALQLARIN NÜMAYƏNDƏLƏRİNİN HAMISI BİR NƏFƏR KİMİ ÖLÜMƏ GETMƏYƏ HAZIR İDİ, ÖLÜMƏ GEDİRDİ"

44 günlük Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bir yumruq olaraq birləşdi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar".

Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Təbii ki. müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya salıblar. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Bakıda - 28 May küçəsində yerləşən alman kilsəsi – Kirxa da onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar.

"ONLAR MƏSCİDLƏRİMİZDƏ DONUZ VƏ İNƏK SAXLAYIRDILAR"

Belə bir ənənəyə sahib olan Azərbaycan təəssüf ki, erməni vandallarının təcavüzünə məruz qalıb. Mənbələrdə göstərilir ki, təkcə XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən silmişdilər. Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa etmişdir. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib", - deyərək bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub.

Cənab Prezident onu da bildirib ki, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur: "Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər".

Zidiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadiq qalaraq milli mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə, dostluğa dəvət edir. Çağırışları ilə bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünki həqiqətlərini bəyan edir.

TOLERANTLIĞININ BARİZ GÖSTƏRİCİSİ – BAKIDA ERMƏNİ KİLSƏSİ

Ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi də tanınır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan tərəfindən işğal dövründə saysız-hesabsız abidələrimiz dağıdılmışdır. Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi, Fuzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim türbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələr işğal dövründə erməni vandallığına məruz qalmışdı. Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Amma Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.

Qubadlı rayonunun Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur. Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.

Azərbaycan öz ənənəsinə sadiq olan dövlətdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürü idi. Dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər