Ölkənin həyatında müstəsna rol oynayan, gələcəkdə də bu tarixi missiyanı şərəflə davam etdirməyə qadir olan, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərini təmin edilməsində mühüm rol oynayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın - Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünki dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21 - də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Yaranma tarixinə nəzər salsaq, görərik ki, YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda yaradıldı. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos və anarxiya hökm sürürdü. Həmin ağır dönəmlərdə ölkənin taleyinə biganə olmayan ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Ulu Öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, Ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyinin qorunub-saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunur. Xalq nicat yolunu, yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Müstəqilliyimizin qorunub saxlanılması və inkişaf etdirilməsini öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Ona görə də, 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi aksiya idi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Qarşıda ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünki əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı.
MÜTƏRƏQQİ SİYASƏT VƏ QƏTİYYƏTLİ ADDIM
Dahi Şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərində xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində, çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
"BİZİM ƏSAS DƏYƏRİMİZ, ƏN BÖYÜK NEMƏTİMİZ MÜSTƏQİLLİYİMİZDİR"
Dahi Liderin düşünülmüş və müdrik siyasəti nəticəsində, qısa zamanda, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. YAP Aərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Müstəqilliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictimai-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı.
Sözsüz ki, partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Bu gün artıq YAP-ın yaranma tarixindən 32 il ötür. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz Onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. O ağır vəziyyətdə, məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - Onun dəmir iradəsi, xalqın Ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır.Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik".
"BİZ ƏN MÜASİR TƏCRÜBƏNİ AZƏRBAYCANDA BÜTÜN SAHƏLƏRDƏ TƏTBİQ ETMƏLİYİK"
Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mühüm istiqamətlərindən biri ölkədə keçirilən seçkilərdə yaxından və fəal şəkildə iştirak etməkdir. Ötən illər ərzində Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası böyük uğurlar əldə etmişdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası məqsədyönlü fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilmiş, seçkilərdə əldə etdiyi qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirmişdir. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olmuşdur.
Partiyanın VII Qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın tarixində yaddaqalan məqamlarla həkk olundu. Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi və həmin dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atmışdı. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. YAP-ın VII Qurultayı həm ölkəmiz, həm də partiya üçün əlamətdar və mühüm ictimai-siyasi hadisəyə çevrildi. VII Qurultayda partiyanın yeni hüquqi-normativ sənədləri qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyev Qurultayda çıxışı zamanı bildirdiyi kimi, "Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın". Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu. Xüsusilə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkandır və bu partiyanın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyət daşıyır.
BÖLGƏDƏ YENİ ƏMƏKDAŞLIQ İMKANLARI YARANMIŞDIR
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 21 ildə görülən işlər bunu deməyə əsas verir. Möhtərəm Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Azərbaycanın gücü 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edilməsi ilə nəticələndi. Müəzffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. "İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır" – deyən Cənab Prezident bildirib ki, bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır: "Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb."
Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır. Buna dövlətimizin gücü və potensialı var. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib. Ötən 21 il, aydın şəkildə göstərdi ki, Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində dövlət başçısı verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir.
Zümrüd BAYRAMOVA