Siyasət

  • 3 177

Dünyanın məhvinə çalışan ÜÇLÜK – TƏHLİL

image

Qərb mətbuatı davamlı şəkildə Üçüncü Dünya Müharibəsindən yazır. Təhlükəli, riskli məsələlər barədə bir-birinin ardınca həyəcan təbili də çalınır. Hətta dünyanın məhvinə gətirib çıxara bilən məqamlar barədə də mütəmadi olaraq, iddialar, fərziyələr və proqnozlar da ortaya atılır. Maraqlıdır ki, dünyanı məhvə sürükləyə bilən həmin o müharibəni başlamağa çalışan, buna rəvac verən kimdir axı? Görünən odur ki, elə buna, məhz həmin müharibəyə rəvac verənlər özləri daş atıb baş tuturlar və günahı da başqalarının üstünə atmağa çalışırlar. Çünki özləri məsuliyyətdən qorxurlar, axmaqcasına da bunu edəcəklərinə, yəni kimə isə böhtan ata biləcəklərinə inanırlar və hətta elə zənn edirlər ki, belə bir böhtanı atmaq üçün kifayət qədər təcrübəlidirlər. Məhz ona görə də bu həm qorxaqlıq, həm axmaqlıq, həm də təcrübəlilik kimi görünə bilər və baş verənlərin pərdəarxasında hələ çox məsələlər də gizlənir...

Yalnız üç "böyük" adam belə bir göstəriş verə bilər...

Dünyanın bir çox mətbuat səhifələrində açıq şəkildə qeyd olunur ki, bu dəfə dünya müharibəsinin başlamasına Bayden "icazə verib", yəni bu, məhz Ağ Evin əvvəlki "sahibi" tərəfindən qızışdırılıb. Məsələ burasındadır ki, düzdür, indi Bayden artıq "nə isə" deyə bilmir. Bunu hər kəs çox yaxşı bilir. Onu da hər kəs yaxşı bilir ki, ABŞ Demokratları özləri belə Baydeni seçki kampaniyasından tamamilə kənarlaşdırıblar. Əslində, onun məhz Trampın inaqurasiyasına iki ay qalmışa qədər ortada olması və dincəlmək üçün öz "rançosuna" getməsi öncədən planlaşdırılıb. Düzdür, nüvə partlayışının episentrində dincəlmək çox ağlasığmaz bir "zövq" hesab oluna bilər və bununla razılaşmamağı başa düşmək də çətin deyil. Amma indi bunun heç bir əhəmiyyəti yoxdur və sual doğuran məqamlar tamamilə fərqlidir, çünki dünyanı düşündürən məsələlər daha narahat edici və daha aktualdır...

Maraqlıdır, görəsən, Ukraynanın müharibə ocağına çevrilməsi qərarını, həmin ölkədə bütün bu döyüşlərin olması əmrlərini kim verib? Axı bu məsələlər Konqresdə müzakirə olunmayıb. Heç Senatda da müzakirə olunması barədə məlumat yoxdur və kimsə də iddia ilə çıxış edə bilməz. Əslində, bununla bağlı sənədləri heç kim görməyib. Nə də Ağ Evin saytında bununla bağlı informasiya yayımlanmayıb, ancaq mediada müvafiq şəkildə rast gəlinib. Nəticədə belə məlum olur, daha doğrusu belə çıxır ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceykob Sallivan, ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin olmaqla, yalnız üç "böyük" adam belə bir göstəriş verə bilər...

Baş verənlər, müşahidə edilənlər paradokslardır

ABŞ qarşısında bir sual qoyula bilər ki, axı Ukraynaya niyə pul köçürürlər? Onlar Trampın hansısa "yanğını" söndürə bilməməsi üçün müharibə alovunu daha da qızışdırmaqmı niyyətindədirlər? Burada məqsəd nədən ibarətdir və istəkləri nədir? Əgər Respublikaçılar xərcləri azaltmağa çalışırlarsa, hakimiyyət başına gəldikləri andan ABŞ-ın Ukraynaya çox pul xərclədiyini dönə-dönə deyirlərsə, indi bu pul köçürülməsini necə başa düşək? Diqqətə çatdıraq ki, ABŞ Hesablama Palatası, hər il büdcədən yarım trilyon dollar vəsaitin, düz 500 milyard dolların rəsmi fırıldaqçıların cibinə axdığını, yəni, yoxa çıxdığını bildirib. Bütün bunların fonunda, üstəlik, Kiyevin 4,5 milyard məbləğində borclarını Co Bayden administrasiyasının silmək niyyəti də çox gülünc görünür. Çünki heç bir məntiqi ardıcıllıq yoxdur və nə istənildiyi, hansı niyyətin ortada olduğu sual altında qalır. Ən azında bütün bu sadalanan hallar təzad kimi görünür.

ABŞ tərəfindən atılan addımlar şəksiz-şübhəsiz paradokslar olaraq qəbul edilməkdədir. Yəni, baş verənlər, müşahidə edilənlər paradokslardır. Bütün dünya ictimaiyyəti nəyin necə olduğunu, hadisələrin hansı məcrada baş verdiyini, bundan sonra necə davam edəcəyini başa düşməyə çalışır. Görüntülər, ortada olan mənzərə isə fərqli təsəvvürlər yaradır. Belə görünür ki, Ağ Evin sahibi yanğını söndürmək niyyətini bəyan etdiyi bir məqamda yenə də münaqişəni qızışdırmaq istəyən, yaxud da Üçüncü Dünya Müharibəsi kimi bir ssenarini ortaya atan həm qorxaq, həm axmaq, həm də çoxbilmiş ola bilər. Çünki burada qorxu əlaməti də, axmaqlıq da, çoxbilmişlik də özünü göstərir və istənilən halda, hər üçünün bir arada olması dünyanın məhvinə rəvac verir.

Amerikanın belə itgilərlə üz-üzə qaldığı məqam eyni ilə bir filmi, Qaydayın məşhur "I Əməliyyatı" filmini xatırladır

Qərb mediası artıq 2025-ci ilin Kiyev "macərası" üçün son il olacağını açıq-aşkar şəkildə yazır. Xüsusən vurğulanır ki, növbəti ildə, gələn ildə danışıqlar gözlənilir və bu danışıqlar fonunda atəşkəs də olacaq. Yəni, artıq Qərb mediası müharibənin, Ukraydana savaşın dayandırılacağını aydın şəkildə proqnozlaşdırır və güman etmirik ki, bu proqnoz əsassızdır. Çox güman ki, hansısa bir əsasa söykənərək öncədən belə bir proqnoz verilir. "Müzakirələr 2025-ci ildə başlayacaq və bu baş verdikdə, döyüşlər qəfildən hətta atəşkəs həddinə qədər belə səngiyə bilər. Danışıqlar davam edərkən, ən azından dondurulmuş münaqişə yaranacağı gözlənilir. Bəli, bu məsələnin yarımçıq həllidir, amma indiki vəziyyətdən daha yaxşıdır", deyə "The Economist" nəşrində qeyd olunursa, deməli, artıq planlar "cızılıb", qarşıda gözləntilər var və heç də Ukrayna sona qədər "dəstək" görməyəcək. Bunu başda elə başbilənləri, ölkə rəhbərləri olmaqla, ukraynalılar özləri də başa düşürlər. Onu da başa düşürlər ki, dəstəyin dayandırılması ilə Ukrayna dərhal uduzmalı olacaq. Şəxsən Zelenski özü də Fox-a müsahibəsində etiraf edib ki, ABŞ ona silah verməyi dayandırsa, Ukrayna uduzacaq. Bu məqamda daha bir sual ortaya çıxır ki, bəs yaxşı, Tramp administrasiyası uduzmaqda olan Kiyev "avantürasına" davamlı şəkildə bu qədər pul xərcləndiyini necə "başa düşəcək" və necə "qəbul" edəcək? Maraqlıdır, şəxsən amerikalılar üçün indi mənasız görünən bütün bu vəsaitlərə görə kim məsuliyyət daşıyacaq? Bu qədər "mənasız" vəsait itgisi necə ört-basdır ediləcək və ümumiyyətlə buna nə ad qoyulacaq?

Amerikanın belə itgilərlə üz-üzə qaldığı məqam eyni ilə bir filmi, Qaydayın məşhur "I Əməliyyatı" filmini xatırladır. Həmin filmdə itgiləri, çatışmazlıqları ört-basdır etmək üçün anbarı qarət etməli olan üç nəfər oğrunun, qorxaq, axmaq və çoxbilmişin "işə" cəlb olunması səhnəsi necə də hazırki vəziyyətə eynən oxşayır. Bu məqamda "qorxaq" məhz Pentaqonun rəhbəri, bir dəfə də olsun müharibədə qalib gəlməyən Ostin, "çoxbilmiş" hələ Obamanın belə dövründə "öz yerində" olan Blinken, "axmaq" isə məhz Bayden kimi davranan, dünyanı müharibəyə sövq edən Sallivandır.

Digər xəbərlər