Siyasət

  • 922

Qərb Ermənistan üçün sülh qapısını bağlayır

image

Qərb Cənubi Qafqazda yeni çaxnaşma planını artıq işə salıb. Bu gün Gürcüstanda baş verənlər bu planın açıq hissəsidir. “Demokratiya ixracatçıları” Tbilisidəki xaosla yanaşı Ermənistan və Azərbaycan arasında da qanlı toqquşma üçün düyməni basmağa hazırlaşırlar. Belə görünür ki, yenə Nikol Paşinyan qan-qada izinə düşüb. 44 günlük müharibədə əzici məğlubiyyətdən dərs çıxarmayan bu siyasi marionet və siyasi şoumen, görünür Hindistandan, Fransadan, habelə yenicə Yunanıstandan aldığı silahlaların qoxusundan cəsarətlənib. Onu belə “cürətə” mindirən əsas məqam isə heç şübhəsiz ki, Yelisey Sarayından aldığı dəstək və təlimatlardır. Aydındır ki, bu gün N.Paşinyan Fransa prezidenti Emmanuel Makronun əlində alətə çevrilmiş fiqur kimi tanınır. Bu siyasi iradəsiz isə Ermənistanı uzun illərin acınacaqlı ələbaxan imicindən qurtarmaq, ölkəni ayağa qaldırmaq və regiondakı layihələrə qoşmaq əvəzinə, Qərbdən “yardım“ adı ilə ona göndərilən yüz milyonlarla dollarların təsiri ilə bölgədə qanlı macəra axtarışındadır.

Konstitusiya dəyişikliyinin 2027-ci ilə qədər uzadılması, erməni cəmiyyətində başqalarının torpaq və ərazi bütövlüyünə hörmət olunmasının zəruriliyi barədə ictimai rəyin formalaşdırılmaması, azacıq dara düşən kimi ənənəvi erməni streotipləri sayılan daşnak ideologiyasından çıxış etməsi- bütün bunlar N.Paşinyanı xarakterizə edən məqamlardır. Bu adam o dərəcədə iradəsizldir ki, kiçicik bir addımını belə öz siyasi ağaları ilə razılaşdırıb atır. Ağaları isə Brüsseldə, Parisdə, Berlində, Vaşinqtonda əyləşib Cənubi Qafqazı yenidən qan çəlləyinə çevirmək üçün planlar qururlar. Tbilisidəki son proseslər açıqca Qərbin “incə əl işi”dir. Xaos və “demokratiyanın” sintezi...
Əslində regionda güclənən Türkiyə-Azərbaycan faktoru Qərbdəkiləri, xüsusilə Fransanı açıq və aqressiv siyasət aparmağa sövq edir. Amma Yelisey Sarayı bu məsələdə tək deyil, yaxud bu təxribatları özbaşına planlaşdırmır. “Bu gün Azərbaycan əleyhinə təxribat siyasətində onunla bir cəbhədə dayanan xeyli qüvvə mövcuddur. Təsəvvür edin ki, Avropa İttifaqı “Sülh Fondu”nun dəstəyi ilə Ermənistanı “özünümüdafiə məqsədi ilə silahlandırmaq” fikrini açıq-aydın bəyan edib və artıq neçə ildir ki, bu işin “texniki tərəfləri” üçün Ermənistanda Aİ-nin “mülki missiyası” fəaliyyət göstərir. Üstəgəl bir müddət əvvəl ABŞ tərəfindən rəsmi İrəvan üçün ayrılan on milyonlarla dollar “humanitar yardım” payı da elan edildiyi kimi humanitar məqsədlər üçün ayrılmayıb. Xüsusuilə Ermənistanı yeni hərbi təxribatlara sövq etmək üçün Aİ-nın belə canfəşanlığı işin daha dərin qaranlıq tərəflərinə də diqqət çəkir.
Dəhşətli vəziyyətə baxın, bütün günü “demokratiya”, “sülh” deyib bağıran Aİ, heç bir lüzum olmadığı halda, əlində Azərbaycanın Ermənistana hücum edəcəyinə dair bircə faktın mövcud olmadığı şəraitdə Ermənistanı silahlandırmaqla məşğuldur və bunu qanuniləşdirir də. Bu işdə Aİ və Fransanın yanında Tehrandan tutmuş Dehliyə qədər bir çox paytaxtlar da yer alırlar. Regionda sülhdən başqa nəyə desən maraqı olan istənilən qüvvə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin baş tutmaması üçün çalışırlar...
“Gürcüstanda baş verənlər Qərbin Cənubi Qafqazda törədəcəyi dağıdıcı təxribatlar üçün ilk siqnaldır”
Digər vacib bir məqama diqqət edək. Niyə E.Makron israrla Ermənistanın “xaç atası” olmağa cəhd edir? Əlbəttə anlaşılandır ki, şəxsən E.Makronun dünyanın əksər ölkələrindən, hətta illərdir müstəmləkə altında saxladığı koloniyalardan açıq nifrətlə və təhqirlərlə qovulmasından sonra rəsmi Parisin Ermənistana aşkar şəkildə qahmar çıxması, heç də məqsədsiz və ya təmənnasız deyil. E.Makronun yarıtmaz hakimiyyəti ilə sürətlə dünyada nüfuzdan düşən Fransa, açıq görünür ki, Cənubi Qafqazda, Rusiyanın “qulağının dibində” məskən salmaq istəyir. Fransanın erməni sevdasının arxasında ilk növbədə onun Cənubi Qafqaz regionuna gəlməsi istəyi dayanır. Fransa Cənubi Qafqaz regionundakı mövcudluğunu məhz Ermənistanın hesabına təmin edir ki, bu da rəsmi Paris üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük dividentlər gətirə bilər. Fransadakılar erməniyə dəstək verəndə ilk növbədə gələcək planlarını düşünürlər. Heç şübhəsiz ki, E.Makron və komandası bu amilə də xüsusi önəm verirlər. Çünki Fransa bu yolla iqtisadi müstəqillikdən məhrum olan Ermənistan üzərində siyasi baxımdan olduğu kimi, iqtisadi baxımdan da ağalığa nail olacaq, bu üstünlükdən öz maraqlarının təminində gen-bol istifadə edəcək.
Əsrlərdir ki, Rusiya faktorunun birmənalı şəkildə üstünlük təşkil etdiyi, heç bir Avropa dövlətinin müdaxilə edə bilmədiyi Cənubi Qafqaz bölgəsi, bu gün Ermənistanın “dabanyalayan” siyasəti nəticəsində Fransa üçün açıq hala gəlib. Fransa Ermənistanı himayə etməklə, onun bütün cinayətlərinə göz yummaqla, bütün bu cinayətlərə şərik olmaqdadır. Mən düşünürəm ki, həm Fransa, həm ABŞ, həm də Aİ qarşıdakı müddətdə Cənubi Qafqazda daha dağıdıcı siyasət üçün aktiv fazaya keçəcəklər. Donald Trampın Ağ Evin sükanı arxasına keçməsi Qərbin planlarına təsir etməyəcək. Çünki burada da hər kəsin öz maraqları var və Avropa qitəsindəkilərin ABŞ-a hansısa güzəşti ağlabatan deyil.”

Mətləb Salahov

Digər xəbərlər