Dekabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir. Dahi şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına, xalqının rifahına və dövlətçiliyimizin möhkəmlənməsinə həsr etmişdir. Onun fəaliyyəti həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan tarixində silinməz izlər buraxmışdır.
Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışaraq general-mayor rütbəsinə qədər yüksəlmiş, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Onun rəhbərliyi ilə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmiş, sosial-iqtisadi, mədəni və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Xüsusilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması onun uzaqgörən siyasətinin və xalqına olan sevgisinin təcəssümüdür. Bu liseyin yetirmələri daha sonra müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm rol oynamışdır.
Azərbaycanın müstəqillik illərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin və inkişafın təmin olunmasında həlledici rol oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər siyasi böhranı aradan qaldıraraq, ölkənin parçalanma və dövlət müstəqilliyini itirmə təhlükəsinin qarşısını aldı. Onun rəhbərliyi ilə güclü Milli Ordu yaradıldı, hərbi intizam bərpa olundu və Azərbaycanın müdafiə qabiliyyəti artırıldı.
Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirdi. “Əsrin müqaviləsi” adlanan neft sazişi ilə Azərbaycanın dünya enerji bazarına çıxışı təmin olundu və ölkəmizin iqtisadi inkişafında əsaslı dönüş baş verdi. Eyni zamanda, Ulu Öndərin xarici siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasını, ərazi bütövlüyünün müdafiəsini və beynəlxalq təşkilatlarda güclü mövqeyinin təmin edilməsini əsas prioritetlərdən biri kimi müəyyən etdi.
Ümummilli Lider, həmçinin Azərbaycan gəncliyinin milli ruhda, vətənpərvər bir şəkildə formalaşdırılmasına böyük diqqət yetirmişdir. Bu siyasət 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfərdə mühüm rol oynamışdır. Azərbaycan gəncləri, Ulu Öndərin əsasını qoyduğu milli birlik və azərbaycançılıq məfkurəsinin daşıyıcıları olaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıqla mübarizə aparmışdır.
Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamı olaraq, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın azad edilməsi Heydər Əliyevin xalqına qoyub getdiyi ən böyük vəsiyyətin gerçəkləşməsi idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə bu arzunun reallığa çevrilməsi Azərbaycan xalqının iradəsinin və gücünün göstəricisi oldu.
Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik ideyaları və dərin fəlsəfəsi xalqımızın yoluna daim işıq saçacaqdır. Azərbaycanın müasir dövrdə əldə etdiyi uğurlar, regionda lider mövqeyə yüksəlməsi və beynəlxalq arenada qazandığı nüfuz, Ulu Öndərin müdrik siyasətinin və cənab İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsinin nəticəsidir. Əminliklə demək olar ki, Heydər Əliyevin əsası qoyduğu müasir Azərbaycan dövlətçiliyi dünya siyasi arenasında layiq olduğu zirvəyə yüksəlib.
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri