PDF Oxu

Siyasət

  • 525

Qarabağın cənnətə çevrilməsi mühüm addımlardır ŞƏRH

image

7 yanvar 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin iqtisadi, social və beynəlxalq sahələrdə qazandığı uğurları əks etdirərək gələcək inkişafın aydın istiqamətlərini müəyyən etmişdir. Bu müsahibə Azərbaycan dövlətinin mövcud çağırışlarla necə uğurla mübarizə apardığını və strateji hədəflərə çatmaq üçün görülən işləri nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında 2024-cü ilin iqtisadi nəticələrini ətraflı təhlil edərək, qeyri-neft sektorunda əldə edilən 6%-dən çox artımı xüsusi vurğuladı. Ölkəmiz artıq uzun illərdir ki, neftdən asılılığın azaldılması, qeyri-neft sənayesinin inkişaf etdirilməsi və ixrac potensialının artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirir. Bu istiqamətdə həyata keçirilən siyasət, Azərbaycanın dayanıqlı və müasir iqtisadiyyat quruculuğunda mühüm mərhələni təşkil edir.

Maliyyə sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2%-ni təşkil edir ki, bu da ölkəmizi dünya miqyasında lider mövqelərdən birinə yerləşdirir. Eyni zamanda, valyuta ehtiyatlarımızın 72 milyard dollar çatması, ölkəmizin iqtisadi dayanıqlığının və daxili resurslara söykəndiyini bir daha təsdiq edir. Rekord səviyyəli dövlət büdcəsinin 48 milyard manatı keçməsi və bununla yanaşı social layihələrə ayrılan vəsaitlərin artması ölkənin iqtisadi inkişafının və social rifahın harmonic şəkildə təmin edildiyini göstərir.

Azərbaycan hökuməti social siyasəti hər zaman prioritet istiqamət kimi müəyyən etmişdir. Prezident İlham Əliyev çıxışında minimum əməkhaqqının 400 manata, minimum pensiyanın isə 320 manata çatdırılmasını diqqətə çatdırdı. Sosial müdafiə sahəsindəki bu artımlar, dövlətin aztəminatlı və həssas təbəqələrin rifahını artırmaq məqsədilə həyata keçirdiyi ardıcıl siyasətin davamıdır. Son illərdə icra edilən dörd böyük social paket çərçivəsində 7 milyard manatdan çox vəsait xərclənmişdir.

Bununla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr dövlətin həm sosial, həm də iqtisadi prioritetləri balanslaşdıraraq icra etdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu ərazilərdə həyata keçirilən infrastruktur layihələri, yeni sənaye parklarının yaradılması və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması Qarabağın cənnətə çevrilməsi istiqamətində mühüm addımlardır.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan da bəhs etdi. COP29 tədbirinin uğurlu təşkili, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artdığını sübut edir. Xüsusilə, Azərbaycanın enerji resurslarından səmərəli istifadə edərək Avropanın enerji təhlükəsizliyində əsas rol oynaması bu sahədə ölkəmizi etibarlı tərəfdaş kimi tanıtmışdır.

Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf prioritetlərini də diqqətə çatdırdı. Azərbaycanın yeni dünya nizamında oynadığı mühüm rolu, Cənubi Qafqazın lider ölkəsi kimi strateji mövqeyini və gələcək illərdə sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək üçün nəzərdə tutulan hədəfləri bir daha vurğuladı.

Azərbaycanın iqtisadi-siyasi gücü, social ədalətə əsaslanan siyasəti və beynəlxalq müstəvidə əldə etdiyi uğurlar ölkəmizi regionda və dünyada etibarlı tərəfdaş, lider dövlət kimi tanıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu uğurların daha da artacağı və Azərbaycanın qarşıdakı illərdə yeni zirvələrə yüksələcəyi şübhəsizdir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər