Azərbaycan dövlətinin əsas prioritetlərindən biri ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunmasıdır. 1993-cü ildə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Zəngilan rayonu işğal olundu və bununla da Azərbaycan - İran dövlət sərhədinin mühüm hissəsinə nəzarət müvəqqəti olaraq itirildi. Bu vəziyyət yalnız Azərbaycanın suverenliyinə deyil, həm də regionun təhlükəsizliyinə və iqtisadi əlaqələrinə ciddi zərbə vurdu.
Lakin Azərbaycan dövləti heç bir zaman bu vəziyyətlə barışmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi ilə 2020-ci ildə başlanan Vətən müharibəsi nəticəsində Zəngilan rayonu da daxil olmaqla torpaqlarımız işğaldan azad edildi. Bununla da Azərbaycan - İran sərhədi boyunca dövlət nəzarəti tam bərpa olundu, sərhədin bütövlüyü təmin edildi və tarixi ədalət yerini tapdı. Bu hadisə, yalnız hərbi baxımdan deyil, həm də siyasi və diplomatik müstəvidə müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi tarixə düşdü.
Zəngilanın azad olunması, Azərbaycanın İran ilə olan dövlət sərhəddinin tam bərpa olunması ilə yanaşı, ölkənin qarşısında yeni strateji hədəflər açdı. Uzun illərdir blokadada olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında quru əlaqənin olmaması milli təhlükəsizlik və regional inteqrasiya baxımından ciddi maneə idi. Məhz, bu səbəbdən, Prezident cənab İlham Əliyev işğal olunmuş torpaqlarımız azad edildikdən dərhal sonra ölkənin növbəti böyük hədəfi kimi Naxçıvanla quru yolun – yəni Zəngəzur dəhlizinin bərpasını müəyyənləşdirdi.
Zəngəzur dəhlizi sadəcə bir nəqliyyat layihəsi deyil, tarixi, siyasi və geosiyasi əhəmiyyətə malik bir strateji layihədir. Bu dəhliz vasitəsilə təkcə Azərbaycanın qərb və şərq hissələri birləşməyəcək, eyni zamanda Türk dünyası üçün bir vahid nəqliyyat sistemi formalaşacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyədən başlayaraq Azərbaycan, Xəzər dənizi, Türkmənistan, Qazaxıstan və daha sonra Orta Asiya ölkələri üzərindən Çinə qədər uzanan böyük yolu bərpa olunacaq.
Bu layihə Türk dövlətləri arasında iqtisadi, mədəni və mənəvi birliyin güclənməsinə, eyni zamanda enerji, logistika və ticarət sahəsində inteqrasiyanın dərinləşməsinə səbəb olacaq.
Zəngəzur dəhlizi həm də qlobal səviyyədə mühüm əhəmiyyət daşıyır. Bu yol Avropa ilə Asiya arasında yeni nəqliyyat və enerji xəttinin formalaşmasına, beynəlxalq ticarət marşrutlarının şaxələnməsinə və regionun geoiqtisadi əhəmiyyətinin artmasına xidmət edəcək. Azərbaycanın şərqlə qərbin kəsişməsində yerləşən unikal coğrafi mövqeyi, bu layihəni beynəlxalq daşımalar və enerji təhlükəsizliyi baxımından son dərəcə vacib edir.
Prezident İlham Əliyevin iradəsi, strateji baxışı və uzaqgörən siyasəti nəticəsində bu gün Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, həm də bütün regionun inkişafını təmin edəcək mühüm layihəyə çevrilib. Onun rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda dayanıqlı sülhün, əməkdaşlığın və iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevrilib.
Beləliklə, Azərbaycan-İran sərhədinin tam bərpa olunması, Zəngəzur dəhlizinin açılmasına şərait yaradan ən mühüm tarixi addım oldu. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməklə yanaşı, Türk dünyasının birliyini möhkəmləndirəcək, regionun iqtisadi inkişafına və qlobal ticarət əlaqələrinin yenidən formalaşmasına geniş imkanlar açacaq. Bu böyük nailiyyətlər, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və milli maraqları qoruyan qətiyyətli siyasi iradəsinin parlaq göstəricisidir.
Vüsal Eminbəyli,
AMEA Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı ərazi partiya təçkilatının sədri