44 günlük Vətən müharibəsi şəhidi Həsənov Tural Rauf oğlunun anım günü qeyd olunub.
Anım mərasimində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işçiləri, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və müharibə veteranları iştirak ediblər.
Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn Həsənov Tural Rauf oğlunun məzarlarını ziyarət edərək, onların əziz xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov və digər şəxslər çıxış edərək, Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz qanı ilə adını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər.
Çıxışlarda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət işğal altında olan torpaqlar azad olunub.
Bildirilib ki, ordu ilə bir olan xalq həmin dövrdə böyük iradə, əzmkarlıq və milli ruh nümayiş etdirərək tarixi ədalətin bərpasına nail olub.