Bu gün ölkəmizin enerji sektorunda mühüm əhəmiyyət daşıyan yeni bir hadisə baş verir. Enerji potensialımızın gücləndirilməsinə xidmət edəcək yeni stansiya artıq rəsmi olaraq fəaliyyətə başlayır. Bu mühüm layihə ölkənin iqtisadi inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və dayanıqlı gələcəyin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, enerji sektoru ölkənin milli təhlükəsizliyinin əsas dayaqlarından biridir. O vurğulayıb ki, son illər ərzində bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz öz enerji müstəqilliyini möhkəmləndirib və regionda etibarlı enerji tərəfdaşına çevrilib. Yeni stansiyanın istismara verilməsi bu strategiyanın uğurlu davamı kimi qiymətləndirilib. Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir.
Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.
Keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.
Enerji sektoru hər bir dövlətin strateji sahələrindən biridir. Bu baxımdan yeni stansiyanın istifadəyə verilməsi ölkəmizin enerji müstəqilliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Daxili enerji ehtiyatlarından daha səmərəli istifadə olunması xarici enerji mənbələrindən asılılığın azalmasına şərait yaradacaq. Bu isə uzunmüddətli perspektivdə iqtisadi sabitliyin təmin olunmasına xidmət edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: bu stansiya artan enerji tələbatının ödənilməsində mühüm rol oynayacaq və enerji istehsalında səmərəliliyin artırılmasına xidmət edəcək. Müasir texnologiyalar əsasında qurulan obyekt daha az enerji itkisi, daha yüksək istehsal gücü və ekoloji təhlükəsizlik prinsipləri ilə seçilir. Dövlət başçısı qeyd edib ki, ekoloji cəhətdən təmiz və səmərəli enerji istehsalı bu gün ölkənin əsas prioritetlərindəndir.
Çıxış zamanı cənab Prezident həmçinin vurğulayıb ki, bu cür iri infrastruktur layihələri regionların sosial-iqtisadi inkişafına güclü təkan verir. Yeni stansiyanın fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına, yerli mütəxəssislərin potensialının artırılmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradacaq.
Dövlət başçısı bildirib ki, daxili enerji resurslarından səmərəli istifadə ölkəni xarici təsirlərdən qoruyur və uzunmüddətli iqtisadi sabitliyi təmin edir. Bu layihə ölkəmizin enerji strategiyasının uğurla icra olunduğunu bir daha nümayiş etdirir.
Nəticə etibarilə, bu gün fəaliyyətə başlayan yeni enerji stansiyası ölkəmizin enerji sektorunda yeni mərhələnin başlanğıcıdır. Bu layihə güclü dövlət, dayanıqlı iqtisadiyyat və təhlükəsiz gələcək naminə atılmış mühüm addımdır.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının mühasibi