Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində öz yeri olan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır. Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Dövlət başçısı İlham Əliyevin 22 il əvvəl - 11 fevral 2004-cü il tarixdə imzaladığı Dövlət proqramının əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarət idi. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran sosial problemlərin həlli də proqramda dolğunluğu ilə əksini tapmışdır.
Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir.
UĞURLU SƏNAYELƏŞDİRMƏ SİYASƏTİ
Ölkəmizdəki yüksəlişi Sumqayıtın da timsalında aydın görmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışını edib. Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Respublikanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıqəaliyyətinin inkişafına töhfə verir.
Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.
“Azermirror” MMC -yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. “Azermirror” tərəfindən sənaye parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır.
Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb olunması, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıta səfəri zamanı Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib. 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən “Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Burada birinci mərhələdə karton və qutu istehsalının, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalının həyata keçirilməsi planlaşdırılır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Burada 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Qeyd edək ki, sənaye zonalarında sahibkarlığın inkişafını təşviq etmək məqsədilə rezidentlər üçün geniş güzəşt və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla – qaz, elektrik enerjisi, su, çirkab sularının axıdılması sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin fiber-optik internet xətləri ilə təmin edilir. Eyni zamanda, rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumlarından azad olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. Ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub. Burada quraşdırılacaq avadanlığın idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.
Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Uğurla həyata keçirilən inkişaf strategiyasının nəticəsi olaraq Sumqayıt tezliklə nəinki respublikamızın, Avropanın və dünyanın ən gözəl diyarlarından birinə çevriləcək.
Zümrüd BAYRAMOVA