PDF Oxu

Siyasət

  • 634

Xocalı soyqırımı heç zaman unudulmayacaq ŞƏRH

image

Ümummilli Lider Heydər Əliyev “Xocalı faciəsi Ermənistanın millətçi və qəddar qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş soyqırımıdır – misli görünməmiş vəhşilik nümunəsidir” fikri ilə bu dəhşətin mahiyyətini dolğun şəkildə ifadə etmişdir. Xocalıda baş verənlər heç vaxt adi hərbi qarşıdurma, əməliyyat və ya silahlı münaqişənin sıradan epizodu kimi təqdim oluna bilməz. 1992-ci ilin fevralında şəhərdə yaşanan hadisələr əvvəlcədən planlaşdırılmış, dəqiq şəkildə əlaqələndirilmiş və məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi qırğın idi və klassik soyqırımı modelinə tam uyğun gəlirdi. Ermənistanın silahlı dəstələri keçmiş SSRİ ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa hərbi yardımı ilə mülki əhalini hədəfə alaraq etnik təmizləmə siyasətinin ən qanlı mərhələsini həyata keçirdi.

Şəhərin mühasirəyə salınması, çıxış yollarının əvvəlcədən bağlanması, pusquların qurulması Xocalının hərbi deyil, mülki obyekt olduğunu açıq göstərirdi. Burada hədəf şəhər deyil, xalq idi; məqsəd torpaq deyil, azərbaycanlı kimliyinin fiziki şəkildə aradan qaldırılması idi. Bu davranış düşmən ordusunun deyil, soyqırımı icra edən qüvvələrin metodunu əks etdirirdi. Xocalıda törədilən cinayətlər emosional yanaşmalara deyil, danılmaz faktlara əsaslanır. Qətlə yetirilən 613 nəfərin əksəriyyətinin qadın, uşaq və ahıl olması, bütöv ailələrin məhv edilməsi, yüzlərlə uşağın valideynsiz qalması planlı niyyətin nəticəsi idi. Xüsusi amansızlıqla qətlə yetirmə üsulları – diri-diri yandırma, baş dərisinin soyulması, hamilə qadınlara qarşı zorakılıq, meyitlərin təhqiri – heç bir hərbi hüquq çərçivəsinə sığmırdı. Bunlar insanlığa qarşı törədilmiş cinayətlərin klassik nümunələri və soyqırımı məqsədinin açıq sübutu idi. Bu faktlar yalnız Azərbaycan mənbələrində deyil, beynəlxalq jurnalistlərin, xarici media qurumlarının və müstəqil müşahidəçilərin hesabatlarında da təsdiqini tapmışdır. Bu baxımdan Xocalı müzakirə predmeti deyil, sübut edilmiş cinayətdir. 1948-ci il BMT Konvensiyası soyqırımı anlayışını hüquqi cəhətdən dəqiq müəyyənləşdirir və Xocalıda baş verənlər həmin sənəddə göstərilən meyarlarla tam uyğunluq təşkil edir. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət uzun illər bu məsələdə siyasi susqunluq nümayiş etdirmiş, hüququ seçici şəkildə tətbiq etmişdir. Bu susqunluq cinayətin mahiyyətini azaltmır, əksinə, onu qlobal ədalətsizliyin və ikili standartların rəmzinə çevirir. Xocalı faktı beynəlxalq hüququn siyasi maraqlar naminə necə arxa plana atıldığını aydın göstərmişdir.

Xocalı faciəsinə dövlət səviyyəsində ilk prinsipial və hüquqi qiyməti verən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun qətiyyətli siyasi mövqeyi nəticəsində Xocalı hadisələri ilk dəfə rəsmi sənədlərdə “soyqırımı” kimi təsbit edildi. Bu addım yalnız tarixi həqiqətin bərpası deyil, eyni zamanda beynəlxalq hüquqi mübarizənin əsasının qoyulması idi.Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Azərbaycan dövlətinin yaddaş siyasətinin və milli mövqeyinin ayrılmaz tərkib hissəsinə çevrildi. Bu strategiya bu gün Cənab Prezident İlham Əliyev tərəfindən daha qəti, daha prinsipial və nəticəyönlü şəkildə davam etdirilir. “Xocalıya ədalət!” artıq təkcə mənəvi çağırış deyil, beynəlxalq ictimaiyyət qarşısında irəli sürülən konkret siyasi və hüquqi tələblər sistemidir. Bu tələblərə cinayətin tanınması, rəsmi üzr, maddi və mənəvi təzminat, eləcə də təqsirkarların cəzasızlıqdan uzaqlaşdırılması daxildir. Leyla Əliyevanın təşəbbüsü ilə başladılan kampaniya Xocalı həqiqətlərini beynəlxalq arenaya çıxararaq illərlə formalaşdırılmış erməni təbliğatının yanlış narrativini sarsıtmış və informasiya müstəvisində ciddi dönüş yaratmışdır.

2020-ci ildə baş vermiş Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri Azərbaycan dövlətinin tarixi iradəsini bir daha nümayiş etdirdi: ədalət gecikə bilər, lakin gec-tez bərpa olunur. Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Xocalı azad edildi və Azərbaycan Bayrağı şəhərdə dalğalandı. Bu hadisə illərlə kağız üzərində qalan beynəlxalq hüquq prinsipinin suveren dövlət tərəfindən real şəkildə həyata keçirilməsi oldu. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, “Xocalıya ədalət!” tələbi tam əsaslı idi və bu ədalət döyüş meydanında təmin edildi. Bu gün Xocalı təkcə faciə kimi deyil, hökmü çıxarılmış və icrası reallaşdırılmış cinayət kimi dəyərləndirilir. Azərbaycan dövləti bu hökmü əvvəl siyasi səviyyədə bəyan etdi, sonra hərbi müstəvidə gerçəkləşdirdi və indi onu qalib xalqın tarixi yaddaşına həkk edir. Xocalının səsi kəsilmədi, o unudulmadı. Çünki bu gün Xocalının arxasında qalib dövlət, qalib xalq və bərpa olunmuş tarixi ədalət dayanır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər