XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır və dəhşətli faciələrdən biri 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verdi. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş insanlıq cinayəti idi. Qarabağın strateji nöqtələrindən biri olan Xocalı həmin dövrdə mühasirədə idi və şəhərdə minlərlə dinc sakin yaşayırdı. Fevralın 25-dən 26-na keçən gecə şəhər ağır artilleriya atəşinə tutuldu, yaşayış evləri dağıdıldı, insanlar vahimə içində şəhəri tərk etməyə məcbur edildi. Qaçmağa çalışan mülki əhali isə pusquya salınaraq amansızcasına qətlə yetirildi.Rəsmi məlumatlara görə, Xocalıda 613 nəfər öldürüldü, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, yüzlərlə insan ağır yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Meyitlərin təhqir olunması, insanların diri-diri yandırılması, başlarının kəsilməsi və digər qeyri-insani rəftar faktları göstərirdi ki, burada məqsəd sadəcə bir yaşayış məntəqəsini ələ keçirmək deyil, azərbaycanlı əhalini etnik mənsubiyyətinə görə məhv etmək idi. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, xüsusilə müharibə zamanı mülki əhalinin qorunmasını nəzərdə tutan konvensiyaların kobud şəkildə pozulması idi.Faciədən sonrakı illərdə Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri bu hadisəyə siyasi-hüquqi qiymət verilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması oldu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə dövlət səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elan edildi. Ulu Öndər beynəlxalq təşkilatlarda, xarici ölkələrlə görüşlərdə və rəsmi çıxışlarında Xocalı həqiqətlərini daim gündəmdə saxlayırdı. Onun müəyyən etdiyi siyasi kurs nəticəsində Xocalı soyqırımının tanıdılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və informasiya mübarizəsi sistemli xarakter aldı.Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və daha da gücləndirildi. Onun rəhbərliyi dövründə Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olundu. Bir sıra ölkələrin parlamentləri və ABŞ-ın ştatları Xocalı faciəsini soyqırımı və ya kütləvi qırğın kimi tanıdı. Xarici ölkələrdə memorial abidələr ucaldıldı, konfranslar, sərgilər və anım mərasimləri təşkil olundu. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq və Azərbaycan xalqı tarixi ədaləti bərpa edəcək.2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi. Döyüş meydanında qazanılan parlaq qələbə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də illər boyu ürəklərdə qalan ağrının, o cümlədən Xocalı faciəsinin qisasının alınması idi. Şəhidlərimizin qanı yerdə qalmadı, xalqımızın ləyaqəti və milli qüruru bərpa olundu. Qarabağın azad edilməsi ilə Azərbaycan öz suveren hüquqlarını təmin etdi və regionda yeni reallıq yaratdı.Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Bu hadisə unudulmur və unudulmayacaq. Hər il 26 fevralda xalqımız şəhidlərin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir. Eyni zamanda, Vətən müharibəsində qazanılan qələbə göstərdi ki, Azərbaycan dövləti güclü siyasi iradəyə, qüdrətli orduya və sarsılmaz milli birliyə malikdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan həm Xocalı həqiqətlərini dünyaya çatdırdı, həm də tarixi ədaləti bərpa etdi. Bu, həm faciənin qurbanlarına ən böyük mənəvi ehtiram, həm də gələcək nəsillərə ötürülən qürur və mübarizlik nümunəsidir.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov