Rusiya-Ukrayna müharibəsi getdikcə daha da amansız xarakter alır. Tərəflər silahı yerə qoymaq və ən azı atəşkəs haqqında düşünmür. Bu isə yüzlərlə insan həyatlarının itirilməsi və şəhərlərin dağıdılması deməkdir. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, Rusiya 2026-cı ildə cəbhə zonasına əlavə 409.000 əsgər cəlb etməyi planlaşdırır. Onun sözlərinə görə, Rusiya hava şəraitinin yaxşılaşması ilə cəbhədə əməliyyatları gücləndirmək niyyətindədir: “2026-cı ildə Rusiya əlavə 409.000 əsgər cəlb etməyi planlaşdırır. Bu, bir şey deməkdir: düşmən niyyətindən əl çəkməyib və Ukraynaya qarşı daha da təcavüzə hazırlaşmağa davam edir”.
Sırski həmçinin müdafiə xətlərinin mühəndislik infrastrukturunun vəziyyəti ilə bağlı əməliyyat iclası keçirdiyini bildirib. O, istehkamların gücləndirilməsini, pilotsuz təyyarələrin müdafiəsinin inkişaf etdirilməsini və yaşayış məntəqələrinin müdafiəyə hazırlanmasını əsas prioritetlər kimi qeyd edib.
İclas zamanı hərbi komandirlərin, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin rəhbərliyinin və regional hərbi administrasiyaların rəhbərlərinin hesabatları dinlənilib. Baş Komandanın sözlərinə görə, konkret həll yolları və son tarixlər müəyyən edilmiş problemli məsələlər var. Sırski əlavə edib ki, müdafiənin davamlılığı və Ukrayna qoşunlarının həyatı bu tapşırıqların nə qədər səmərəli və tez yerinə yetirilməsindən asılıdır.
Qeyd edək ki, martın 18- və 19-da cəbhədə Ukrayna ilə Rusiya qoşunları arasında 235 döyüş toqquşması qeydə alınıb. Ən aktiv döyüşlər Rusiya tərəfindən 54 hücumun həyata keçirildiyi Pokrovski sektorunda baş verib.
İlham