Novruz bayramı Azərbaycan xalqının minilliklərdən süzülüb gələn ən qədim və zəngin mənəvi sərvətlərindən biridir. Bu bayram yalnız təbiətin oyanışını və yeni ilin başlanğıcını deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin və həmrəyliyin təntənəsini özündə əks etdirir. Novruz insanları birlik, xeyirxahlıq və yenilənmə ideyaları ətrafında birləşdirən ümumbəşəri məzmun daşıyır. Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki dövrün hakimiyyət orqanları buna rəsmi icazə vermir və insanları milli ənənələrə görə təqib edirdilər. Lakin bütün bunlara baxmayaraq, əsrlərdən qalmış adətlərə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı yaşadır və qeyd edirdi. Təbiətin və həyatın oyanışı məhz Novruzla başlayır. Azərbaycan xalqı yeni günün – Novruzun gəlişini ən azı dörd həftə əvvəldən təntənəli şəkildə qeyd etməyə başlayır. Belə ki, hər həftənin çərşənbə axşamı günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq inanclarına əsasən, birinci çərşənbədə su və su mənbələri təzələnir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü – Torpaq çərşənbəsində təbiət tamamilə oyanır ki, bu da baharın gəlməsindən xəbər verir. Müstəqil Azərbaycanda Novruzun dövlət bayramı kimi bərpası və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, minilliklərdən bəri yaşadılan Novruz bayramı geniş şəkildə qeyd olunmağa başlanmışdır. Bayram günlərinin qeyri-iş günü elan edilməsi, ümumxalq tədbirlərinin təşkili və qədim adət-ənənələrin dirçəldilməsi məhz bu uzaqgörən siyasətin nəticəsidir. Bu siyasi xətt müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Onun rəhbərliyi ilə Novruz bayramı təkcə paytaxt Bakı və digər şəhərlərdə deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xüsusi təntənə ilə qeyd olunur. Prezident İlham Əliyevin Novruz tonqalını azad edilmiş torpaqlarda alovlandırması dərin simvolik məna daşıyır. Bu addım torpaqların azadlığı ilə milli ruhun dirçəlişinin vəhdətini nümayiş etdirir və xalqın tarixi yaddaşına güclü təsir göstərir. İlham Əliyev tərəfindən Novruz bayramı ərəfəsində azad edilmiş ərazilərə mütəmadi səfərlərin həyata keçirilməsi bu bölgələrin dirçəlişinə verilən önəmin göstəricisidir. Bu səfərlər zamanı yeni infrastruktur layihələrinin açılışı, yaşayış komplekslərinin istifadəyə verilməsi və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin ardıcıllığını əks etdirir. Bu proses Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində sistemli şəkildə həyata keçirilir. Azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı və müasir yaşayış məntəqələrinin qurulması Novruz bayramı ərəfəsində daha rəmzi məna qazanır. Çünki Novruz yenilənmə bayramı kimi insanların doğma yurdlarına dönüşü ilə üst-üstə düşərək bu prosesi daha da mənalandırır. Novruzun beynəlxalq səviyyədə tanıdılmasında isə Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mühüm rol oynayır. Fondun təşəbbüsü ilə keçirilən tədbirlər Novruz ənənələrinin qlobal miqyasda təbliğinə xidmət edir. Məhz bu ardıcıl fəaliyyət nəticəsində Novruz bayramı 2010-cu ildə UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş, BMT tərəfindən isə 21 mart "Beynəlxalq Novruz Günü" elan olunmuşdur. Bu fakt bayramın artıq yalnız milli deyil, ümumbəşəri dəyər kimi qəbul olunduğunu təsdiqləyir. Novruz bayramı bu gün Azərbaycanda yalnız bir ənənə deyil, həm də dövlətçilik ideologiyasının, milli birliyin və sosial həmrəyliyin təcəssümüdür. Azad edilmiş torpaqlarda Novruz tonqallarının alovlandırılması və insanların doğma yurdlarına qayıdışı bu bayramın artıq yalnız keçmişin deyil, həm də gələcəyin və böyük dirçəlişin rəmzinə çevrildiyini bir daha sübut edir.
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri