28 aprel Azərbaycan elminin beynəlxalq miqyasda parlayan siması, Əməkdar elm xadimi, oftalmoloq-alim Zərifə xanım Əliyevanın doğum günüdür. İndi cismən aramızda olmasa da, taleyin Azərbaycan xalqına bəxş etdiyi bu gözəl insan qoyduğu əməlləri ilə milyonların ürəyində əbədi olaraq özünə yurd-yuva qura bilibdir. Odur ki, Zərifə xanım Əliyevanın yubileyi münasibətilə respublikamızın hər yerində tədbirlər keçirilir.
Astara rayon Heydər Əliyev Mərkəzinin və YAP Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunan “İnsanların gözünə nur bəxş edən qadın” mövzusunda tədbir də Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar idi.
YAP Astara rayon təşkilatının əməkdaşların, Astara şəhər M. Ə. Sabir adına 1 saylı, F. Əliyarov adına 6 saylı tam orta, Ərçivan qəsəbə ümumtəhsil məktəblərinin müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək deyib:- Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayesində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır.
Sonra digər iştirakçıların da mövzu ilə bağlı çıxışları olub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü