Azərbaycan öz gücü və iradəsi ilə beynəlxalq hüququn otuz il kağız üzərində qalmış tələblərini icra edərək, ədaləti bərpa etmişdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, özlərini demokratiya və insan hüquqlarının "beşiyi" və keşikçisi adlandıran Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu tarixi fürsəti dəyərləndirmək əvəzinə, köhnə stereotiplərin və qərəzli yanaşmaların əsirinə çevrilmişlər.Bu qurumların fəaliyyətində müşahidə etdiyimiz "ikili standartlar" artıq sadə bir diplomatik kəsir deyil, sistemli bir qərəzin təzahürüdür. Biz sual edirik:
Birincisi, otuz il ərzində Azərbaycanın şəhər və kəndləri yer üzündən silinəndə, mədəni və dini irsimiz təhqir olunanda bu təşkilatlar harada idi? Niyə bir dəfə də olsun təcavüzkar dövlətə qarşı sanksiya mexanizmi işə salınmadı?İkincisi, bu gün Ukraynanın ərazi bütövlüyünü beynəlxalq hüququn sarsılmaz prinsipi kimi müdafiə edənlər, eyni prinsipi Azərbaycan üçün niyə "müzakirə mövzusu"na çevirməyə çalışırlar? Beynəlxalq hüquq vahid deyilmi, yoxsa o, yalnız müəyyən siyasi maraqlara xidmət edəndə xatırlanmalıdır?
Avropa Parlamentinin qəbul etdiyi son qətnamələr obyektiv reallıqdan tamamilə qopmuş və populistik lobbi qruplarının diktəsi ilə hazırlanmış kağız parçalarından başqa bir şey deyil. Bu sənədlər regionda sülhü təşviq etmək əvəzinə, Ermənistandakı revanşist qüvvələrə yanlış siqnallar ötürür, onları destruktiv fəaliyyətə həvəsləndirir. Bu, sülh quruculuğu deyil, sülhə mane olmaq, regionu yenidən qeyri-müəyyənliyə sürükləmək cəhdidir.Xüsusilə vurğulamaq istərdim ki, humanitar məsələlərin siyasi təzyiq alətinə çevrilməsi qəbuledilməzdir. Azərbaycanın mina terroru ilə üz-üzə qaldığı, minlərlə vətəndaşımızın taleyindən hələ də xəbər olmadığı bir şəraitdə, bu qurumların diqqəti yalnız subyektiv və siyasiləşmiş iddialara yönəltməsi onların qeyri-səmimiliyini bir daha sübut edir.
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri