Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı nitqi müasir şəhərlərin inkişafının artıq tikinti və abadlıq anlayışı ilə məhdudlaşmadığını açıq şəkildə ortaya qoydu. Çıxışda şəhər mühitinin insanların həyat keyfiyyətinə, ətraf mühitin qorunmasına və uzunmüddətli inkişaf strategiyalarına birbaşa təsir göstərdiyi xüsusi vurğulandı. Dövlət başçısının səsləndirdiyi yanaşmalar Azərbaycanın beynəlxalq urbanizasiya gündəliyində mühüm mövqeyə sahib olduğunu və innovativ şəhər modellərinin formalaşdırılması istiqamətində fəal rol oynadığını nümayiş etdirdi. Çıxış zamanı Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, sürətli urbanizasiya dünyanın bir çox ölkələrində yeni çağırışlar formalaşdırır. Əhali artımı, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, nəqliyyat sıxlığı və ekoloji problemlər şəhərlərin idarə edilməsində daha çevik və innovativ yanaşmalar tələb edir. Bu baxımdan, şəhərlər iqtisadi mərkəz kimi, həmdə insanların təhlükəsiz, rahat və keyfiyyətli həyat sürdüyü məkanlar kimi formalaşdırılmalıdır. Prezidentin çıxışında insan amilinin ön plana çəkilməsi Azərbaycanın həyata keçirdiyi inkişaf modelinin əsas fəlsəfəsini də açıq şəkildə ortaya qoydu. Forum çərçivəsində Azərbaycanın son illərdə şəhərsalma və infrastruktur sahəsində həyata keçirdiyi layihələrə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq, nəqliyyat və sosial infrastruktur layihələri şəhərlərin müasir standartlara uyğun inkişafına mühüm töhfə verir. Xüsusilə Bakı şəhərində son illər ərzində aparılan yenidənqurma işləri, yeni parkların, bulvarların, yaşayış komplekslərinin və nəqliyyat qovşaqlarının yaradılması paytaxtın simasını tamamilə dəyişdirib. Bu dəyişikliklər estetik görünüşlə yanaşı, eyni zamanda insanların gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Prezidentin çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa prosesi forum iştirakçılarının diqqətinə xüsusi olaraq çatdırıldı. Qeyd olundu ki, həmin ərazilərdə şəhər və kəndlərin yenidən qurulması müasir urbanizasiya prinsiplərinə əsaslanır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji texnologiyalarından istifadə, rəqəmsal idarəetmə sistemlərinin qurulması və ekoloji balansın qorunması Azərbaycanın gələcəyə hesablanmış strateji baxışının tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ölkə üçün, bütövlükdə region üçün yeni inkişaf modeli kimi qiymətləndirilir. Çıxışda dayanıqlı inkişaf anlayışına geniş yer verilməsi də diqqət çəkən məqamlardan biri oldu. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadi inkişaf ətraf mühitin qorunması ilə paralel şəkildə həyata keçirilməlidir. Bu səbəbdən Azərbaycan alternativ enerji mənbələrinin inkişafına, yaşıl texnologiyaların tətbiqinə və ekoloji layihələrin genişləndirilməsinə xüsusi önəm verir. Şəhər mühitinin daha yaşana bilən hala gətirilməsi üçün yaşıllıqların genişləndirilməsi, ictimai nəqliyyat sistemlərinin yenilənməsi və enerji istifadəsində səmərəliliyin artırılması kimi istiqamətlər müasir urban inkişaf strategiyalarının əsasını təşkil edir. Bu yanaşma şəhərlərin ekoloji tarazlığının qorunması və əhali üçün daha rahat yaşam şəraitinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Forumda ifadə olunan mövqelər Azərbaycanın beynəlxalq tərəfdaşlığa verdiyi önəmi aydın şəkildə ortaya qoydu. Qlobal miqyasda mövcud olan çağırışların həllində birgə fəaliyyətin və təcrübə paylaşımının vacibliyi vurğulandı. Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə əməkdaşlıq əlaqələrinin gücləndiyini göstərir. Tədbir müxtəlif sahələr üzrə mütəxəssisləri bir araya gətirərək gələcək şəhər modelləri barədə ümumi yanaşmanın formalaşmasına şərait yaratdı. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisi kimi qiymətləndirilir. Son illərdə ölkəmizin böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanın etibarlı tərəfdaş və təhlükəsiz məkan kimi qəbul olunduğunu göstərir. Bakı artıq həm regionun həm də dünyanın mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərindən birinə çevrilməkdədir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də bunun bariz nümunələrindən biridir. Sonda dövlət başçısının çıxışı bir daha göstərdi ki, müasir şəhərsalma siyasəti insanın rifahını, ekoloji təhlükəsizliyi və texnoloji inkişafı vahid konsepsiya daxilində birləşdirməlidir. Azərbaycan isə həyata keçirdiyi layihələr, beynəlxalq təşəbbüslər və strateji yanaşması ilə bu istiqamətdə nümunəvi ölkələrdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin forumdakı nitqi gələcəyin şəhərlərinin daha dayanıqlı, innovativ və insan yönümlü şəkildə qurulmasının vacibliyinə dair mühüm mesajlarla yadda qaldı.
Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı