PDF Oxu

Siyasət

  • 695

Cümhuriyyətdən Zəfərə ucalan qüdrətli ordumuz

image

1918-ci il iyunun 26-da Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun əsası qoyuldu. Həmin tarixi şəraitdə, daxili və xarici təhdidlərin tüğyan etdiyi bir dövrdə müstəqilliyi qorumaq üçün atılan bu addım milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən birinə çevrildi. Cümhuriyyətin qurucuları böyük vətənpərvərlik nümayiş etdirərək çətin şərtlər daxilində milli ordunun təməlini atdılar. Lakin zaman fırlandı, dövrlər dəyişdi və müstəqilliyini bərpa edən müasir Azərbaycan dövləti öz hərbi qüdrətini elə bir zirvəyə ucaltdı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hərbi reytinqlərdə dünyanın ən güclü 50 ordusu sırasında fəxrlə yer almaqdadır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək seviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”. Bu dərin mənalı fikirlər, əslində, bir əsrdən çox davam edən böyük bir inkişaf və şərəf yolunun ən obyektiv yekunudur.
Cümhuriyyət dövründən başlayan ordu quruculuğu ənənələri Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə sistemli və peşəkar müstəviyə keçmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında isə özünün qızıl dövrünə qədəm qoymuşdur. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, ordunun ən müasir silah-sursat, pilotsuz uçuş aparatları, zirehli texnikalar və hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi Azərbaycanı bölgənin ən qüdrətli hərbi gücünə çevirmişdir. Maddi-təchizatın yüksək səviyyədə olması hərbi gücün sadəcə bir tərəfidirsə, digər və ən mühüm tərəfi sarsılmaz döyüş ruhu və yüksək taktiki hazırlıqdır.
Azərbaycan əsgəri və zabiti özünün yüksək döyüş qabiliyyətini, vətən sevgisini və peşəkarlığını xəyal pərdəsində deyil, birbaşa real döyüş meydanında bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində yazılan şanlı Zəfər salnaməsi Azərbaycan Ordusunun sarsılmaz gücünün praktik sübutu oldu. Keçilməz hesab olunan istehkamları darmadağın edən, Şuşanı dünya hərb tarixinə düşəcək unikal taktika ilə azad edən rəşadətli ordumuz xalqımıza otuz illik yurd həsrətindən sonra böyük Qələbə fəxarətini yaşatdı. Bu gün işğaldan azad edilmiş doğma Qarabağda və Şərqi Zəngəzurda ucaldılan və əzəmətlə dalğalanan üçrəngli bayrağımız məhz bu rəşadətin, Ali Baş Komandanın qətiyyətinin və dəmir yumruğun gücünün rəmzidir.
26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün sadəcə təqvim bayramı deyil, milli qürur, sarsılmaz birlik və ləyaqət günüdür. Biz bu əlamətdar gündə Cümhuriyyət dövründən bu günə qədər ordumuzun formalaşmasında xidməti olan hər bir tarixi şəxsiyyəti ehtiramla xatırlayır, Vətənin suverenliyi uğrunda canından keçən müqəddəs şəhidlərimizin xatirəsi qarşısında baş əyirik. 100 ildən çox əvvəl bir ümidlə əsası qoyulan Azərbaycan Ordusu bu gün dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və parlaq gələcəyinin ən etibarlı qarantıdır.

Eşq olsun tariximizi qızıl hərflərlə yenidən yazan müzəffər ordumuza!
Silahlı Qüvvələr Günümüz mübarək!

Elmir Əliyev

YAP Masallı rayon təşkilatı Ərkivan ərazi partiya təşkilatının sədr müavini,
Vətən müharibəsi iştirakçısı, Füzuli və Xocavəndin azad olunması, Cəsur döyüşçü və Vətən müharibəsi iştirakçısı medallı

Digər xəbərlər