Müasir dünyada dövlətlərin qüdrəti yalnız iqtisadi göstəricilərlə deyil, həm də onların təhlükəsizlik imkanları, müdafiə potensialı və milli maraqlarını qorumaq qabiliyyəti ilə ölçülür. Güclü ordu olmadan güclü dövlət qurmaq mümkün deyil. Bu baxımdan son iyirmi ildən artıq dövrdə Azərbaycanın keçdiyi inkişaf yolu, əldə etdiyi tarixi nailiyyətlər və qazandığı möhtəşəm Zəfər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli liderliyinin nəticəsi kimi qiymətləndirilir.
2003-cü ildə Prezident seçildikdən sonra İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirdi. Qarşıya qoyulan əsas hədəflərdən biri Azərbaycan Ordusunun daha da gücləndirilməsi, müasir çağırışlara uyğun inkişaf etdirilməsi və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi idi. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu.
Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, “Güclü dövlətin güclü ordusu olmalıdır”. Məhz bu prinsip dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Müdafiə xərclərinin ildən-ilə artırılması, ordunun ən müasir silah və texnikalarla təchiz olunması, hərbi infrastrukturun yenilənməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələri sırasına yüksəldi.
Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər yalnız maddi-texniki təminatla məhdudlaşmadı. Döyüş hazırlığının artırılması, müasir idarəetmə sisteminin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və müntəzəm hərbi təlimlərin keçirilməsi ordunun peşəkarlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltdi. Azərbaycan hərbçiləri müxtəlif beynəlxalq missiyalarda iştirak etməklə zəngin təcrübə qazandılar, Silahlı Qüvvələrimiz isə dünyanın qabaqcıl orduları ilə əməkdaşlıq imkanlarını genişləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi gücü ilə hərbi qüdrəti arasında möhkəm əlaqə yaradıldı. Ölkənin artan maliyyə imkanları müdafiə sahəsinə yönəldildi, yeni hərbi hissələr, təlim mərkəzləri və hərbi şəhərciklər inşa olundu. Bununla yanaşı, müdafiə sənayesinin inkişaf etdirilməsi ordunun təminat imkanlarını daha da genişləndirdi.
Azərbaycan Ordusunun gücü ilk növbədə döyüş meydanında öz təsdiqini tapdı. 2016-cı ilin Aprel döyüşləri illərlə formalaşdırılan hərbi potensialın real nəticələrini nümayiş etdirdi. Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılmış mif darmadağın edildi, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və döyüş qabiliyyəti bütün dünyaya nümayiş etdirildi. Aprel döyüşləri sonrakı tarixi Zəfərin xəbərçisi oldu.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi isə Prezident İlham Əliyevin dövlət və ordu quruculuğu siyasətinin ən möhtəşəm nəticəsi kimi tarixə düşdü. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu düşmənin illərlə qurduğu müdafiə istehkamlarını qısa müddətdə yararaq işğal altındakı torpaqlarımızı azad etdi. Dünya hərb tarixində yeni səhifə açan bu Zəfər Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün vəhdətinin təcəssümünə çevrildi.
Prezident İlham Əliyev 26 iyun 2021-ci il tarixində hərbçilərlə görüşündə qeyd etmişdir: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu”.
Bu fikirlər Prezident İlham Əliyevin illər boyu nümayiş etdirdiyi prinsipial mövqeyin və siyasi iradənin parlaq ifadəsidir. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək tarixi ədalətin bərpasına nail oldu. Qazanılan Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi, dövlətimizin beynəlxalq nüfuzu daha da artdı və regionda yeni reallıqlar formalaşdı.
Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında yer alır. Müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, peşəkar və vətənpərvər şəxsi heyətdən ibarət olan Silahlı Qüvvələrimiz ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan yalnız qalib dövlətə deyil, həm də qalib Orduya sahib ölkəyə çevrilmişdir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan güclü dövlət, müzəffər xalq və yenilməz Ordu birliyi Azərbaycanın gələcək uğurlarının da əsas təminatıdır.
Elşən Ağalarov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
1 saylı Mayak kənd tam orta məktəbin direktoru