Prezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətində və ictimai diplomatiyasında mühüm hadisə kimi yadda qaldı. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum təkcə media nümayəndələrinin peşəkar müzakirə platforması deyil, həm də Azərbaycanın regionda yaranmış yeni reallıqları beynəlxalq auditoriyaya çatdırdığı strateji tribunaya çevrildi. Forumda 53 ölkədən 160-a yaxın nümayəndənin, onlarla xəbər agentliyinin və beynəlxalq media təşkilatlarının iştirakı bu tədbirin artıq qlobal miqyas qazandığını nümayiş etdirdi.
Bu gün dünyamız həqiqətən də çox çətin zamanlar, transformasiya dövrünü yaşayır. Davam edən müharibələr, böyüməkdə olan münaqişə ocaqları, dünya dövlətlərinin bir-biri ilə anlaşa bilməməsi kimi məsələlər kritik həddə çatıb. Bu da, öz növbəsində, beynəlxalq medianın bir sıra suallarının formalaşmasına gətirib çıxarır. Təbii ki, gündəmdə duran ən əsas məsələ medianın sülhün təşviqində cəmiyyətə düzgün məlumatın çatdırılmasıdır.
Təəssüflər olsun ki, bu gün biz real həyatımızda dezinformasiya və qarayaxma kampaniyası kimi mənfi halların sıx-sıx şahidi oluruq. Lakin, bu kimi halların qarşısının alınması hər bir cəmiyyətin və ölkənin davamlı inkişafının təmin olunması üçün çox vacibdir.
Prezident İlham Əliyev üç saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq, jurnalistlərin bütün suallarına mükəmməl, səlis və səmimi cavab verdi, Azərbaycanın qarşısında duran çağırışların yerinə yetirildiyini bir daha Qlobal Media Forumu vasitəsi ilə bütün dünyaya çatdırdı.
Forumda müzakirə olunan məsələlərdən biri də, AŞPA ilə Azərbaycan arasında yaranmış münasibət oldu. Dövlət başçısı çıxışında da vurğuladığı kimi, Azərbaycanın artan geosiyasi əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol, eləcə də ölkəmizin etibarlı tərəfdaş kimi formalaşdırdığı nüfuz Avropa İttifaqı, xüsusilə Avropa Komissiyası ilə münasibətlərin yeni mərhələyə qədəm qoymasına əlverişli zəmin yaradır. Bu amillər Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərinin intensivləşməsini, siyasi dialoqun genişlənməsini və qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir.
Belə ki, Azərbaycan indiyədək Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirib, həyata keçirilən layihələrin icrasında yüksək etibarlılıq və peşəkarlıq nümayiş etdirib. Xüsusilə enerji, nəqliyyat, yaşıl enerji və regional bağlantılar sahəsində əldə olunan nəticələr ölkəmizin Avropa üçün strateji tərəfdaş statusunu daha da möhkəmləndirib. Təsadüfi deyil ki, 2022-ci ildən, yəni son dörd ilə yaxın müddətdə ölkəmiz Avropa İttifaqına qaz tədarükünü 65 faiz artırıb.
Bununla yanaşı, Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyası ilə də münasibətlərə toxunaraq bildirdi ki, son illərdə bu platformada əməkdaşlığın dayanıqlılıq, qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişafına mane olan yanaşmalar müşahidə olunub. Xüsusilə ikili standartların tətbiqi, qərəzli siyasi mövqelər, ayrı-seçkilik xarakterli qərarlar AŞPA ilə münasibətlərə mənfi təsir göstərib və təşkilatın obyektivliyinə dair ciddi suallar yaradıb.
Ölkə başçısının vurğuladığı kimi, “Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir.”
Bununla belə, Azərbaycan hər zaman konstruktiv dialoqun tərəfdarı olub, beynəlxalq təşkilatlarla əməkdaşlığını qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında qurmağa üstünlük verib. Əlbəttə, gələcəkdə AŞPA ilə münasibətlərin yeni formatda, qarşılıqlı etimad, bərabərlik, tam bərpa etdiyimiz suverenliyimizə hörmət və siyasi qərəzdən uzaq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi həm təşkilatın nüfuzunun artmasına, həm də Avropa məkanında sağlam dialoqun formalaşmasına xidmət edəcəkdir.
Nəticə etibarı ilə IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Şuşa Forumu rəsmi Bakının regional sülhün və əməkdaşlığın şərtlərini diktə edən aparıcı qüvvə olduğunu beynəlxalq siyasi müstəvidə bir daha bəyan etdi.
Dövlətimizin başçısının forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərdi. Şuşadan dünyaya ünvanlanan mühüm siyasi mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanına çatdırılmasına, eyni zamanda beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.
Rövşən Qurbanov,
YAP Goranboy rayon təşkilatının əməkdaşı