PDF Oxu

Siyasət

  • 787

Milli mətbuat – Azərbaycan xalqının azadlıq salnaməsi - ŞƏRH

image

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, azadlıq ideallarının və dövlətçilik düşüncəsinin formalaşmasında milli mətbuatın rolu əvəzsizdir. Xalqın maariflənməsi, milli özünüdərkin güclənməsi, azadlıq və istiqlal ideyalarının yayılması məhz milli mətbuatın inkişaf yolu ilə sıx bağlı olmuşdur. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu fikir milli mətbuatın tariximizdə tutduğu yeri ən dolğun şəkildə ifadə edir.

1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoydu. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” xalqın düşüncə tərzinin dəyişməsində, elmə və təhsilə marağın artmasında mühüm rol oynadı. Qəzet sadəcə xəbərlər verməklə kifayətlənmirdi. O, xalqı savadlanmağa, milli birlik nümayiş etdirməyə, vətəni sevməyə və gələcəyini düşünməyə çağırırdı. Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, cəmiyyətin inkişafı ilk növbədə maariflənmədən keçir. Məhz buna görə də “Əkinçi” xalqın milli oyanış məktəbinə çevrildi.

“Əkinçi”dən sonra “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Molla Nəsrəddin”, “Füyuzat”, “İrşad”, “Həyat”, “Açıq söz” kimi qəzet və jurnallar milli mətbuatımızın inkişafına yeni nəfəs gətirdi. Bu mətbuat orqanlarında Azərbaycanın görkəmli ziyalıları xalqın hüquqları, milli azadlıq, dil, mədəniyyət və təhsil məsələləri barədə dəyərli fikirlər irəli sürürdülər. Xüsusilə “Molla Nəsrəddin” jurnalı cəmiyyətin problemlərini satira yolu ilə işıqlandıraraq xalqın düşüncəsində yenilik yaratdı. Cəlil Məmmədquluzadə və onun silahdaşları milli şüurun formalaşmasına böyük töhfələr verdilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli mətbuatın inkişafında yeni mərhələ oldu. Bu dövrdə söz azadlığı üçün daha geniş imkanlar yarandı, müxtəlif qəzet və jurnallar fəaliyyət göstərdi. Milli dövlətçilik ideyalarının təbliği, müstəqilliyin qorunması və demokratik dəyərlərin təbliği mətbuatın əsas istiqamətlərindən birinə çevrildi. Lakin Cümhuriyyətin süqutundan sonra sovet hakimiyyəti illərində mətbuat ciddi senzura ilə üzləşdi. Buna baxmayaraq, Azərbaycan ziyalıları milli ruhu və milli kimliyi qorumaq üçün müxtəlif yollarla fəaliyyətlərini davam etdirdilər.

Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat qarşısında yeni vəzifələr meydana çıxdı. Müstəqil dövlət quruculuğu, milli maraqların qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi mətbuatın əsas missiyasına çevrildi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi və iqtisadi çətinliklər mətbuatın inkişafına da mənfi təsir göstərirdi.

Məhz belə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafına da xüsusi diqqət və qayğı göstərdi. Ulu Öndər mətbuatı dövlətçiliyin mühüm dayaqlarından biri hesab edir, azad sözün və obyektiv informasiya mühitinin cəmiyyətin inkişafı üçün vacib olduğunu dəfələrlə vurğulayırdı. Onun rəhbərliyi dövründə mətbuatın hüquqi bazası möhkəmləndirildi, jurnalistlərin fəaliyyətinə dövlət dəstəyi artırıldı, söz və fikir azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı.

Heydər Əliyevin milli mətbuat qarşısında ən böyük xidmətlərindən biri 1998-ci ildə Azərbaycanda senzuranın tamamilə ləğv edilməsi oldu. Bu qərar ölkəmizdə demokratik dəyərlərin inkişafı, söz və məlumat azadlığının genişlənməsi baxımından tarixi hadisə idi. Məhz həmin gündən etibarən Azərbaycan mətbuatı daha sərbəst fəaliyyət göstərmək imkanı qazandı. Bu addım beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi və Azərbaycanın demokratik inkişaf yolunda mühüm mərhələ kimi qəbul edildi.

Ulu Öndər Heydər Əliyev jurnalistləri cəmiyyətin vicdanı hesab edir, onların məsuliyyətini yüksək qiymətləndirirdi. O bildirirdi ki, mətbuat xalqın səsini çatdırmalı, milli maraqları müdafiə etməli, dövlətçiliyə xidmət etməlidir. Onun rəhbərliyi dövründə milli mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Bütün bunlar Azərbaycan jurnalistikasının peşəkarlığının yüksəlməsinə və beynəlxalq aləmdə nüfuzunun artmasına şərait yaratdı.

Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev informasiya siyasətini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media islahatlarının həyata keçirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi və milli informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan mediası artıq təkcə ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da milli maraqlarımızı qətiyyətlə müdafiə edən güclü vasitəyə çevrilmişdir.

Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan mediası böyük peşəkarlıq nümayiş etdirdi. Jurnalistlər cəbhədən operativ məlumatlar çatdıraraq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar. İnformasiya müharibəsində qazanılan uğurlar bir daha göstərdi ki, güclü dövlətin güclü mediası olmalıdır. Bu istiqamətdə formalaşdırılmış möhkəm təməl isə məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Milli mətbuatın bugünkü inkişafı onun keçdiyi şərəfli yolun məntiqi davamıdır. “Əkinçi” ilə başlanan maarifçilik missiyası bu gün də davam edir. Müasir media cəmiyyətin maariflənməsinə, vətəndaş mövqeyinin formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edir. Hər bir jurnalistin əsas vəzifəsi həqiqətə söykənən məlumat yaymaq, milli maraqları qorumaq və cəmiyyət qarşısında məsuliyyət hissini daim üstün tutmaqdır.

Azərbaycan milli mətbuatının keçdiyi yol xalqımızın azadlıq və müstəqillik tarixinin ayrılmaz hissəsidir. “Əkinçi”dən başlanan bu müqəddəs yol bu gün müasir Azərbaycan mediasının uğurları ilə davam edir. Ulu Öndər Heydər Əliyevin milli mətbuat haqqında söylədiyi dəyərli fikirlər bu gün də öz aktuallığını qoruyur və hər bir jurnalist üçün fəaliyyət prinsipi kimi böyük əhəmiyyət daşıyır. Milli mətbuatımız keçmişimizin aynası, bu günümüzün salnaməsi və gələcəyimizin etibarlı söz tribunasıdır. Onun inkişafı Azərbaycan dövlətinin güclənməsi, milli birliyin möhkəmlənməsi və müstəqilliyimizin əbədi olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Çinarə Məmmədova

YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri,

Naxçıvan şəhər 13 saylı tam orta məktəbin direktor müavini

Digər xəbərlər