PDF Oxu

Siyasət

  • 1 263

22 İyul – Həqiqətin keşiyində dayananların bayramı - ŞƏRH

image

Hər bir xalqın tarixində onun milli yaddaşını yaşadan, ictimai fikri formalaşdıran və cəmiyyətin inkişafına istiqamət verən dəyərlər var. Azərbaycan üçün bu dəyərlərdən biri də milli mətbuatdır. Hər il 22 iyul tarixində qeyd olunan Azərbaycan Milli Mətbuat Günü təkcə jurnalistlərin peşə bayramı deyil, həm də milli sözün, azad fikrin və həqiqətin təntənəsinin simvoludur.
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsrlər ərzində xalqımızın maariflənməsində, milli özünüdərkin formalaşmasında və dövlətçilik ideyalarının inkişafında misilsiz rol oynayıb. O dövrdə xalqı elmə, tərəqqiyə və milli oyanışa səsləyən “Əkinçi”nin missiyası bu gün də Azərbaycan jurnalistikasının fəaliyyət fəlsəfəsinin əsasını təşkil edir.
Müasir dövrdə informasiya cəmiyyətin ən mühüm strateji resurslarından birinə çevrilib. Dünyada baş verən hadisələr, siyasi proseslər, iqtisadi münasibətlər və hətta müharibələr informasiya məkanında da öz əksini tapır. Buna görə də jurnalistin qələmi və kamerası bəzən ən güclü silah qədər təsirli olur. Azərbaycan mediası da illərdir üzərinə düşən bu məsuliyyətli missiyanı şərəflə yerinə yetirərək cəmiyyətin operativ, obyektiv və etibarlı informasiya ilə təmin olunmasına xidmət edir.
Bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, sosial-iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq, mədəniyyət və idman sahəsində əldə olunan uğurlar, eləcə də Azərbaycanın qlobal təşəbbüsləri məhz milli media vasitəsilə dünya ictimaiyyətinə çatdırılır. Jurnalistlər Azərbaycanın müasir simasını, tolerantlıq ənənələrini, multikultural dəyərlərini və dinamik inkişaf modelini beynəlxalq auditoriyaya təqdim etməklə ölkəmizin müsbət imicinin formalaşmasına mühüm töhfə verirlər.
Lakin Azərbaycan mətbuatının ən şərəfli səhifələrindən biri heç şübhəsiz ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə bağlıdır. Həmin günlərdə cəbhədə qəhrəman əsgərlərimiz torpaqlarımızı işğaldan azad etdiyi kimi, informasiya cəbhəsində də jurnalistlər həqiqətin keşiyində dayanaraq Azərbaycanın haqq səsini dünyaya çatdırırdılar.
Müharibə dövründə yerli media nümayəndələri həyatlarını riskə ataraq cəbhə bölgələrindən reportajlar hazırlayır, döyüşlərin gedişini operativ şəkildə işıqlandırır, erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi raket hücumlarını və müharibə cinayətlərini faktlarla beynəlxalq ictimaiyyətə təqdim edirdilər. Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə edilən hücumların nəticələri məhz jurnalistlərin obyektiv materialları sayəsində dünyanın aparıcı media qurumlarının diqqətinə çatdırıldı.
İnformasiya müharibəsində həqiqətin müdafiəsi heç də döyüş meydanındakı mübarizədən asan deyildi. Ermənipərəst dairələrin yaydığı saxta xəbərlər, manipulyativ məlumatlar və dezinformasiya kampaniyalarına qarşı Azərbaycan mediası peşəkarlıqla mübarizə apardı. Operativlik, faktlara söykənən məlumatlar, foto və videogörüntülər, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan arqumentlər Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyəti tərəfindən daha dolğun qəbul edilməsinə mühüm təsir göstərdi.
44 günlük Vətən müharibəsi sübut etdi ki, müasir dünyada informasiya cəbhəsi ən az döyüş meydanı qədər əhəmiyyətlidir. Həqiqətin vaxtında və düzgün çatdırılması, milli maraqların qətiyyətlə müdafiə olunması dövlətin informasiya təhlükəsizliyinin əsas tərkib hissəsidir. Bu baxımdan Azərbaycan jurnalistləri öz peşəkarlıqları, vətənpərvərlikləri və fədakarlıqları ilə tariximizin şanlı salnaməsinə mühüm səhifələr yazdılar.
Bu gün də media işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələri, yeni yaşayış məntəqələrinin salınmasını, tarixi-mədəni irsimizin bərpasını və regionun iqtisadi inkişafını geniş şəkildə işıqlandırır. Bununla yanaşı, Azərbaycan dövlətinin sülh təşəbbüsləri, regional əməkdaşlıq siyasəti və beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqe də milli media vasitəsilə dünya ictimaiyyətinə çatdırılır.
Qloballaşan dünyada medianın üzərinə düşən məsuliyyət daha da artır. Sürətlə yayılan məlumat axını şəraitində peşəkar jurnalistika cəmiyyət üçün etibarlı informasiya mənbəyi olaraq qalmalıdır. Obyektivlik, qərəzsizlik, operativlik və milli maraqlara sadiqlik Azərbaycan mediasının əsas fəaliyyət prinsipləri kimi bundan sonra da öz aktuallığını qoruyacaq.
22 İyul – Milli Mətbuat Günü münasibətilə qələmi ilə həqiqətə xidmət edən, cəmiyyətin maariflənməsinə töhfə verən, dövlətimizin və xalqımızın maraqlarını informasiya məkanında layiqincə müdafiə edən bütün jurnalistləri ürəkdən təbrik edirik. Əminik ki, milli mətbuatımız bundan sonra da Həsən bəy Zərdabinin ideallarına sadiq qalaraq həqiqətin carçısı olacaq, Azərbaycanın uğurlarını və haqq səsini dünyaya çatdırmaq missiyasını qürurla davam etdirəcək.

Sevinc Mustafayeva

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər