Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini və gələcək inkişaf istiqamətlərini hərtərəfli əks etdirən mühüm siyasi məzmunlu çıxışlardan biridir. Müsahibədə iki qardaş ölkə arasında tarixi, mədəni və mənəvi bağlardan başlayaraq siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil, humanitar və beynəlxalq əməkdaşlığa qədər geniş spektrli məsələlərə toxunulub. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq və tərəfdaşlıq çərçivəsindən çıxaraq müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin möhkəm tarixi və mənəvi əsası vardır. Eyni türk köklərinə, ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə malik olan bu iki xalq əsrlər boyu bir-birinə qarşı qarşılıqlı hörmət və rəğbət bəsləyib. Məhz bu tarixi yaxınlıq müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafı üçün etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu möhkəm bünövrə üzərində qurulan əlaqələr son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib.
Münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Liderlər arasında sıx və müntəzəm təmaslar iki ölkə arasında siyasi dialoqun daha da möhkəmlənməsinə imkan verib. Son beş il ərzində ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi də əlaqələrin yüksək intensivliyini və strateji xarakterini nümayiş etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin hüquqi və siyasi əsasları da son illərdə əhəmiyyətli dərəcədə gücləndirilib. 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı mühüm sənədlərin imzalanması ikitərəfli münasibətlərin gələcək inkişafına ciddi təkan verib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki dövlət arasındakı münasibətlərin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib.
2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan əməkdaşlığının institusional əsaslarını gücləndirən mühüm mexanizmə çevrilib. Şura uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. Bakıda və Daşkənddə keçirilmiş iclaslar iki ölkənin münasibətlərin inkişafına strateji yanaşmasını nümayiş etdirir.
Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri iqtisadi-ticari əməkdaşlıqdır. Son illərdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin sürətlə artması münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi baxımdan dərinləşdiyini göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində daha 33 faiz artım qeydə alınıb və göstərici 144 milyon dollara yüksəlib.
İnvestisiya əməkdaşlığı da Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının mühüm istiqamətlərindən biridir. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti hər iki ölkədə müxtəlif iqtisadi sahələr üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə mühüm töhfə verir. Bundan başqa, Hökumətlərarası Komissiyanın fəaliyyəti də iqtisadi, ticari və investisiya əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır.
Energetika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan neft-qaz sektorunda birgə layihələr həyata keçirir, eyni zamanda yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirirlər. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz Birliyi”nin yaradılması bərpaolunan enerjinin istehsalı və ixracı baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Bu təşəbbüs Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafına və enerjinin Xəzər dənizinin dibi ilə nəqlinə imkan verəcək layihələrin əlaqələndirilməsinə xidmət edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da iki ölkənin strateji mövqeləri baxımından xüsusi önəm daşıyır. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə daşımaların həcmi 675 min ton təşkil edib və 12,2 faizlik artım qeydə alınıb. Bu göstəricilər Azərbaycan və Özbəkistanın Şərq–Qərb nəqliyyat marşrutlarının inkişafında mühüm tərəfdaşlara çevrildiyini göstərir.
İki ölkənin həyata keçirdiyi birgə layihələr iqtisadi münasibətlərin real nəticələrini nümayiş etdirir. İşğaldan azad edilmiş Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınması, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq bu layihələr sırasında xüsusi yer tutur. 2026-cı il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Eyni zamanda, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi iqtisadi əlaqələrin genişliyini göstərir.
Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr də qarşılıqlı iqtisadi maraqların artdığını göstərir. “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, eləcə də Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin inşa edilməsi Azərbaycan biznesinin Özbəkistan iqtisadiyyatına marağının mühüm nümunələrindəndir.
Müsahibənin mühüm istiqamətlərindən biri də mədəni və humanitar əməkdaşlıqdır. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər bu sahədə əməkdaşlığın xüsusi əhəmiyyət daşımasını şərtləndirir. Mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsinə xidmət edir.
Son illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər keçirilib. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günləri təşkil olunub. Həmin il Xivə şəhərində “Şuşa Günləri”nin keçirilməsi də iki xalqın mədəni irsinin qarşılıqlı şəkildə tanıdılması baxımından mühüm hadisə olub. Özbəkistan Milli Pedaqoji Universitetinin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması isə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına göstərilən yüksək ehtiramın ifadəsidir.
Bakıda yaradılmaqda olan “Özbəkistan” parkı da iki xalq arasındakı dostluğun rəmzlərindən biri olacaq. Beş hektarlıq ərazidə salınan bu park Azərbaycan–Özbəkistan qardaşlığının gələcək nəsillərə ötürülməsi baxımından simvolik əhəmiyyət daşıyır. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər iki ölkə arasında mədəni-humanitar əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Təhsil sahəsində əməkdaşlıq da xüsusi qeyd edilməlidir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb isə iki ölkə arasında qardaşlıq münasibətlərinin və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına Özbəkistanın dəstəyinin əyani nümunəsidir.
Media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da yeni imkanlar yaradıb. 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda Azərbaycan–Özbəkistan Media Forumları keçirilib. Həmçinin QHT əməkdaşlığı forumlarının təşkili iki ölkənin ictimai təşkilatları arasında əlaqələrin inkişafına şərait yaradıb. 2026-cı ildə ilk dəfə iki qardaş ölkənin QHT-ləri üçün birgə qrant müsabiqəsinin elan edilməsi bu əməkdaşlığın praktiki nəticələrindən biridir.
Xalqların bir-birinə daha da yaxınlaşmasında turizm və regionlararası əməkdaşlıq da mühüm rol oynayır. Özbəkistandan Azərbaycana turist səfərlərinin artması iki ölkənin xalqları arasında qarşılıqlı marağın yüksəldiyini göstərir. Bundan əlavə, Bakı–Daşkənd, Şuşa–Xivə, İsmayıllı–Riştan, Lənkəran–Buxara, Şəki–Kokənd və digər şəhərlər arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması əlaqələrin yalnız paytaxtlar səviyyəsində deyil, regionlar səviyyəsində də inkişaf etdiyini göstərir. Naxçıvan və Ürgənc arasında belə münasibətlərin qurulmasının planlaşdırılması da diqqətəlayiqdir.
Müsahibədə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın perspektivləri də geniş şəkildə qiymətləndirilib. Azərbaycan və Özbəkistan TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması deyil, həm də ortaq türk tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm birlik kimi qəbul edir. Siyasi, iqtisadi, nəqliyyat, logistika, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi Türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir.
Nəqliyyat baxımından Azərbaycan və Özbəkistanın coğrafi mövqeləri onları Şərqlə Qərbi birləşdirən mühüm strateji tərəfdaşlara çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası region üçün yeni iqtisadi və tranzit imkanları yarada bilər. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı yalnız ikitərəfli deyil, daha geniş regional əhəmiyyət daşıyır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı da müsahibənin mühüm siyasi məqamlarından biridir. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər və qarşılıqlı maraqlar Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin möhkəm təməlini təşkil edir. Siyasi dialoqun, iqtisadi münasibətlərin, nəqliyyat və kommunikasiya imkanlarının, enerji və humanitar əməkdaşlığın genişləndirilməsi bu münasibətlərə yeni məzmun qazandırır.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması isə regional əməkdaşlıq baxımından mühüm hadisədir. Bu qərarla əvvəllər “C5” formatında olan əməkdaşlıq faktiki olaraq “C6” formatına çevrilib. Azərbaycanın bu prosesə fəal şəkildə qoşulması ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrə verdiyi strateji əhəmiyyəti və regionlararası əməkdaşlıqda artan rolunu nümayiş etdirir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki dövlətin qarşılıqlı əlaqələri ilə məhdudlaşmır. Bu münasibətlər Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə, nəqliyyat və enerji dəhlizlərinin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və xalqlar arasında humanitar bağların möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏM və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda əməkdaşlığı da bu strateji tərəfdaşlığın çoxtərəfli müstəvidə davam etdiyini göstərir.
Bu əlaqələrin ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlər xalqlar arasındakı tarixi və mənəvi yaxınlıqla tamamlanır. Məhz buna görə iki ölkə arasındakı əməkdaşlıq yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də qardaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır. Prezident İlham Əliyevin müsahibənin sonunda Özbəkistan xalqına sülh, əmin-amanlıq, tərəqqi və yeni-yeni nailiyyətlər arzulaması da bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir.
Azərbaycan və Özbəkistanın qarşıdakı illərdə də strateji müttəfiqlik münasibətlərini daha da möhkəmləndirəcəyi, yeni iqtisadi və humanitar layihələr həyata keçirəcəyi, Türk dünyasının birliyinin gücləndirilməsinə və regionlararası əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyi gözlənilir. Bu baxımdan iki qardaş ölkə arasındakı münasibətlər yalnız bu günün deyil, gələcəyin də mühüm strateji tərəfdaşlıq nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Pərviz Hüseynzadə
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının əməkdaşı