Azərbaycan ilə Özbəkistan arasında münasibətlər siyasi və diplomatik müstəvidə əldə olunmuş yüksək səviyyə ilə yanaşı, sürətlə genişlənən iqtisadi əməkdaşlıqla da səciyyələnir. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar göstərdi ki, iki qardaş ölkə arasında iqtisadi tərəfdaşlıq artıq konkret layihələr, qarşılıqlı investisiyalar və yeni hədəflər üzərində qurulan dinamik inkişaf mərhələsinə qədəm qoyub.
Dövlət səfərinin əsas nəticələrindən biri iqtisadi əlaqələrin qarşıdakı dövr üçün daha böyük hədəflərinin müəyyənləşdirilməsi oldu. Prezident İlham Əliyev Daşkənddə mətbuata verdiyi bəyanatda bildirdi ki, Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması artıq uzaq perspektiv kimi deyil, bir neçə ildən sonra əldə ediləcək real nəticə kimi nəzərdən keçirilir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu hədəfə əsas verən amil iki ölkənin iqtisadiyyatlarının paralel inkişaf etməsi və qarşılıqlı investisiya layihələri üçün formalaşmış möhkəm bazadır.
Əslində, son illərdə Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin dinamikası bu nikbinliyin təsadüfi olmadığını göstərir. Bir vaxtlar iki ölkə arasında heç bir birgə layihə olmadığı halda, bu gün əməkdaşlıq iqtisadiyyatın çoxsaylı sahələrini əhatə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektoru üzrə əməkdaşlıq artıq real layihələrlə müşayiət olunur. Bankçılıq sahəsində də yeni imkanlar yaranıb və Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması iqtisadi əlaqələrin maliyyə sektorunda da dərinləşdiyini göstərir.
Prezident İlham Əliyevin səfəri zamanı bu iqtisadi tərəfdaşlığın konkret nəticələri də nümayiş etdirildi. Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi keçirildi. “Davr Bank”ın, “Matanat-A” şirkətinin gips zavodunun və “Landau” adına iki STEAM məktəbinin açılışı oldu. Eyni zamanda SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin, “Baku City” yaşayış kompleksinin, gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin və meyvə bağlarının təməli qoyuldu. Bu layihələrin müxtəlifliyi Azərbaycan biznesinin Özbəkistan iqtisadiyyatının fərqli sektorlarında getdikcə daha fəal mövqe qazandığını göstərir.
Bu mənada “Davr Bank” layihəsi xüsusi diqqət çəkir. Azərbaycanın Beynəlxalq Bankının iştirakı ilə Özbəkistanda bankçılıq sahəsində fəaliyyətin genişləndirilməsi iki ölkənin iqtisadi əlaqələrinin maliyyə sektorunda yeni mərhələyə keçdiyini göstərir. Maliyyə institutlarının qarşılıqlı fəaliyyətinin güclənməsi öz növbəsində yeni biznes layihələrinin maliyyələşdirilməsi, investisiya imkanlarının genişlənməsi və sahibkarlar arasında əlaqələrin daha da intensivləşməsi üçün əlverişli zəmin yaradır.
Enerji sektorunda əməkdaşlıq da iqtisadi tərəfdaşlığın mühüm istiqamətlərindəndir. SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarında fəaliyyətinin genişləndirilməsi və yeni yanacaqdoldurma məntəqələrinin təməlinin qoyulması Azərbaycanın enerji şirkətlərinin Özbəkistan bazarında mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, iki ölkə arasında neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə artıq son mərhələyə yaxınlaşılması və gələn il istismar quyularının qazılmasına başlanmasının gözlənilməsi enerji əməkdaşlığının qarşıdakı dövrdə daha da dərinləşəcəyinə əsas verir.
İqtisadi tərəfdaşlığın genişlənməsində investisiyalar xüsusi rol oynayır. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında həyata keçirilən və planlaşdırılan investisiya layihələrinin artıq milyardlarla dollarla ölçüldüyünü bildirib. İnvestisiya fondunun layihələrlə təmin olunması, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə yönələn investisiyalar, eləcə də Özbəkistanda Azərbaycan şirkətlərinin müxtəlif sahələrdə reallaşdırdığı layihələr iqtisadi münasibətlərin uzunmüddətli xarakter daşıdığını nümayiş etdirir.
Burada diqqətçəkən məqam investisiyaların qarşılıqlı xarakter daşımasıdır. Azərbaycan şirkətləri Özbəkistanın müxtəlif sahələrində layihələr həyata keçirdiyi kimi, Özbəkistanın da Azərbaycanda, xüsusilə Qarabağın bərpası prosesində mühüm investisiya təşəbbüsləri var. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiya bu əməkdaşlığın konkret nümunələrindəndir. Beləliklə, iqtisadi tərəfdaşlıq yalnız kapital qoyuluşundan ibarət deyil, həm də iki ölkənin inkişaf potensialının bir-birini tamamlaması prinsipi üzərində formalaşır.
Səfər çərçivəsində imzalanan sənədlər də iqtisadi əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarını imzaladılar. Səfərin nəticələri yalnız dövlətlərarası sənədlərlə məhdudlaşmadı, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş razılaşmalar da əldə olundu.
İqtisadi əməkdaşlığın inkişafında biznes və regionlararası əlaqələrin genişləndirilməsi də mühüm amildir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, layihələr yalnız Bakı və Daşkəndlə məhdudlaşmır, hər iki ölkənin müxtəlif bölgələrini də əhatə edir. Dövlətimizin başçısı səfər çərçivəsində keçirilmiş regionlararası əməkdaşlıq forumunun böyük praktik maraq doğurduğunu qeyd edərək, iki ölkənin səyləri birləşdirərək sinerji yaratdığını vurğulayıb. Bu yanaşma iqtisadi əlaqələrin yalnız dövlət qurumları arasında deyil, biznes subyektləri və regionlar arasında da dərinləşdirilməsi üçün geniş imkanlar açır.
Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin mühüm üstünlüyü hər iki ölkənin iqtisadi potensialının və inkişaf modelinin bir-birini tamamlamasıdır. Özbəkistanın geniş daxili bazarı, sənaye və kənd təsərrüfatı potensialı, Azərbaycanın isə enerji, nəqliyyat, logistika, maliyyə və digər sahələrdə formalaşdırdığı imkanlar qarşılıqlı investisiya və birgə istehsal layihələri üçün əlverişli zəmin yaradır. Bu potensialdan daha geniş istifadə edilməsi ticarət dövriyyəsinin artırılması ilə yanaşı, yeni istehsal və xidmət sahələrinin yaradılmasına da imkan verə bilər.
Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı tanış olduğu “Yeni Daşkənd” layihəsi də ölkənin sürətli iqtisadi inkişafının miqyasını nümayiş etdirən mühüm nümunələrdən biri oldu. Özbəkistanın ən böyük şəhərsalma layihəsi kimi təqdim olunan “Yeni Daşkənd” iqtisadiyyat, investisiya siyasəti, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modeli kimi həyata keçirilir. Layihənin tam başa çatmasından sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığı artıq yalnız ticarət dövriyyəsinin artırılması məqsədindən daha geniş məna daşıyır. Söhbət qarşılıqlı investisiyaların, birgə müəssisələrin, maliyyə və enerji əməkdaşlığının, sənaye kooperasiyasının, kənd təsərrüfatı və turizm layihələrinin genişləndirilməsindən gedir. Bir milyard dollarlıq ticarət dövriyyəsi isə bu böyük iqtisadi potensialın qarşıdakı mərhələdə ölçülə bilən hədəflərindən biridir.
Günel Əliyeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Həsənabad qəsəbə 2 saylı KEUB-un müdiri