Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri azad edilmiş ərazilərdə yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunması baxımından mühüm əhəmiyyət daşıdı. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyətin iştirakı səfərin geniş coğrafiyasını və siyasi çəkisini aydın göstərdi. Xarici diplomatlar işğal dövrünün ağır nəticələrini, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini və doğma yurdlarına qayıdan insanların həyatında baş verən dəyişiklikləri yerində müşahidə etdilər.
Qarabağ və Şərqi Zəngəzura təşkil edilən belə səfərlər həqiqətlərin dünyaya çatdırılmasının ən təsirli vasitələrindən biridir. Xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri burada yalnız dağıdılmış şəhər və kəndləri deyil, həmin dağıntılar üzərində qurulan yeni yaşayış məntəqələrini, müasir infrastrukturu, istifadəyə verilən sosial obyektləri və canlanan həyatı gördülər. Bu mənzərə Azərbaycan dövlətinin işğaldan azad edilmiş əraziləri qısa müddətdə dirçəltmək əzmini və malik olduğu böyük quruculuq potensialını nümayiş etdirdi.
Diplomatların bölgədəki dini və tarixi abidələrlə tanışlığı da səfərin mühüm istiqamətlərindən biri oldu. Azərbaycan ərazisində yerləşən bütün tarixi-mədəni abidələr dövlət tərəfindən qorunur, onların mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq bərpasına həssaslıqla yanaşılır. Bu, Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinin, mədəni müxtəlifliyə hörmətinin və tarixi irsin qorunmasına məsuliyyətli münasibətinin əyani ifadəsidir.
Lakin səfərin Ermənistan cəmiyyətinin revanşist kəsimində doğurduğu əsassız narahatlıq bir sıra dairələrin hələ də regionda yaranmış reallıqları qəbul etmək istəmədiyini göstərdi. Xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkət etməsinə etiraz bildirilməsi nə siyasi, nə də hüquqi baxımdan əsaslandırıla bilər. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir. Buna görə də diplomatik korpusun həmin ərazilərə səfərinə qarşı yönəlmiş kampaniya, mahiyyət etibarilə, Azərbaycanın suveren hüquqlarını şübhə altına almaq və onun daxili işlərinə müdaxilə etmək cəhdidir.
Erməni revanşist qüvvələrin narahatlığının əsas səbəbi diplomatların həqiqətləri vasitəçilərsiz görməsidir. Onlar beynəlxalq auditoriyaya illərlə təqdim edilmiş saxta təsəvvürlərlə azad edilmiş ərazilərdəki real mənzərə arasındakı fərqi müşahidə etdilər. İşğalın ağır izləri, məqsədli şəkildə dağıdılmış yaşayış məntəqələri və tarixi abidələrlə yanaşı, Azərbaycanın həyata keçirdiyi böyük quruculuq proqramı revanşist təbliğatın əsassızlığını açıq şəkildə üzə çıxardı.
Bu cür reaksiyalar Ermənistanın gələcəklə bağlı seçim etməsinin vacibliyini də göstərir. Regionun davamlı inkişafı yeni qarşıdurma axtarışından deyil, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətdən keçir. Sülh çağırışları səsləndirən dairələrin eyni zamanda Azərbaycanın ərazisinə edilən diplomatik səfərləri hədəfə alması açıq ziddiyyət yaradır. Revanşist düşüncə Ermənistan cəmiyyətini keçmişin uğursuz siyasətinə bağladığı kimi, bölgədə yaranan əməkdaşlıq imkanlarından da uzaqlaşdırır.
Diplomatik korpusun səfəri bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur artıq müharibənin və dağıntının deyil, quruculuğun, Böyük Qayıdışın və yeni həyatın ünvanıdır. Xarici nümayəndələrin gördükləri reallıqlar Azərbaycanın haqlı mövqeyini gücləndirir, erməni revanşizminin saxta iddialarını isə mənasızlaşdırır. Azərbaycan öz suveren ərazilərində bərpa və quruculuq işlərini qətiyyətlə davam etdirir, Qarabağ və Şərqi Zəngəzurun sülh, inkişaf və rifah məkanına çevrilməsi istiqamətində ardıcıl addımlar atır.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri