Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri azad edilmiş ərazilərdə formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunması baxımından mühüm hadisə oldu. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyətin iştirakı ilə keçirilən səfər zamanı xarici diplomatlar işğalın nəticələri, bərpa-quruculuq prosesinin miqyası, tarixi-mədəni irsin qorunması və Böyük Qayıdış Proqramının icrası ilə yaxından tanış oldular. Bu, diplomatik nümayəndələrin 2020-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi.
Diplomatik korpus nümayəndələrinin Azərbaycanın istənilən bölgəsinə səfər etməsi ölkəmizin suveren hüququ çərçivəsində həyata keçirilən normal diplomatik fəaliyyətdir. Qarabağ və Şərqi Zəngəzur beynəlxalq səviyyədə tanınmış Azərbaycan əraziləridir. Azərbaycan dövləti öz ərazisində səfərlər təşkil etmək, xarici qonaqları qəbul etmək, həyata keçirdiyi layihələri təqdim etmək və tarixi-mədəni abidələrlə tanışlığı təmin etmək hüququna malikdir. Heç bir dövlətin və ya xarici siyasi dairənin bu məsələyə müdaxilə etmək səlahiyyəti yoxdur.
Buna baxmayaraq, səfər Ermənistandakı revanşist qüvvələrin və bəzi siyasi dairələrin narazılığı ilə qarşılandı. Xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkət etmələrinə görə hədəfə alınması, onların təmsil etdikləri dövlətlərə qarşı çağırışların səsləndirilməsi və səfərin siyasi təxribat kimi təqdim olunması qəbuledilməzdir. Belə münasibət beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin suveren bərabərliyi anlayışına və başqa dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir.
Səfərə qarşı etiraz edən dairələr bununla Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almağa çalışırlar. Halbuki Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə bir şəraitdə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə etiraz olunması Ermənistanın rəsmi bəyanatları ilə bu ölkənin siyasi və ictimai mühitində davam etdirilən revanşist yanaşmalar arasındakı ciddi ziddiyyəti üzə çıxarır. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün tanındığı bildirildiyi halda, digər tərəfdən həmin ərazidə həyata keçirilən adi diplomatik fəaliyyətə qarşı kampaniya aparılır.
Xarici nümayəndələrin səfərinə göstərilən reaksiya həm də onların təmsil etdikləri dövlətlərin mövqeyinə hörmətsiz münasibətdir. Diplomatik korpusun üzvləri Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndələrdir. Onların Qarabağ və Şərqi Zəngəzura səfəri həmin ölkələrin Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini və bölgədə yaranmış hüquqi-siyasi reallıqları qəbul etdiyini göstərir. Ermənistan cəmiyyətində müəyyən qüvvələrin diplomatları bu səfərə görə hədəfə alması beynəlxalq münasibətlər mədəniyyətinə uyğun gəlmir.
Revanşist dairələri narahat edən əsas məsələ xarici diplomatların bölgədəki vəziyyəti vasitəçilərsiz görməsidir. Səfər iştirakçıları təxminən 30 il davam etmiş işğal dövründə şəhər və kəndlərin dağıdıldığını, yaşayış məntəqələrinin viran qoyulduğunu, tarixi və dini abidələrin zərər gördüyünü bilavasitə müşahidə etdilər. Eyni zamanda, Azərbaycanın qısa müddətdə həyata keçirdiyi böyük quruculuq işlərinin, yeni yolların, yaşayış komplekslərinin, təhsil, səhiyyə və digər sosial obyektlərin şahidi oldular. Onlar doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat şəraiti və bölgədə yaradılan müasir infrastrukturla tanış oldular.
Bu reallıqlar uzun illər ərzində formalaşdırılmış saxta erməni təbliğatını təsirsiz hala gətirir. Revanşist dairələr Qarabağla bağlı birtərəfli təsəvvür yaratmağa və işğalın nəticələrini beynəlxalq ictimaiyyətin diqqətindən yayındırmağa çalışıblar. Xarici diplomatların bölgəyə səfərləri isə həmin dairələrin yaratdığı informasiya maneələrini aradan qaldırır. Faktların yerində görülməsi hər hansı təbliğatdan daha təsirlidir. Məhz buna görə diplomatik korpusun səfəri revanşist qüvvələrdə ciddi narahatlıq doğurur.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurdakı bütün tarixi-mədəni irsin qorunmasına məsuliyyətlə yanaşır. Ərazidə yerləşən dini və mədəni abidələrin mənşəyindən asılı olmayaraq mühafizə edilməsi ölkəmizin çoxmədəniyyətli dəyərlərə münasibətini nümayiş etdirir. Diplomatik korpus nümayəndələrinin müxtəlif abidələrlə tanış olması da Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasətin açıq və şəffaf xarakter daşıdığını göstərir. Ermənistanın müəyyən dairələrinin belə səfərlərə etiraz etməsi mədəni irs məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdindən başqa bir şey deyil.
Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli çağırışlar regional sülh prosesinə də zərər vurur. Əgər Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasında həqiqətən maraqlıdırsa, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yalnız bəyanatlarda deyil, praktiki fəaliyyətdə də hörmət göstərilməlidir. Revanşist ritorikanın davam etdirilməsi, Azərbaycanın ərazisində keçirilən tədbirlərin mübahisələndirilməsi və xarici diplomatların hədəfə alınması qarşılıqlı etimadın formalaşmasına xidmət etmir. Əksinə, bu cür davranış Ermənistan cəmiyyətində keçmişin təhlükəli yanaşmalarının hələ də qorunduğunu göstərir.
Regionda yeni mərhələ başlayıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib, azad edilmiş torpaqlarda geniş quruculuq prosesinə başlayıb. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qurulur, şəhər və kəndlər bərpa edilir, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu proses Azərbaycanın daxili işi və müstəsna suveren hüququdur. Hər hansı xarici qüvvənin həmin fəaliyyəti mübahisələndirməsi üçün heç bir hüquqi və siyasi əsas yoxdur.
Diplomatik korpusun səfəri Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq miqyasda qəbul edildiyini bir daha göstərdi. Ermənistanın revanşist dairələrinin etirazları nə Qarabağın hüquqi statusunu, nə Azərbaycanın suveren hüquqlarını, nə də azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini dəyişə bilər. Rəsmi İrəvan və Ermənistan cəmiyyəti anlamalıdır ki, davamlı sülhün yolu Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərindən deyil, onun suverenliyinə, ərazi bütövlüyünə və regionda yaratdığı yeni reallıqlara hörmətdən keçir.
Elman Quliyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru