PDF Oxu

Siyasət

  • 556

Hərbi qələbədən əbədi qürura - ŞƏRH

image

Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yeri olan Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Əsrlər boyu müxtəlif hərbi-siyasi sınaqlarla üz-üzə qalan xalqımız heç zaman öz iradəsini itirməmiş, Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. Lakin müasir tariximizin ən çətin səhifələrindən biri ölkəmizin torpaqlarının işğala məruz qalması idi. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdilər. Bu işğalçı siyasətin kökündə ifrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti və Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası dururdu. Ermənistan rəhbərliyinin bu xülyaları regionda illərlə davam edən gərginliyin ana mənbəyinə çevrildi.
Buna baxmayaraq, Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Dövlətimiz uzun illər ərzində məsələnin sülh yolu ilə tənzimlənməsi üçün bütün diplomatik imkanları səfərbər etdi. Lakin təəssüf ki, beynəlxalq aləmdə mövcud olan “ikili standartlar” siyasəti münaqişənin ədalətli həllinə imkan vermədi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalması və işğalçıya qarşı heç bir təzyiqin göstərilməməsi Rəsmi İrəvanı daha da arxayınlaşdırdı. Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi. Xüsusilə, müharibəni təhrik edən erməni təxribatları və cəbhə boyu mülki əhalini hədəf alan addımlar sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz əks-hücum əməliyyatlarına başladı. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Xalq, dövlət və ordu bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bütün çətinliklərə baxmayaraq, şəhidlərimizin qisası döyüş meydanında alındı – qəhrəmanlarımız qürur mənbəyimizdir. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilər doğma sahiblərinə qovuşdu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı və Qələbə hərbi-siyasi yollarla təmin edildi.
Bu şanlı Zəfər xalqımızın qəhrəmanlıq dastanına çevrildi. Dövlətimiz qalib əsgər və zabitlərimizin əməyini yüksək qiymətləndirərək, Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması ilə bağlı müvafiq addımlar atdı. Müharibədən sonra da dövlət hər zaman öz əsgərinin yanındadır prinsiplərinə sadiq qaldı. Şəhidlərin xatirəsi əbədidir, dövlət hər zaman yaralı hərbçilərinin yanındadır və bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən hərtərəfli köməklik göstərilir. Sosial müdafiə tədbirləri, mənzil və avtomobillərlə təminat, müalicə və reabilitasiya prosesləri aramsız olaraq davam etdirilir.
Azərbaycan xalqı öz qəhrəmanlarını heç vaxt unutmur. 27 sentyabr Anım Günü dərin ehtiramın ifadəsidir. Bu çərçivədə, 2021-ci ildə Anım Günündə Bakı şəhərində təşkil edilmiş yürüş xalqımızın öz şəhidlərinə və Müzəffər Ali Baş Komandana olan sonsuz inamının, birliyinin parlaq nümayişi oldu. Tarixi zəfərimizin və əsgərlərimizin şücaətinin əbədiləşdirilməsi üçün paytaxtımızda Zəfər parkı və muzeyi, eləcə də düşməndən hərbi qənimət götürülmüş texnikaların sərgiləndiyi Hərbi Qənimətlər Parkı salındı. Bu məkanlar həm tarixi həqiqətləri gələcək nəsillərə ötürür, həm də Azərbaycanın hərbi gücünün və qüdrətinin əbədi rəmzi kimi dayanır.


Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər