PDF Oxu

Siyasət

  • 535

Azərbaycanın qlobal nəqliyyat və iqtisadi mərkəzə çevrilməsi - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışı ölkənin uzunmüddətli inkişaf prioritetlərini və regional geoiqtisadi mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı əsas məqamlar göstərir ki, modernləşdirilmiş infrastruktura yönəldilən iri investisiyalar, artan tranzit imkanları, region dövlətləri ilə strateji inteqrasiya və möhkəm daxili sabitlik Azərbaycanın dayanıqlı iqtisadi modelinin təməl sütunlarını təşkil edir.

Biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Son illərdə həyata keçirilən irimiqyaslı infrastrukturlar ölkəmizin logistik xəritəsini köklü şəkildə dəyişdirib. Ən müasir standartlara cavab verən nəqliyyat infrastrukturunun qurulması, regional logistika qovşaqlarının formalaşması və beynəlxalq nəqliyyat koridorlarının inteqrasiyası istiqamətində atılan addımlar strateji xarakter daşıyır. Yatırılan bu böyük investisiyalar Azərbaycanı yalnız daxili tələbatı ödəyən deyil, qlobal yük axınlarını idarə edən mühüm halqaya çevirib.

Bu investisiya siyasətinin qanunauyğun nəticəsi kimi, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım müşahidə olunur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının qovşağında yerləşən ölkəmiz, müasir dəniz limanları və genişləndirilmiş dəmir yolu şəbəkəsi sayəsində beynəlxalq yükdaşıyanlar üçün ən əlverişli və təhlükəsiz marşruta çevrilib. Tranzit həcmlərinin kəskin artması ölkəyə əlavə valyuta daxilolmalarını təmin etməklə yanaşı, qeyri-neft sektorunun inkişafına da güclü təkan verir.

Digər tərəfdən, strateji coğrafi və geosiyasi reallıqlar göstərir ki, biz böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə tarixi, mədəni və iqtisadi tellərlə sıx bağlıdır. Bu gün Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın zəngin resursları və yük axınları Azərbaycan üzərindən Avropa və dünya bazarlarına çıxarılır. Region ölkələri ilə qurulan strateji tərəfdaşlıq iqtisadi inteqrasiyanı dərinləşdirir və vahid nəqliyyat-logistika məkanının formalaşmasını sürətləndirir.

Bütün bu nailiyyətlərin və beynəlxalq investisiya cəlbediciliyinin fundamentində isə bir əsas amil dayanır: bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Müasir dövrdə qlobal səviyyədə yaşanan gərginliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycanın nümayiş etdirdiyi daxili sabitlik, proqnozlaşdırılan iqtisadi siyasət və təhlükəsiz şərait xarici investorlar üçün ən vacib zəmanətdir. Məhz bu sabitlik ölkəyə uzunmüddətli kapital axınını təmin edir, irimiqyaslı layihələrin uğurla icra olunmasına imkan yaradır və Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının əməkdaşı

Digər xəbərlər