PDF Oxu

Siyasət

  • 860

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq yeni mərhələdə - ŞƏRH

image

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər, dil və mədəniyyət yaxınlığı ilə səciyyələnən bu münasibətlər son illərdə daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi, enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir.

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi görüş regional əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirəsi üçün mühüm platforma olmuşdur. Azərbaycanın bu formatda tamhüquqlu iştirakının region ölkələri ilə əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olmuşdur. Tədbirin yekununda dövlət başçıları “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzalamışlar. Bu sənədlər dövlətlərarası dialoqun davamlılığının təmin olunması və əməkdaşlıq mexanizmlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətləri fərqləndirən əsas xüsusiyyətlərdən biri qarşılıqlı dəstək və həmrəyliyin konkret əməli addımlarla ifadə olunmasıdır. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə qardaş ölkələrin verdiyi töhfələr bu həmrəyliyin parlaq nümunəsidir.
Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdam şəhərində Manas adına məktəb inşa etməsi xalqlarımız arasındakı dostluğun, qardaşlığın və mənəvi bağlılığın rəmzinə çevrilmişdir.
Bu təhsil və mədəniyyət ocaqları yalnız tikililər deyil, eyni zamanda ortaq gələcəyə yönəlmiş əməkdaşlığın, qarşılıqlı etimadın və xalqlar arasında dostluğun möhkəmləndirilməsinin təzahürüdür. Onların yaradılması Azərbaycanın azad edilmiş ərazilərində həyatın bərpasına, uşaqların təhsil imkanlarının genişlənməsinə və bölgənin sosial-mədəni inkişafına töhfə verir.
Prezident İlham Əliyevin Məşvərət görüşündə bu dəstəyi xüsusi vurğulaması Azərbaycanın qardaş ölkələrlə münasibətlərə verdiyi yüksək dəyərin ifadəsidir. İşğaldan azad edilmiş ərazilərin bərpasında göstərilən həmrəylik onu da nümayiş etdirir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən əlaqələr yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu münasibətlərin təməlində ortaq tarix, mənəvi yaxınlıq və bir-birinin inkişafına dəstək vermək iradəsi dayanır.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri energetika sahəsidir. Regionun enerji resursları, Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit rolunu oynayır. Türkmənistan və Qazaxıstandan hasil olunan neftin Azərbaycan ərazisi vasitəsilə nəql edilməsi Xəzər dənizinin regional və beynəlxalq enerji əlaqələrində əhəmiyyətini artırır. Bu daşımaların həcminin artması ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsinə, tranzit imkanlarının genişlənməsinə və yeni əməkdaşlıq perspektivlərinin yaranmasına şərait yaradır.
Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər regionun enerji potensialından daha səmərəli istifadə olunmasına xidmət edir. Bu təşəbbüs gələcəkdə elektrik enerjisinin ötürülməsi imkanlarının genişləndirilməsi, enerji sistemlərinin əlaqələndirilməsi və təmiz enerji mənbələrinin inkişafı baxımından yeni perspektivlər aça bilər.
Energetika sahəsində əməkdaşlığın genişlənməsi həm də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni artırır. Ənənəvi enerji resurslarının tranziti ilə yanaşı, yaşıl enerji layihələrinin inkişafı ölkəmizin regional enerji əməkdaşlığında rolunu daha da gücləndirir.

Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər