Bu gün Azərbaycanın beynəlxalq müstəvidə qazandığı mövqe, artan nüfuzu və dinamik inkişafı hər bir azərbaycanlıda qürur hissi doğurur. Prezident İlham Əliyevin VIII qurultayda səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi inkişaf yolunu, qarşıya qoyulan strateji məqsədləri və gələcəyə istiqamətlənmiş siyasətini əks etdirir. Azərbaycanın beynəlxalq aləmdə böyük hörmətə layiq ölkə kimi tanınması uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, iqtisadi inkişafın və milli maraqlara əsaslanan qərarların nəticəsidir.
2003-cü ildən etibarən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması və beynəlxalq mövqeyinin gücləndirilməsi olub. Bu gün də həmin inkişaf xətti davam etdirilir. Ölkəmizin əldə etdiyi nailiyyətlər göstərir ki, dövlətin gələcəyini müəyyən edən əsas amillərdən biri düzgün seçilmiş strateji istiqamət, ardıcıl fəaliyyət və milli məqsədlərə sadiqlikdir.
Azərbaycanın beynəlxalq nüfuzundan danışarkən ilk növbədə iqtisadi müstəqilliyin əhəmiyyətini qeyd etmək lazımdır. Güclü iqtisadiyyat dövlətin siyasi müstəqilliyinin əsas dayaqlarından biridir. Son illərdə ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, yolların və nəqliyyat dəhlizlərinin inkişafı, enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi Azərbaycanın regional və qlobal əhəmiyyətini artırıb. Əlverişli coğrafi mövqeyimizdən səmərəli istifadə olunması ölkəmizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat və iqtisadi əlaqələrdə iştirakını gücləndirir.
Azərbaycanın müasir tarixində ən mühüm nailiyyətlərdən biri isə ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu məqsəd uzun illər dövlət siyasətinin əsas prioritetlərindən biri olub. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə suverenliyin ölkəmizin bütün ərazisində tam bərpa olunması Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoydu.
Bu Qələbə xalqımızın iradəsinin, dövlətimizin qətiyyətinin, ordumuzun gücünün və milli birliyimizin təcəssümüdür. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və xalqımızın Vətən sevgisi bu tarixi uğurun mənəvi əsaslarını təşkil edir. Əldə olunan nailiyyətlər bir daha göstərdi ki, milli məqsədlər ətrafında birləşən xalq qarşısında duran ən çətin vəzifələri belə həyata keçirmək əzmindədir.
Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni yaşayış məntəqələrinin salınması, yolların çəkilməsi, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılması dövlətimizin gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Böyük Qayıdış prosesi yalnız ərazilərin bərpası deyil, həm də insanların öz doğma torpaqlarında təhlükəsiz və firavan həyat qurması deməkdir.
Ölkəmizin beynəlxalq müstəvidə qazandığı hörmət yalnız hərbi və iqtisadi nailiyyətlərlə məhdudlaşmır. Azərbaycanın müxtəlif dövlətlərlə qurduğu əməkdaşlıq, beynəlxalq təşkilatlarda fəal iştirakı, enerji təhlükəsizliyinə verdiyi töhfə və regional təşəbbüsləri də onun mövqeyini möhkəmləndirir. Müasir dünyada etibarlı tərəfdaş olmaq, milli maraqları qorumaq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmaq böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun artmasına xidmət edir.
Eyni zamanda, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması gələcək inkişafımız üçün mühüm şərtdir. Müharibədən sonrakı dövrdə sülhün möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və nəqliyyat imkanlarının inkişafı region ölkələri üçün yeni perspektivlər yarada bilər. Sülhün qorunması gələcək nəsillərin təhlükəsiz şəraitdə yaşaması, iqtisadi tərəqqinin davam etməsi və xalqlar arasında qarşılıqlı etimadın formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mənim qənaətimə görə, güclü dövlət anlayışı yalnız beynəlxalq nüfuz və iqtisadi göstəricilərlə ölçülmür. Güclü dövlət, ilk növbədə, öz taleyini özü müəyyən edən, milli maraqlarını qoruyan, çətinliklər qarşısında iradəsini itirməyən və gələcəyinə inamla addımlayan dövlətdir. Azərbaycan bu gün məhz belə bir inkişaf yolu ilə irəliləyir. Əldə olunan nailiyyətlər hər birimizə dövlətimizin gələcəyinə daha böyük inamla baxmaq üçün əsas verir.
Bununla yanaşı, ölkəmizin gələcək uğurları üçün təhsilin, elmin, innovasiyaların və insan kapitalının inkişafı da mühüm əhəmiyyət daşıyır. Gənclərin bilikli, savadlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsi Azərbaycanın gələcək inkişafının əsas şərtlərindəndir. Milli-mənəvi dəyərlərimizi qorumaq, tariximizi öyrənmək və dövlətçilik ənənələrimizi yaşatmaq hər birimizin üzərinə düşən mühüm vəzifədir.
Dövlətin gücü həm də vətəndaşlarının məsuliyyətində, cəmiyyətin birliyində və ümumi məqsədlər naminə göstərilən səylərdə özünü büruzə verir. Hər bir insanın öz fəaliyyət sahəsində vicdanla çalışması, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətə fayda verməsi ümumi inkişafımıza töhfədir. Azərbaycanın əldə etdiyi nailiyyətləri qorumaq və daha da irəli aparmaq yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də məsuliyyətidir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi inkişaf yolunun mahiyyətini ifadə etməklə yanaşı, qarşıda duran vəzifələri də xatırladır. Bu gün əldə etdiyimiz uğurlar gələcək hədəflərimiz üçün möhkəm zəmin yaradır. Əsas məqsədimiz iqtisadi inkişafı davam etdirmək, bölgələrimizin potensialını artırmaq, sosial rifahı yüksəltmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və dövlətimizin müstəqilliyini daha da gücləndirməkdir.
Nəticə etibarilə, Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkə kimi mövqeyinin möhkəmlənməsi uzunmüddətli siyasətin, milli iradənin, xalqımızın birliyinin və qətiyyətli inkişaf strategiyasının nəticəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası tariximizin şanlı səhifəsi, bu gün həyata keçirilən quruculuq və inkişaf işləri isə gələcəyimizin möhkəm təməlidir.
Azərbaycanın gücü müstəqil siyasətində, xalqının birliyində, milli iradəsində və gələcəyə inamındadır. Bizim əsas vəzifəmiz əldə etdiyimiz nailiyyətləri qorumaq, dövlətimizin inkişafına töhfə vermək və gələcək nəsillərə daha güclü, firavan və müstəqil Azərbaycan miras qoymaqdır.
Rəvanə Seyidova
YAP Ordubad rayon təşkilatının faəlı,VIII Qurultayın iştirakçısı