Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı regionda formalaşan yeni siyasi-iqtisadi reallıqların konturlarını daha aydın göstərdi. Bu çıxış təkcə Azərbaycanın mövqeyini ifadə etmədi, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yaranan strateji əməkdaşlıq modelinin gələcək inkişaf xəritəsini ortaya qoydu. Prezidentin vurğuladığı əsas tezislər regional inteqrasiyanın dərinləşməsi, iqtisadi əlaqələrin institusional səviyyədə möhkəmlənməsi və ortaq təhlükəsizlik gündəminin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini təkcə ikitərəfli formatda deyil, çoxtərəfli platformalarda da sistemli şəkildə genişləndirir. Bu prosesin əsasını qarşılıqlı siyasi etimad, ortaq tarixi-mədəni bağlar və region dövlətlərinin müstəqil inkişaf strategiyalarının bir-birini tamamlaması təşkil edir. Prezident vurğuladı ki, son bir ildə beş yüksək səviyyəli qarşılıqlı səfərin baş tutması bu etimadın və əməkdaşlıq iradəsinin bariz göstəricisidir.
Humanitar sahədə də əməkdaşlıq diqqət çəkir. Türkmənistanın Füzulidə inşa etdiyi məscid, Özbəkistanın Şuşada məktəb layihəsi, Qazaxıstan və Qırğızıstanın azad edilmiş ərazilərdə həyata keçirdiyi sosial-humanitar təşəbbüslər xalqlar arasında qardaşlıq münasibətlərinin real təzahürüdür. Prezident bu layihələri təkcə humanitar jest kimi deyil, həm də region dövlətlərinin Azərbaycanın bərpa prosesinə verdiyi strateji dəstək kimi qiymətləndirdi.
İlham Əliyevin çıxışının ən mühüm hissələrindən biri iqtisadi əməkdaşlıqla bağlı oldu. O bildirdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi son bir ildə 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə fəaliyyət göstərən şirkətlərin sayı 400-dən artıqdır və bu rəqəm sürətlə yüksəlir. Bu dinamika regionda yeni iqtisadi modelin formalaşdığını göstərir: qarşılıqlı investisiyaya əsaslanan, birgə istehsal və ixrac imkanlarını genişləndirən kooperasiya modeli.
Bu kontekstdə Prezident Azərbaycan ilə Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının xüsusi əhəmiyyətini vurğuladı. Hər bir fondun kapitalı yüz milyonlarla dollarla ölçülür və bu fondlar regionda sənaye, logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və enerji sahələrində birgə layihələrin maliyyələşdirilməsi üçün mühüm platformaya çevrilir. İlham Əliyev qeyd etdi ki, bu fondların potensialı daha fəal işə salınmalı, konkret layihələr üzrə qərarlar verilməli və regionda vahid iqtisadi məkanın formalaşmasına töhfə verilməlidir. Onun fikrincə, ölkələr yalnız ticarət etməklə kifayətlənməməli, birgə istehsal etməli və dünya bazarlarına birlikdə çıxmalıdırlar.
Enerji sahəsi də əməkdaşlığın strateji sütunlarından biri kimi təqdim olundu. Prezident bildirdi ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit rolunu oynayır. Hazırda Türkmənistan və Qazaxıstan nefti Azərbaycan üzərindən daşınır və bu həcmlər artmaqda davam edir. Bununla yanaşı, Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə “yaşıl enerji dəhlizi”nin yaradılması istiqamətində iş aparır. Bu təşəbbüs regionun bərpa olunan enerji potensialının Avropa bazarlarına çıxarılmasını təmin edəcək və enerji təhlükəsizliyinə yeni məzmun gətirəcək.
Nəqliyyat sahəsində Transxəzər Şərq–Qərb marşrutu xüsusi önəm daşıyır. İlham Əliyev qeyd etdi ki, bu dəhliz Mərkəzi Asiya ilə Azərbaycan arasında ticarətin genişlənməsi üçün əsas arteriyadır. Azərbaycan son illərdə liman, dəmir yolu və avtomobil infrastrukturu sahəsində genişmiqyaslı modernizasiya həyata keçirərək bu marşrutun rəqabət qabiliyyətini artırıb. Prezident vurğuladı ki, region ölkələrinin logistika sistemlərinin bir-birini tamamlaması vahid nəqliyyat məkanının formalaşmasına şərait yaradır və bu, həm iqtisadi, həm də geosiyasi baxımdan böyük üstünlüklər təmin edir.
İlham Əliyevin çıxışı həm də təhlükəsizlik məsələlərinə toxundu. O bildirdi ki, regionda sabitlik və qarşılıqlı hörmət prinsipləri əməkdaşlığın əsasını təşkil edir. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə birlikdə regional təhlükəsizlik gündəmini formalaşdırmağa hazırdır və bu istiqamətdə siyasi dialoq daha da intensivləşməlidir.
Türkmənbaşı görüşü bir daha göstərdi ki, Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığı strateji səviyyədə dərinləşdirir. Birgə investisiya fondları, enerji və nəqliyyat layihələri, humanitar təşəbbüslər və siyasi dialoq bu tərəfdaşlığın əsas dayaqlarıdır. Prezident İlham Əliyevin çıxışı regionun gələcək inkişaf xəritəsini müəyyənləşdirən mühüm siyasi mesajlar verdi və Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlığının yeni mərhələsinin başlanğıcını təsdiqlədi.
Günel İsmayılzadə
YAP Ordubad rayon fəalı