YAP Şamaxı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
Şamaxı Dövlət Regional Kollecində keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə danışıb. O, qurultayda səsləndirilən fikirlərin partiyanın yerli təşkilatları və ərazi partiya təşkilatları tərəfindən dərindən öyrənilməsinin, qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra 06 saylı ərazi partiya təşkilatının sədri Nüşabə Mütəllimova və Şamaxı Dövlət Regional Kollecinin müəllimi Akif Daşdıyev çıxış ediblər.
Çıxışlarda cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin mahiyyəti, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması məsələlərinə toxunulub. Bildirilib ki, müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət düşür.
Tədbir zamanı tələbələr də müzakirələrə qoşularaq mövzu ilə bağlı fikirlərini səsləndirib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tələbələrin müzakirələrdə iştirakı gənclərin ictimai-siyasi proseslərə marağının artırılması, dövlətçilik dəyərlərinin və vətənpərvərlik ruhunun təşviqi baxımından əhəmiyyətli olub.
Tədbir mövzu ətrafında fikir mübadiləsi və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.