Bu gün Azərbaycan heç kimdən asılı olmayan, müstəqil siyasət yürüdən, dinamik inkişaf edən və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə yüksək nüfuz qazanmış ölkədir. Dünya dövlətlərinin əksəriyyəti ziddiyyətlər və qarşıdurmalar məkanına çevrildiyi halda Azərbaycan sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühiti ilə xüsusi olaraq seçilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, gələcək dövr üçün də dayanıqlı inkişafa etibarlı zəmin yaradıb. Böyük iqtisadi potensial, fəal xarici siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb.
Lakin bununla yanaşı hazırda aktual məsələlərdən biri xaricdən gələn risklərə qarşı mübarizənin aparılmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik kimi önəmli olmasını qeyd etməsi heç də təsadüfi deyil. Çünki qlobal dünyada sərhəd tanımayan ideoloji risklərdən, təxribatlardan qorunmaq əsas vəzifələrdəndir.
Bu məsələdə ən önəmli sahələrdən biri təhsil sahəsidir. Əlbət ki, ölkə rəhbərinin qeyd etdiyi kimi, xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa o qədər də, yalanlara, şayiələrə, zəhərlə dolu olan ideoloji təxribatlara uymayacaq.
Bu gün məkirli niyyətlərə xidmət edən daxili və xarici qüvvələr idarə etdikləri sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışır, dini-ideoloji təbliğat vasitəsilə xurafatı, mövhumatı azərbaycanlıların həyat tərzinə çevirməyə çalışırlar. Bəzi qonşu ölkələrdə baş örtüsü (hicab) məsələsi süni şəkildə qabardılaraq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə qarşı kompaniyalar aparırlar.
Azərbaycan isə dünyəvi dövlətdir və ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Azərbaycanda islam dəyərlərinə, adət-ənənələrinə böyük ehtiram göstərilir. Ölkə başçısının himayəsi ilə tarixi-dini abidələrimiz, ziyarətgahlar bərpa edilir, yeni ibadət ocaqları inşa olunaraq dindarların istifadəsinə verilir. Dini etiqad azadlığı dövlət tərəfindən təmin edilir. Bununla yanaşı dini inanclar hüquq pozuntusuna, ayrı-seçkiliyə və ya digər şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır.
Azərbaycanda təhsil sistemi də dünyəvi xarakter daşıyır. Dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır.
Məlumdur ki, ölkəmizdə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı yeni qərar qəbul edilib. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinə dəyişiklik olunub. Məktəbli formasına dair tələblərin əsas məqsədi təhsil müəssisələrində vahid, səliqəli, rahat və tədris prosesinə uyğun mühitin formalaşdırılmasıdır. Geyim məsələsi yalnız xarici görünüşlə bağlı deyil, eyni zamanda məktəb mühitində nizam-intizam, bərabərlik və kollektivə aidlik hissinin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Məktəb mühitində əsas prinsiplərdən biri bütün şagirdlər üçün bərabər şəraitin yaradılmasıdır. Şagirdlərin ailələrinin sosial və maddi imkanlarından asılı olmayaraq eyni geyim standartına uyğun olması uşaqlar arasında sosial-iqtisadi fərqlərin daha az nəzərə çarpmasına və ayrı-seçkilik risklərinin azalmasına xidmət edir.
Digər mühüm məqam dövlət təhsil sisteminin dünyəvi və inklüziv xarakter daşımasıdır. 2026-cı ildə “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərdə milli və ümumbəşəri dəyərlərin qorunması ilə yanaşı, dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ayrıca prinsip kimi müəyyənləşdirilib. Həmin dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi də qanunvericilikdə təsbit olunub. Bu baxımdan məktəbli forması bütün şagirdlər üçün neytral və vahid təhsil mühitinin yaradılmasının elementlərindən biridir.
Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir.
Artıq bir neçə ildir ki, müsəlman ölkələri olan Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan təhsil müəssisələri üçün məcburi məktəbli formaları tətbiq edilir.
Məktəbli forması məsələsinə yalnız geyim seçimi kimi yanaşmaq düzgün olmaz. Bu məsələ həm də məktəb mühitinin necə təşkil olunması, uşaqlar arasında münasibətlərin formalaşması, sosial fərqlərin görünüşünün azaldılması və şagirdin özünü məktəb kollektivinin bir hissəsi kimi hiss etməsi ilə bağlıdır. Məktəbli forması ilə bağlı yeni qərar yalnız geyimin formasını müəyyənləşdirən texniki dəyişiklik kimi deyil, dövlət ümumi təhsil müəssisələrində vahid məktəb mühitinin və geyim mədəniyyətinin tənzimlənməsinə yönəlmiş yanaşmanın davamı kimi qiymətləndirilməlidir.
Odur ki, qız uşaqlarına məcburi və israrlı formada dini baş örtüyün bağlanmasını təbliğ edən, bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərən xarici radikal dini-ideoloji mərkəzlərin təsir imkanları məhdudlaşdırılmalı, onların qurbanına çevrilmiş qruplar və xüsusilə valideynlərlə maarifləndirici iş aparılmalıdır. Azyaşlıların dini dünyagörüşünün formalaşmasına sistemli ideoloji təsirlər onların müstəqil seçim imkanlarını məhdudlaşdırır və radikallaşma üçün əlverişli sosial-psixoloji zəmin yaradır.
Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi, xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması, gənc nəsli, uşaqları belə təsirlərdən qorumaqdır. Bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməli, özü yad və zərərli təsirlər altına düşməməli və övladlarını da bu təsirlərdən müdafiə etməlidir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri