PDF Oxu

Siyasət

  • 1 437

"Ölkəmiz Avropa ilə Asiyanın kəsişməsində açar rolunu oynayır" - ŞƏRH

"Ölkəmiz Avropa ilə Asiyanın kəsişməsində açar rolunu oynayır" - ŞƏRH

"Azərbaycanın növbəti mötəbər beynəlxalq tədbiri keçirildi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatının VII Zirvə Toplantısının Azərbaycanda keçirilməsi, dünyanın önəmli ölkələrinin liderlərinin, dövlət başçılarının ölkəmizə gəlməsi və belə bir mötəbər tədbirdə iştirak etməsi Azərbaycanın qlobal xarici siyasətdə artan nüfuzunun göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, artıq məlumdur ki, Azərbaycan beynəlxalq diplomatiyanın nəbzinin vurduğu bir məkana çevrilmişdir: "İl ərzində sayı getdikcə artan tədbirlərin, xüsusilə də qlobal siyasətin gündəminin formalaşmasına hesablanmış önəmli tədbirlərin ölkəmizdə həyata keçirilməsi, sammitlərin, zirvə toplantılarının keçirilməsi çox önəmlidir.

Bəs Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təşkilatı nə üçün önəmlidir və nə üçün bu tədbir Azərbaycanda keçirildi?

Məlumdur ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən unikal coğrafiyada, beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən bir ölkədir. Ölkəmiz Avropa ilə Asiyanın kəsişməsində açar rolunu oynayır. Bu kəsişmə təkcə coğrafi deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən beynəlxalq geosiyasi kəsişmə kimi də qiymətləndirilə bilər.

Yəni beynəlxalq geosiyasi baxımdan ölkəmizin, xüsusilə də hazırda dünyanın çox önəmli geosiyasi mərkəzlərindən birinə çevrilmiş Asiya regionunu əhatə edən təşkilatın sammitinin Azərbaycanda keçirilməsi çox önəmli idi.

Bilirsiniz ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə — AQEM həqiqətən də çox böyük bir təşkilatdır. Milyardlarla insanı və onlarla ölkəni əhatə edən, beynəlxalq miqyasda çox önəmli gücə malik bir təşkilatdır.

Asiyanın hazırda dünya geosiyasətində xüsusi mərkəzə çevrilməsi və bu baxımdan diqqət mərkəzində olması onu göstərir ki, Asiyada qarşılıqlı əməkdaşlığa yönəlmiş tədbirlərin Azərbaycanda həyata keçirilməsi bir daha sübut edir ki, ölkəmiz artıq təkcə Amerika Birləşmiş Ştatları, Çin və Avropa İttifaqı ilə münasibətlərdə deyil, Asiyada, Asiya qitəsində və Asiya coğrafiyasında da çox önəmli söz sahibi olmaqda davam edir.

Bir sözlə, bu, Azərbaycanın artan beynəlxalq gücünün, nüfuzunun və qlobal səviyyədə oynadığı rolun göstəricisidir. Artıq biz bunu dəfələrlə müxtəlif aspektlərdən vurğulamışıq. Qoşulmama Hərəkatı, COP26 tədbiri, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi, daha sonra Avropa İttifaqı ilə münasibətlərimiz, Avropa İttifaqının əksər ölkələri ilə strateji əməkdaşlıq, Amerika Birləşmiş Ştatları, Çin və regional ölkələrlə əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı, Türk dünyası və sair — bütün bunlar bir daha göstərir ki, Azərbaycan həqiqətən də bu gün bütün dünyanın tanıdığı orta güc dövləti kimi öz sözünü deyir, öz nüfuzunu nümayiş etdirir.

Beləliklə, ölkəmizin beynəlxalq siyasətdə oynadığı rolun artan əhəmiyyətinin bir daha təsdiqini tapdığını görürük".

Digər xəbərlər