PDF Oxu

Siyasət

  • 556

Üzv ölkələr Azərbaycanın sədrlik müddətini daha iki il uzatmaq qərarına gəldilər - ŞƏRH

Üzv ölkələr Azərbaycanın sədrlik müddətini daha iki il uzatmaq qərarına gəldilər - ŞƏRH

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi və Bakıda keçirilən 7-ci Zirvə Toplantısı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, etibarlı tərəfdaş imicini və diplomatik gücünü bir daha aydın göstərdi. 28 üzv dövlətin yekdil qərarı ilə rəhbərliyə seçilən Azərbaycan ötən iki illik məsuliyyətli missiyanı formal yox, tam mənası ilə əməli işlərlə yerinə yetirdi. Məhz bu uğurlu fəaliyyətin və böyük etimadın nəticəsidir ki, üzv ölkələr Azərbaycanın sədrlik müddətini daha iki il uzatmaq qərarına gəldilər.

Prezident İlham Əliyev Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündəki nitqində ölkəmizə göstərilən bu qlobal etimadı belə qiymətləndirdi: “İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır”.

Ölkəmiz 2024-cü ilin dekabrında AQEM-ə “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında sədrliyə başlayıb. Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Dövlətimizin başçısı sammitdəki çıxışında qeyd edib: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür”.

Azərbaycan sədrliyinin prioritetlərindən biri AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür. Bu baxımdan, AQEM-in İmtiyaz və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün zəruri ratifikasiya sayına Azərbaycan sədrliyi dövründə nail olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan sədrliyinin digər mühüm istiqaməti AQEM-in məşvərətçi orqanlarının fəaliyyətinin canlandırılması və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Digər mühüm hal AQEM Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılmasıdır. Qadınların iqtisadi, sosial və ictimai həyatda iştirakının genişləndirilməsi, onların qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsi və gender bərabərliyinin təşviqi müasir dayanıqlı inkişaf gündəliyinin əsas istiqamətlərindəndir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə Şuranın Nizamnaməsinin hazırlanması və üzv dövlətlərlə razılaşdırılması bu istiqamətdə atılan konkret addımdır.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır.

Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar əksini tapıb. Sənəddə, həmçinin, dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana çəkilir. Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da yer alıb.

Bakı Sammitinin əhəmiyyəti yalnız qəbul ediləcək sənədlərlə məhdudlaşmır. Tədbir Azərbaycanın müxtəlif regional aktorlar arasında dialoqu təşviq edən, qarşılıqlı etimadın gücləndirilməsinə və Asiyada daha geniş əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən dövlət kimi mövqeyini bir daha nümayiş etdirir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər