PDF Oxu

Siyasət

  • 1 084

Böyük Qayıdışın və milli qürurun təntənəsi - ŞƏRH

Böyük Qayıdışın və milli qürurun təntənəsi - ŞƏRH

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış 20 Oktyabr – Zəngilan Şəhəri Günü milli qürurumuzun, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür. Bu əlamətdar gün 2020-ci ildə Vətən müharibəsi zamanı Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlıdır. Hər il qeyd edilən bu tarix xalqımızın torpaq sevgisini, müstəqilliyə bağlılığını və ərazi bütövlüyümüz uğrunda apardığı mübarizənin tarixi əhəmiyyətini bir daha nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təsis edilmişdir. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Oktyabrın 20-də Zəngilan şəhərinin və ətraf yaşayış məntəqələrinin azad olunması hərbi əməliyyatların gedişində mühüm hadisəyə çevrildi. Bu Qələbə Azərbaycan əsgərinin cəsarətinin, xalqımızın birliyinin və dövlətimizin qətiyyətli siyasətinin parlaq nəticəsi idi. Zəngilanın azad edilməsi təkcə bir şəhərin düşmən işğalından qurtuluşu deyil, həm də xalqımızın ədalətə, tarixi həqiqətə və milli birliyə olan inamının təntənəsi idi.
Bu gün azad edilmiş Zəngilan torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin mühüm mərkəzlərindən biridir. Dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ərazidə yaşayış məntəqələri yenidən qurulur, yollar, sosial obyektlər və müasir infrastruktur layihələri reallaşdırılır. Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad edilmiş ərazilərin yeni inkişaf modelinin əhəmiyyətli nümunəsidir. Müasir texnologiyalara, rahat yaşayış şəraitinə və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan bu layihə Böyük Qayıdışın real məzmununu nümayiş etdirir.

İşğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Zəngilanlıların doğma torpaqlarına qayıtması onilliklər boyu davam edən həsrətin sona çatması, ailələrin öz yurdlarında yenidən bir araya gəlməsi və həyatın yeni səhifəsinin açılması deməkdir.
Böyük Qayıdış proqramı xalqımızın torpaqlarına bağlılığını, dövlətimizin sosial məsuliyyətini və gələcəyə yönəlmiş inkişaf strategiyasını özündə birləşdirir. Zəngilanın yenidən qurulması göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, eyni zamanda azad edilmiş torpaqlarda müasir və dayanıqlı həyat qurur.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq siyasəti Azərbaycanın iqtisadi gücünün, təşkilati imkanlarının və uzunmüddətli inkişaf hədəflərinin göstəricisidir. Zəngilanın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, nəqliyyat və kommunal infrastrukturunun inkişafı, istehsal və məşğulluq imkanlarının yaradılması bölgənin gələcək iqtisadi həyatına yeni nəfəs verir.
Bu prosesdə ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə və müasir texnologiyaların tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Məqsəd yalnız keçmişi bərpa etmək deyil, həm də gələcək nəsillər üçün daha müasir, rahat və firavan yaşayış məkanı yaratmaqdır.
Bu gün Zəngilan keçmişin ağrılı xatirələrindən gələcəyin quruculuq üfüqlərinə doğru inamla irəliləyir. Onun hər yeni binasında, abadlaşan küçəsində, yenidən canlanan yaşayış məntəqəsində Böyük Qayıdışın və Zəfərin izləri görünür.
Oktyabr – Zəngilan Şəhəri Günü mübariz xalqımızın qələbə əzminin, Azərbaycanın sarsılmaz dövlətçilik iradəsinin və doğma torpaqlarımıza qayıdışın rəmzidir. Zəngilanın azadlığı ilə başlanan yeni tarix bu gün quruculuq, inkişaf və firavan gələcək naminə davam edir.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər