PDF Oxu

Siyasət

  • 605

20 Oktyabr – Zəngilan Şəhəri Günü: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

20 Oktyabr – Zəngilan Şəhəri Günü: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

20 oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycan xalqının milli qürurunu, dövlətimizin qüdrətini və tarixi ədalətin bərpasını təcəssüm etdirən əlamətdar günlərdən biridir. Zəngilanın işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm tarixi addımlardan biri olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsidir.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan rayonu uzun illər ərzində ağır dağıntılara və talanlara məruz qalmış, minlərlə sakin doğma yurdlarından didərgin düşmüşdür. Lakin zəngilanlılar bütün çətinliklərə baxmayaraq, öz doğma torpaqlarına qayıtmaq ümidini və Vətənə bağlılığını qoruyub saxlamışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad olunması xəbəri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu qələbə əsgər və zabitlərimizin şücaətinin, şəhidlərimizin fədakarlığının və xalqımızın milli həmrəyliyinin parlaq təzahürü idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi təsis edildi. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və azad edilmiş şəhərlərimizin tarixində mühüm hadisələrin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün Zəngilan işğalın ağır izlərini geridə qoyaraq yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Zəngilanın da simasını dəyişir. Şəhərdə və rayonun yaşayış məntəqələrində müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, sosial obyektlərin tikilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi azad edilmiş ərazilərin müasir yanaşmalar əsasında yenidən qurulmasının uğurlu nümunəsidir. Bu layihə kənd həyatının müasir texnologiyalarla təşkilinə, sakinlərin məşğulluğunun artırılmasına və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Ağalıdan başlanan Böyük Qayıdış prosesi doğma yurda dönüşün real nəticələrini nümayiş etdirir. Zəngilanın strateji coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və nəqliyyat-kommunikasiya imkanları onun gələcək inkişafı üçün geniş perspektivlər yaradır. Regionda yeni nəqliyyat əlaqələrinin formalaşdırılması Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, Şərqi Zəngəzurun inkişafı və ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Zəngilanın dirçəldilməsi yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır. Burada əsas məqsəd insanların doğma yurdlarında təhlükəsiz, rahat və firavan həyat sürməsini təmin etmək, sosial-iqtisadi fəallığı artırmaq və tarixi-mədəni irsi qoruyub gələcək nəsillərə ötürməkdir. Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Bu əlamətdar tarix bizə azadlığın hansı böyük fədakarlıqlar hesabına əldə olunduğunu bir daha xatırladır. Zəngilanın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.Zəngilanın bugünkü inkişafı Azərbaycanın güclü dövlətçilik iradəsinin, milli birliyinin və gələcəyə inamının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ölkəmizin sülhə, tərəqqiyə və davamlı inkişafa əsaslanan siyasətinin mühüm nəticələrindəndir. Bu gün Zəngilan yalnız azad edilmiş şəhər deyil, həm də yenidən doğulan, gələcəyə inamla addımlayan Azərbaycanın rəmzlərindən biridir. Şəhərin hər bir inkişaf mərhələsi tarixi Zəfərin davamı, xalqımızın öz torpaqlarına bağlılığının və dövlətimizin quruculuq əzminin təzahürüdür. 20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə zəngilanlıları təbrik edir, doğma yurda qayıdan sakinlərə firavan həyat, ölkəmizə davamlı sülh və tərəqqi arzulayırıq. Zəngilanın azadlığı və dirçəlişi Azərbaycan tarixində milli qürurun, qəhrəmanlığın və Böyük Qayıdışın parlaq səhifəsi kimi daim yaşayacaqdır.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər