Siyasət

  • 11 725

Bolqarıstan KİV-ləri Azərbaycan səfirinin ictimai müraciətini geniş işıqlandırıb

image

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Ermənistan silahlı qüvvələrinin artilleriyadan istifadə edərək ordumuzun mövqelərini atəşə tutması ilə əlaqədar bu ölkənin mediasına açıq məktub ünvanlayıb. Səfirin ictimai müraciəti Bolqarıstan cəmiyyəti tərəfindən maraqla qarşılanıb. Müraciət müxtəlif sərlövhələrlə Bolqarıstanın nüfuzlu "24 Chasa" və "Kırcaalihaber" qəzetlərinin, "Fokus" xəbər agentliyinin, həmçinin www.24plovdiv.bg, www.svobodennarod.eu və www.blacksea-caspia.eu xəbər və analitik internet saytlarında dərc olunub.SİA xəbər verir ki, müraciətdə iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində yerləşən mövqelərinin artilleriya qurğularından və müxtəlif iriçaplı silahlardan istifadə edilərək atəşə tutulduğu bildirilib, itkilər barədə məlumat verilib. Təxribatın iki ölkənin dövlət sərhədində, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş ərazilərlə əlaqəsi olmayan Tovuz rayonunda baş verməsinə xüsusi diqqət yetirilib. Erməni silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyətinin və bəyanatlarının davamı kimi qiymətləndirilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri iyulun 12-13-də iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz və Culfa rayonları istiqamətində ordumuzun mövqelərini atəşə tutub.Müraciətdə vurğulanıb ki, Azərbaycan tərəfindən Qazax və Tovuz rayonları istiqamətində dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Məqsəd Azərbaycan-Ermənistan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılmasıdır. Əfsuslar olsun ki, bu təşəbbüsün əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və mülki şəxslərin qəsdən hədəfə alınması sistemli şəkildə davam etdirilir. Ermənistan bu hərbi təxribatla üzvü olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, ölkəmizə qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd edir. Halbuki Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar özlüyündə onun üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədləri ilə ziddiyyət təşkil edir.Səfir qeyd edib ki, getdikcə pisləşən sosial-iqtisadi vəziyyət fonunda Ermənistan rəhbərliyi diqqəti ölkənin ciddi daxili problemlərindən yayındırmaq üçün bölgədəki vəziyyəti gərginləşdirməyə çalışır. Təcavüz aktı və Ermənistan tərəfindən atəşkəs rejiminin davamlı şəkildə pozulması, bunların COVID-19-la mübarizədə beynəlxalq səylərin artdığı bir dövrdə baş verməsi əsl riyakarlıq nümunəsidir.Müraciətdə, həmçinin BMT-nin Nizamnaməsinin və digər beynəlxalq hüquqi öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulduğu qeyd olunub, ölkəmizin hərbi təcavüzə məruz qaldığı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun işğal olunduğu xatırlanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu bildirilir.Sərhəddə törədilmiş təxribatın rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığını sübut etdiyini vurğulayan səfir ölkəmizin beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı siyasətini və dövlət sərhədi boyunca təxribatçı hərəkətlərini sərt şəkildə pisləməyə çağırdığını vurğulayır.Beynəlxalq ictimaiyyətin bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün qarşısında öhdəlik daşıdığını xatırladan N.Qurbanova qeyd edir ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərinə ciddi şəkildə əməl etməsi, təcavüzkar ölkənin silahlı qüvvələrin Azərbaycanın işğal altındakı ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunması üçün məsuliyyət daşıyır.

sia.az

Digər xəbərlər