Siyasət

  • 12 204

Emin Hacıyev: Vahid idarəetmənin olması su təhlükəsizliyimizi təhdid edən problemlərin tezliklə həllinə gətirib çıxara bilər

image

“Azərbaycanda şirin su ehtiyatlarının əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması nəzərə alınaraq son illər ölkəmizdə su təsərrüfatı sahəsində irimiqyaslı layihələr həyata keçirilib”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

E.Hacıyev bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması, yeni sugötürücü və sutəmizləyici qurğuların inşası ölkəmizin su təhlükəsizliyinin təmin olunması baxımından vacib layihələrdir: "Cənab Prezident İlham Əliyevin su təsərrüfatının vəziyyətinə dair keçirdiyi müşavirədə vurğuladığı kimi, Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz idisə, bu gün bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən 82 faizə, regionlarda isə 9 faizdən 63 faizə yüksəlib. Bu, böyük nailiyyət olsa da, hələ də istədiyimizə tam nail ola bilməmişik. Hədəfimiz içməli su və suvarma suyu ilə təminatın 100 faiz olmasıdır.
Məlumdur ki, hazırda ölkəmizdə su təchizatı ilə bağlı ciddi problemlər yaşanır. Son vaxtlar baş verən iqlim dəyişikliyi, quraqlıq, havanın orta temperaturunun yüksəlməsi, yağıntının, çaylarda sululuğun azalması, digər tərəfdən ölkə iqtsadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi suya tələbatı artırır. Amma hazırkı su qıtlığı təbii, obyektiv səbəblərlə yanaşı, həm də subyektiv səbəblərdən qaynaqlanır. Cənab Prezident müşavirədə bu sahədə mövcud olan problemləri açıq şəkildə diqqətə çatdırdı. Müşavirədə qeyd olunduğu kimi, dövlət qurumları arasında koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən biridir. Keçən il yaşanan quraqlıq göstərdi ki, aidiyyəti qurumlar böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu düzgün müəyyən edə bilməyiblər. Ciddi su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir, xərclərə nəzarət isə çox aşağı səviyyədədir. Su mənbələrinə qanunsuz qoşulmalar, təsərrüfatların suvarılması ilə bağlı verilən qərarlarda sui-istifadə halları var, suyun yerlərdə fermerlər arasında ədalətli bölgüsü həyata keçirilmir. Monitorinqlər göstərir ki, su itkilərinin əsas mənbəyi torpaq kanallardır. Amma digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda isə bu itkilər süni şəkildə şişirdilir. Nəticədə, bu gün bəzi regionlarda sakinlər içməli su problemi yaşayır, həmin ərazilərə su maşınlarla daşınır. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə də böyük ziyan vurur. Bu, taxılçılıqda və pambıqçılıqda məhsuldarlığın yüksək olmasına çətinliklər yaradır. Bütün bunlar təbii ki, su təsərrüfatının idarəedilməsində ciddi nöqsanların olmasından xəbər verir. Müşavirədə cənab Prezident yaranmış problemin tez bir zamanda aradan qaldırılması üçün tapşırıqlar verdi, müvafiq qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirdi. Yaranmış vəziyyət su təsərrüfatının idarəedilməsində islahatların aparılmasına, su itkilərinin kəskin azaldılmasına və su ehtiyatlarından səmərəli istifadə olunmasına ehtiyac yaradır. Bunun üçün kompleks tədbirlər planının hazırlanması, yeni texnologiyalardan istifadənin genişləndirilməsi məqsədəuyğundur. Su təsərrüfatında vahid idarəetmə mexanizmi qurulmalıdır. Bu sahədə vahid idarəetmənin olması su təhlükəsizliyimizi təhdid edən problemlərin tezliklə həllinə gətirib çıxara bilər".

yap.org.az

Digər xəbərlər