Soydaşlarımız Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul ediblər

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Fransanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bəyanatda sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makronun Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Fransa kimi dövlətin prezidenti saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübut olmadan Azərbaycana qarşı böhtan atıb. Bu açıqlamalar dünyada yaşayan bütün azərbaycanlıların kəskin etirazına səbəb olub. Bu, bir daha göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.
Vurğulanır ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçını müdafiə edir.
Bəyanatda xatırladılır ki, Fransa 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir.
Həmçinin müraciətdə Azərbaycanın haqlı olduğu bildirilib, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ədalətli yanaşma çağırışı edilib.
Qeyd edək ki, bəyanatı Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdə yaşayan azərbaycanlılar, eləcə də dost xalqların nümayəndələri də daxil olmaqla, ümumilikdə 44 nəfər imzalayıb.

yap.org.az