“31 Mart - tariximizin qanla yazılmış səhifəsi” adlı “online” formatda tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi, Qaradağ, Quba və Şamaxı rayon təşkilatları və Azərbaycan Dövlət Pedoqoji Universitetin Quba filialının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımının ildönümünə həsr olunmuş “31 Mart - tariximizin qanla yazılmış səhifəsi” adlı “online” formatda tədbir keçirildi.

Tədbirdə rayon təşkilatlarının sədrləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 31 mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı tarixdə misli görülməmiş soyqırımı törədib. Soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Tarixən erməni şovinistlərinin xalqımıza qarşı məkrli əməllərindən söz açan Ramiz Göyüşov 31 mart soyqırımı aktının da bu cür faşist xislətindən qaynaqlandığını qeyd etdi. Həmçinin vurğuladı ki, tariximizə qanlı səhifə kimi həkk olunan bu soyqırım unudulmamalı, gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmalıdır.
Azərbaycan Dövlət Pedoqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev Quba Soyqırımı Memorial Kompleksindən canlı yayım edərək Quba soyqırımı məzarlığının tapılması, burada aparılan arxeoloji qazıntılar, eləcə də kompleksin yaradılması haqqında geniş məlumat verdi.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ramiz Yusubov, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev, YAP Binəqədi rayon təşkilatının sədr müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və başqaları çıxış etdilər. Natiqlər Ermənistanın tarix boyu azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etdilər.

yap.org.az