Siyasət

  • 769

Arazın suyu kimi Bakının da səbri daşa bilər! ANALİTİK+AKTUAL

image

Azərbaycanın ictimai-siyasi rəyi əlbəttə ki, İran tərəfini narahat edən bir çox sualları məhz Tehrana ünvanlamaq haqqına malikdir

Söz yox ki, hər bir ölkə öz ərazilərində istədiyi qədər hərbi təlimlər keçirə bilər və bu məsələdə kimsə-kimsəyə irad da tuta bilməz. Lakin son günlər İranın müsəlman (!) qonşusu Azərbaycana qarşı aqressiv və təhdid ritorikaları yenidən bir sıra məsələlərin üzə çıxmasına, əslində isə, reallıqları dilə gətrməyə kifayət qədər zəmin yaradır. Ölkənin SEPA hərbi birləşmələrinin nədənsə 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş ərazilərə yaxın bölgələrdə irimiqyaslı hərbi təlimlərə başlaması da bu amili aktuallaşdırmaqdadır. Belə olan halda isə Azərbaycanın ictimai-siyasi rəyi əlbəttə ki, İran tərəfini narahat edən bir çox sualları məhz Tehrana ünvanlamaq haqqına malikdir. Çünki Tehranın bu kimi addımları açıq-aşkar xoşməramlı hərbi təlimlər məqsədini güdmədiyini də ortaya çıxarmaqdadır.Təkcə bir danılmaz və beton kimi möhkəm FAKTI qeyd etsək, deyilənlərin həqiqətə nə qədər yaxın olduğunu əminliklə vurğulaya bilərik. Belə ki, İran onunla həmsərhəd olan və uzun illər Ermənistan tərəfindən işğala məruz qoyulan Azərbaycan torpaqlarının yaxınlığında bir dəfə də olsun hərbi təlimlər keçirməyib, bir dəfə də!
Tehran öz sərhədlərində Azərbaycanın qanuni hakimiyyətini bərpa etməsindən daha çox çəkinir, nəinki işğalçı Ermənistanın mövcudluğundan...
Demək ki, baş verənlərdən bu cür də nəticə çıxarmaq olar ki, özünü İran İslam Respublikası adlandıran Tehranın ali hərbi-siyasi-dini isteblişmenti 26 il ermənilər tərəfindən işğal altında saxlanılan müsəlman (!) Azərbaycan torpaqlarının belə vəziyyətdə qalmasında maraqıydı. Yeri gəlmişkən, İran bugünə qədər Ermənistanla sərhəddə də heç vaxt hərbi təlimlər keçirməyib (?!). Həmçinin belə çıxır ki, Tehran öz sərhədlərində Azərbaycanın qanuni hakimiyyətini bərpa etməsindən daha çox çəkinir, nəinki işğalçı Ermənistanın mövcudluğundan...Ümumiyyətlə götürdükdə isə, son zamanlar İranın Azərbaycanla münasibətlərində kəskinləşdirmə oyununu oynaması daha çox qabarıq görünməkdədir. Baxın, yalnız cərəyan edən son hadisələr fonunda deyil, bütövlükdə son illərdə İranın media qurumları anti-Azərbaycan xarakterli ritorikalarla çıxış edirlər, üstəlik ara-sıra təhqirlər də ünvanlayırlar. Yəni bizim ölkəmiz-Azərbaycan onların media məkanlarında birmənalı olaraq neqativ və mənfi tonda təqdim edilməkdədir.Yalnız maraqlı cəhətlərdən biri də budur ki, İranın media məkanı ilə yanaşı, dini xadimləri də sanki Azərbaycanı təhqir etmək, aşağılamaq, hədəfləmək üstündə yarış keçirirlər.
İranın dini liderləri sırasına daxil olan adamların baxışları digər xristian və göründüyü kimi, Azərbaycana qarşı səmimi olmayan siyasi dairələrə malik ölkələrin fikirləri ilə üst-üstə düşür
Bugünlərdə Ərdəbilin baş mollası Seyid Həsən Amilinin yenidən Bakıya qarşı həddini aşması, “şirin quyruğunu tapdalamamaq” kimi sərsəm, hədyan fikirlər səsləndirməsi bizləri hiddətləndirməyə bilməzdi. Xatırlatmaq yerinə düşərdi ki, bu şəxs ilk dəfə deyil Azərbaycana qarşı ağzına və ağlına gələni ifadə edir. Bəli, o açıq-aşkar xristian və işğalçı Ermənistanın maraqlarından çıxış edir. Özü də nə qədər ilginc görünsə də, bu gün İranın dini liderləri sırasına daxil olan adamların baxışları digər xristian və göründüyü kimi, Azərbaycana qarşı səmimi olmayan siyasi dairələrə malik ölkələrin fikirləri ilə üst-üstə düşür. Misal üçün, ABŞ-ın, Fransanın və s...Lakin məsələ ondadır ki, müstəqil, inkişaf edən, güclənən və hərbi uğurları ilə dünyaya səs salan Azərbaycan İranın göz qarasına ağ gətirir və bu proses də indinin deyil, uzun illərin - ötən əsrin 90-cı illərindən başlayan prosesidir. Təkcə dünyanın aparıcı neft şirkətləri və korporasiyaları ilə “Əsrin müqaviləsi” sazişi bağlananda aydın oldu ki, Azərbaycan həm Qərblə, həm də Şərqlə açıq siyasi əməkdaşlıq yolunu tutmaq qərarını verib. İranın ali dini və siyasi rəhbərliyi biləndə ki, Bakı heç də onlardan asılı vəziyyətdə qalmayacaq qonşuluq prinsiplərindən kənar dayanacaq, onların istədikləri siyasətə doğru istiqamət almayacaq, bax ondan başlayaraq Tehranın mövcud yanaşma tərsi yaranmağa başladı.
Axı bundan sonra İranın, hətta ali siyasi dairələrində oturan narkoticarətçilərinin qızıl teştlərinə kirli pullar axmayacaq, işğal olunmuş ərazilərimizdən göndərilən narkotiklər qeyri-qanuni yollarla üçüncü ölkələrə ötürülməyəcək
Bu gün Azərbaycanın Vətən müharibəsində zəfər qazanması isə İranın az qala öz qəzəbində, kin-küdurətində boğulmasına səbəb oldu. Bunun da səbəbləri var. Məsələ həm də ondadır ki, İran 26 il işğal olunmuş ərazilərimizdən narkotrafik kimi istifadə edirdi. Azərbaycan dövlət sərhədlərini bərpa etməsi ilə bu trafiki əbədiyən bağladı. Axı bundan sonra İranın hətta ali siyasi dairələrində oturan narkoticarətçilərinin qızıl teştlərinə kirli pullar axmayacaq, işğal olunmuş ərazilərimizdən göndərilən narkotiklər qeyri-qanuni yollarla üçüncü ölkələrə ötürülməyəcək. Çünki o torpaqlar Azərbaycanın nəzarətindədir. Reallığa qalanda bu gün istər Rusiya, istərsə də Avropa ölkələri daim Azərbaycana minnətdar olmalıdırlar ki, onlara sızdırılan ağ ölümün qarşısını alıb.Bundan başqa, Gorus-Qafan yolunun bağlanması və Azərbaycan tərəfinin iranlı sürücülərə haqlı olaraq vergi ödəmək tələbini irəli sürməsi də Tehranı qıcıqlandırır. Halbuki, bu tələblər də qanunidir və heç bir narahatlığa da əsas verə bilməz. Yəni bu adi bir praktikadır və azərbaycanlı yük maşını sürücüləri də İranın ərazisindən keçərkən vergi və s. tələb olunan ödəmələri həyata keçirir.
Məsələ nədir, niyə acığından qıvrılıb-açılır?
Sonda isə daha bir xatırlatmanı da etmək yerinə düşərdi – bu gün İran Azərbaycanın Türkiyə, Pakistan kimi müsəlman ölkələri ilə hərbi əməkdaşlıqlar çərçivəsində hərbi təlimlər keçirir və Tehranın bu məsələdə nəyə görə var-gəl etməsi də elə onun tərəfindən aydınlaşdırılmalıdır. Hər halda, əgər İranın mövqeyi xristian ölkələri ilə üst-üstə düşürsə, onun müsəlman ölkələrinin birgə əməkdaşlığı məsələsindəki hay-həşiri suallar doğurur, məsələ nədir, niyə acığından qıvrılıb-açılır?Əgər mövzu İsraildirsə, bu məsələdə də Tehranın Bakıya hər hansı mənfi tondlarla “əzələ nümayişi” göstərməsinə ehtiyac yoxdur. Bakı İsraillə əməkdaşlıq edirsə, bu onun müstəqil qərarı və siyasətidir. Çünki Tehrandan fərqli olaraq İsrail 44 günlük Qarabağ müharibəsində haqq olan tərəfdə dayandı, Azərbaycanı dəstəklədi. İslamda isə Allahın adlarından biri də Həqqdir – yəni haqq! İran bu haqqı tapdalayaraq haqsızın yanında dayanıbsa, 30 ilə yaxın dövr ərzində Ermənistanın ciyərlərinə nəfəs borusu rolunu oynayıbsa, ümumiyyətlə, İrəvanın işğalçılıq siyasətinin uzadılmasına istər dolayısı ilə, istərsə də birbaşa dəstək göstəribsə, bu zaman sussun, sussun və Bakının səbrini daşırmasın, Arazın suyu kimi Bakının da səbri daşa bilər!

sia.az

Digər xəbərlər