Siyasət

  • 1 663

Status yoxdur, yeni reallıq var – TƏHLİL / VİDEO

image

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində yerli və beynəlxalq ictimaiyyət üçün aktual, xüsusi əhəmiyyətli məsələlərə toxundu, ünvanlı, dəqiq və birmənalı mesajlar verdi.

Dövlət başçısı yeni reallığı əhatəli təsvir, Azərbaycanın prinsipial mövqeyini isə konkret ifadə və bəyan etdi.
Cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edərkən sülh gündəliyinin mahiyyətini diqqətə çatdırdı: “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir”.
Bəli, regionda etimad quruculuğu üçün sülh gündəliyi müəyyənləşib və müxtəlif vaxtlarda keçirilən üçtərəfli görüşlərdə gündəlikdə duran məsələlər müzakirə olunub: sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin reallaşdırılması, üçtərəfli Bəyanatdan irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi və sülh müqaviləsinin imzalanması.
Hər hansı bir spekulyasiyaya yer yoxdur. Nə status var, nə də ki, hansısa xüsusi imtiyaz. Süni “Dağlıq Qarabağ” məfhumu yoxdur, Qarabağ və Şərqi Zəngəzur var: “Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir?”
Söhbət, dövlət başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizliyindən gedir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Dövlət başçısının toxunduğu digər vacib məsələ Azərbaycanın səmimi, Ermənistanın isə fitnəkar münasibətidir. Söhbət sülh prosesinə yanaşmadan, Bakının öhdəliklərə sadiqliyindən, İrəvanın isə sabotaj cəhdlərindən gedir. Amma...
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur”.
Bakı ümid edir ki, İrəvan hərbi-siyasi təxribat cəhdlərindən əl çəkərək konstruktiv mövqe tutacaq və öhdəliklərini yerinə yetirəcək. Bu, təkcə ümid deyil, həm də konkret şərt və tələbdir. Ermənistanın ümidi isə yalnız yeni reallıqlarla, diktə edən Azərbaycanın müəllifi olduğunu geosiyasi gerçəkliklərə bağlıdır. Seçim yol ayrıcında olan İrəvanındır: ya iflas, ya da xilas.
Azərbaycan isə əmin addımlarla irəliləyir. Öz yolumuzdayıq, strateji hədəflərimizə gerçəkləşdiririk. Haqlı, qalib və qüdrətli Azərbaycanı heç bir amil öz yolundan döndərə bilməz. Nə deyiriksə, edirik və edəcəyik. Hərbi gücümüz, üstün beynəlxalq mövqeyimiz, diplomatik imkanlarımız və siyasi qüdrətimiz buna imkan verir: “Bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi”.

yap.org.az

Digər xəbərlər