Bundan əvvəl təndir vardı, qadınlar təndir başında bir aylıq söhbət, qeybət edərdilər. İndi də ki, ta təndir-filan yoxdur, sosial şəbəkələr var, burada qadın qrupları var ki, onlar da heç təndir başından geri qalmır.
Bu günlər həmin qruplardan birinin söhbəti:
Bir qadın deyir: ay qızlar, arıqlayıb 90-60-90 olub, gözəlləşmək istəyirəm.
O biri qadın: İllər əvvəl gözəllik 90-60-90 idi. Görəsən indi bu ölçülərdən əsər-əlamət qalıb?
Başqa bir qadın: indi əlində çıraq günün günorta çağında da bir qadın tapa bilməzsən ki, 90-60-90 ola. Əvvəllər gözəllik müsabiqələri keçirilirdi, yalnız 90-60-90-lar bu müsabiqələrdə iştirak edə bilərdilər. Mən o müsabiqələri həmişə izləyirdim. Sən öl, qızlar gəlirdi o müsabiqələrə ki, elə bil ilan boğazından çıxmışdılar.
O biri qadın: hə, indi ta sən deyən qızlar yoxdur ki, o müsabiqələrə gələ də. Dövran dəyişilib ey. İndi qızlar 190-60-190 olub.
Elə bunu deyən kimi qrupda bir canlanma yaranır. Bu sözlərə “like” yağış kimi tökülür.
Deyirəm görən, bu “like”lər nə üçün yağışdan sonrakı göbələklərə bənzədi? Elə bu məqamda xanımlar başlayır izaha, mən də bir kənardan bunlara qulaq verirəm.
Qadınlardan biri: ay bacılar, nəyə gülürsünüz, indi bir nəfər 90-60-90 qadın var? Ya qup-quru quruyublar, ya da yuxarı 190, bel 60, aşağı hissə isə yenə 190-dır.
O biri qadın: ay qızlar, ta müsabiqədəkilər də 90-60-90-dan vaz keçib ey, deyirlər ki, kim gəlir, gəlsin, ta ki görkəmi gözəl görünsün.
Başqa bir qadın: nə etsinlər ki, onda gərək ta gözəllik müsabiqəsi keçirilməsin. Bilirsiniz, onlar o müsabiqələrdən nə qədər pul götürürlər? Görürlər ki, 90-60-90 yoxdur, deyirlər, eybsiz, 190-60-190-lar gəlsin. Biz də burada görək hansı kosmetoloq həkimin işi daha keyfiyyətlidir.
O biri qadın: yaxşı, 190-ları başa düşdük, axı 60 elə yerindədir, bu nə üçün dəyişmir bəs?
Qadınlardan biri: başına xeyir, ay qız, bəs bilmirsən ki, camaat gedib qabırğalarından bir-ikisini çıxartdırır ki, 190-ların arası incə olsun? Buna görə də 60 qalır yerində də...
O biri qadın: ay qızlar, bilmirsiniz, bu müsabiqələrdə dodaq məsələsinə necə baxırlar?
Qadınlardan biri: ay qız, dodaqlardan danışma ey... O günü küçədə bir qadınla rastlaşdım. Təsadüfən başımı qaldırıb üzünə baxanda, “Bismillahir rəhmanir rəhim”,- dedim. Elə xoflandım ki, bədənim əsməyə başladı. Qadının dodaqları üzünün dörddə iki hissəsini əhatə edirdi, and olsun Allaha. Bir anlığa düşündüm ki, İlahi, yazıq, buna nə olub belə, görəsən? Arı vurub, cücü sancıb? Lakin daha bir nəzər salanda, bu dodaqlara dolğu vurulduğunu açıqca anladım. Dedim, yox, burada iki variant var: ya qadın, dəbdir,- deyib, özü istəyib dodaqlarını bu günə saldırıb, ya da həkimi zay həkimlərdən olub. Qızlar, vallah, qadın dodaqlarını yığıb-yığışdıra bilmirdi. Nağıllardakı ifritələrin təsviri kimi, üst göyü, alt yeri süpürürdü.
O biri qadın: ay qız, nə həkim-filan, özləri belə istəyir ey... Hələ o gün küçədə yanımdan bir maşın keçirdi, dönüb baxanda, dəli oldum. Maşının pəncərəsindən dodaqdan savayı heç nə görünmürdü.
Başqa bir qadın: ay qızlar, hələ mənim qonşumun qaşlarını görəsiniz ey. Vallah mənə inanmayacaqsınız, lakin bunun qaşları ta kamandan da o yana dartılıb ey. Adam baxanda vahimə basır. Elə bil qaşlar bütün üzü dartıb özünə tərəf, ox kimi. Yazıq nə danışa bilir, nə də gülə. Elə bil müqəvvadır.
O biri qadın: ay qız, bəs sizin mənim qonşumdan xəbəriniz ola. Bunun saçı qısa idi, çiyinlərində dururdu. Bir gün gördük ki, düz belinədək uzandı. Dedim, bismillahir, bu nə etdi ki, saçları belə sürətlə uzandı? Sonra bir gün liftdə qarşılaşdıq, baxam ki, nə? Bunun saçlarının dibi doludur sancaq-suncaqla. Sən demə, gedib, ərinməyib, o boyda vaxt sərf edib, özünə saç qoydurub. Onu da yığıb yuxarı, saxta saç olması da altdan görünür.
O biri qadın: ay qız, sizə nə var, guya siz heç nə etdirməmisiniz?
Digər qadın: ay bacı, birinci bunları etdirməyə kalan pul lazımdır. İkincisi də nəyimizə lazımdır axı, Allah verib də verdiyini.
Söhbəti açan qadın: düz deyirsən, vallah, nəyimizə gərəkdir ki?.. Gözəllik müsabiqəsinə getməyəcəyik, podyuma çıxmayacağıq. Qoy bunu o qadınlar etsin ki, onlara lazımdır.
O biri qadın: ay qızlar, eşitmişiniz, deyirlər ki, bu 190-60-190-lar var ey, onların bir azdan sinələri, yanları çürüyüb tökülür.
Başqa qadın: bizə nə var, çürüdü, çürümədi? Özləri bilər. Bir də, sən narahat olma, onlar müsabiqələrdən qazandıqları pullarla bunun da öhdəsindən gələrlər.
Qadınlardan biri: ay qızlar, səhərdən söhbət edirsiniz, vallah, deyirəm bəlkə zarafatlaşırsınız. Doğrudan 90-60-90-ların əvəzinə 190-60-190-lar gözəllik müsabiqəsində iştirak edə bilərlər?..
Bu sözdən sonra isə qrupa onlarla təbəssüm “smile” yağır...
Mətanət Məmmədova