Sosial

  • 2 760

Ağır və təhlükəli işlər: Zəhmətin əvəzi necə ödənilir?

image

Ağır və təhlükəli işlər işçilərin sağlamlığı və təhlükəsizliyi baxımından riskli və təhlükəli işlərdir. Qadınların və uşaqların bəzi ağır və təhlükəli işlərdə işləməsinə icazə verilmir. Bu cür işlərdə çalışanlar üçün gündəlik və ya həftəlik iş saatları qısaldılır, xüsusi imtiyazları və erkən pensiyaya çıxma imkanları var. Qanunvericiliyə əsasən, belə işlərdə çalışan işçilər vaxtaşırı tibbi müayinədən keçməlidirlər.

Ölkəmizdə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışanların sayı 2022-ci il üzrə 14 276 nəfər olub. Onların 8071-i sənaye, 640-ı tikinti, 5272-si nəqliyyat və anbar təsərrüfatı, 293-ü isə informasiya və rabitə sektorunda çalışanlardır.

Ötən il üçün əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda işləyənlər isə 1209 nəfər təşkil edib. Onların 1131-i sənaye, 68-i isə informasiya və nəqliyyat sektorunda çalışanlardır. Həmçinin, iş yerində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlər 24 400 nəfər olub. Onların 15879-u sənaye, 4188-i tikinti, 4031-i nəqliyyat və anbar təsərrüfatı, 302-i isə informasiya və rabitə sektorunda çalışıb.

Qanun ağır işə görə əlavə zəhməthaqqı barədə nə deyir?

Azərbaycan qanunvericiliyində əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar müəyyən edilir. Əməkhaqqına belə artımların məbləğinin minimum miqdarı Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı ilə təsdiq edilib.

Bundan başqa, Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. Bunlara əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli iş yerləri, işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və həmçinin, insanın sağlamlığı üçün zərərli olan digər ağır şərtləri mövcud olan əmək şəraitli istehsalatlar, peşə və vəzifələr, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri aiddir.

Ağır işlər kateqoriyasına aid olan işlər həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləridir.

Artımlar nə qədərdir?

Azərbaycanda əmək şəraitinin ağır və zərərliliyinin müəyyən edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası” əsasında keçirilir. Əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”ndakı Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş “2İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəl”i əsasında müəyyən olunur

Ölkəmizdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin vəzifə maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın minimum miqdarı, əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində - 1,04, orta səviyyəsində - 1,08, yuxarı səviyyəsində - 1,12 təyin edilib. Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində - 1,16, orta səviyyəsində - 1,20, yuxarı səviyyəsində - 1,24 nisbətində artım edilir. Vəzifə maaşına artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş növbəsi olduğu müddət üçün tətbiq edilir.

Susuz ərazilərdə işləyənlər maaşı artımla alır

Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın minimum miqdarı 1,2, 40 km və ondan çox olduqda isə artımın minimum miqdarı 1,4 məbləğində müəyyən edilib.

Susuz torpaq ərazilərində olan işlərdə çalışanların əmək haqqına artım əmsalları işəgötürən tərəfindən vəzifə maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə vəzifə maaşına müəyyən edilmiş əlavələrə və mükafatlara tətbiq edilir.

Xəzər dənizində işləyənlər də maaşına əlavə alır

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin vəzifə maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın minimum miqdarı sahillə quru yol əlaqəsi olduqda - 1,4, quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə isə 0,5 km-ə qədər - 1,5, 0,5 km-dən 70 km-ə qədər - 1,65, 70- km-dən artıq - 1,75 qədər müəyyən edilib.

Dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışanlar

Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın minimum miqdarı 1,3 məbləğində müəyyən edilib.

Əməkhaqqına artım əmsalları işəgötürən tərəfindən vəzifə maaşına, vaxtamuzd və işəmuzd əməkhaqqına, qanunvericiliklə vəzifə maaşına müəyyən edilmiş əlavələrə və mükafatlara tətbiq edilir.

Ağır işlərdə işləyənlərin vergi öhdəlikləri də güzəştlidir

Ağır, zərərli, təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri, əmək şəraiti zərərli, ağır olan, yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri, həmçinin işçilərə müəyyən edilmiş müddətlərdə, tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı eyni zamanda, digər fərdi mühafizə vasitələrinin dəyəri gəlir vergisindən azaddır.

Lalə Mehralı

Digər xəbərlər