İndi arıq olmaq dəbdir. Əvvəllər niyə bu kimin üçünsə dərd idi? Əsla. Camaat əlinə düşəni yeyirdi, ta fikirləşmirdi ki, birdən kilo alaram, ya almaram. Kök kök idi, arıq da arıq. Ən əsasi isə o idi ki, nə arıqlığı, nə də köklüyü özü üçün dərd edən yox idi.
Elə ki, müasirləşdik, Avropaya inteqrasiya etdik, Avropadan dərhal götürdüklərimizdən və tərzini çıxardıqlarımızdan biri də arıqlamaq, formada qalmaq oldu. Hə, bax, problem elə bu vaxt başladı. Xüsusilə qadınlar böyük bir çətinliklə üz-üzə qaldılar. Yeyəsən, necə yeyəsən, yeməyəsən, necə yeməyəsən. Elə bil ki, qadınların acığına dövr də dəyişdi. Su da içdilərsə, kilo almağa başladılar.
Çəkisi artıq insanlara isə artıq cəmiyyətdə qəribə baxışlar formalaşdı axı. Bu səbəbdən də qadınlar necə olursa-olsun, kilo verməyə, formaya düşməyə çalışdılar. Bunun üçün də müxtəlif yollar axtarmağa başladılar.
Məsələn, əksər qadınlar Ramazanda orucu məhz arıqlamaq üçün tutmağa başladılar. Bu oruc da belə oldu ki, səhərdən-axşama ac qaldılar, axşamsa elə yeyib-içdilər ki, heç bir faydası olmadı. Əksinə, Ramazanın sonunda baxdılar ki, əvvəlkindən də kilolu olublar. Belə olanda yenə yeni yollar axtarmağa başladılar. Necə etməli ki, bu kilolardan xilas olmalı...
Hə, bu arada artıq qadınların istəkləri məlum olduğu üçün arıqlama preparatları da ölkəyə gətirildi, məhsulları da. Qadınlar həmin preparatlardan, çaylardan istifadə etməyə başladılar. Nəticəsi isə bu oldu ki, onlarla qadın həmin preparat və çaylardan istifadə etdikləri üçün ölümcül vəziyyətə düşdülər. Belə olanda isə onlardan da imtinaya başladılar.
Arıqlamağın yolunu plates, fitnesdə görənlər bu kimi zalların sayını artırmağa başladılar və sosial şəbəkələr başladılar arıqlamağın bu yolunun reklamını aparmağa. Qadınlar da üz tutdular plates və fitnes zallarına. Bu dəfə nə baş verdi? Elə ağrılarla, yanmalarla qarşılaşdılar ki, elə birinci gedişlə də bu arıqlama metodundan vaz keçdilər.
Yaranmış şəraitdən yararlanan bəzi adamlar isə nə etdilər? Adlarını dietoloq qoyub başladılar sosial şəbəkələrdə arıqlama reseptləri satmağa. Qadınlar bundan istifadəyə başladılar, lakin bu yemək elə bir məsələdir ki, tamahı saxlamaq olmur axı...
Uzun sözün qısası, hazırda da qadınlar arıqlamaq üçün hansı üsulun daha səmərəli olmasını gündəlik olaraq axtarmaqdadırlar. Yəni onlar elə bir üsul seçmək istəyirlər ki, həm yesinlər, həm də arıqlasınlar. Gözəl-gözəl şirniyyatlardan dadmamış olmasınlar, idmanla məşğul olub özlərinə əziyyət verməsinlər, mənşəyi bilinməyən preparatlardan, məhsullardan istifadə edib həyatlarını itirməsinlər.
Bəli, bütün bunların xaricində yeni bir yol, yeni bir üsul nə ola bilər ki, qadınları müəyyən kiloda saxlaya. Onlar gözəl, cazibədar görünələr? Bu, nə ola bilər? Əslində bizə çox yaxın, lakin ağlımıza gətirmədiyimiz bir üsul var ki, hər bir qadın üçün çox əlçatandır ki... Tiktok. Deməli, arıqlamağın dərmanı tapıldı.
Sual verərsiniz ki, Tiktok hara, arıqlamaq hara? 6-10 gün ən az 5-10 dəqiqə Tiktok sosial şəbəkəsində gəzin, nəticəsini görüb, bizə dua edəcəksiniz. Vallah, bilmirəm nə dərmandır bu, amma adamda ət qoymur qala.
Mətanət Məmmədova