Sosial

  • 3 033

Xocalı abidəsi önündən seçki məntəqələrinə... - REPORTAJ

image

7 fevral- Prezident seçkiləri günü şəhərimizin Xətai rayonunda, Xətai prospektində ucalan Xocalı soyqırımı, həm də “Ana harayı” abidəsi önündən keçərək seçki məntəqələrinə getməli idim. Abidəyə çatıram, bir anlığa içimdən gələn hisslə ayaq saxlayıram abidə önündə və xatırlayıram: 32 il öncə, bax, elə bu ayın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda vəhşicəsinə faciə törədilmiş, Xocalı sakinləri min bir əzab-əziyyətlə, işgəncə ilə qətlə yetirilmiş, gecənin qaranlığında və soyuğunda evlərindən zorla çıxarılmışlar. Onlar qışın qılınc kimi kəsən soyuq bir gecəsində dağlara, meşələrə üz tutmuş və donaraq həyatlarını itirmişlər. Sağ qalanlar isə bugünədək məcburi köçkün həyatı yaşamış, torpaq nisgili, el-oba, yurd həsrəti ilə yanıb-qovrulmuşlar.

Bəli, ayaq saxlamalı idim. Borcum idi onları yad etmək, həm də bu gün sanki günəşin bu abidədən doğan hüsnünü seyr etmək üçün ayaq saxladım. Sanki abidə də bu gün həmişəkindən daha qürurla dayanmışdı. Axı 2023-cü ilin 20 sentyabrı Xocalını da bizə qaytarmışdı. Bu gün bütün ölkə sakinləri kimi, xocalılılar da bütöv Azərbaycanda, konstitusiya quruluşunu, ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə ilk dəfə səs verirlər.

Bu seçki Zəfər seçkisidir. 270 ildən artıq dövrün bütövləşmiş Azərbaycanının ilk seçkiləridir. Bu seçkilərə yollanarkən Xocalı soyqırımını tərənnüm edən abidə qarşısından keçmək, onların ruhunu anmaq nə qədər kədərlidirsə, yurdlarının artıq azad olması, Xocalıda şəhid olanların qisasının alınması bir o qədər qürur doğurur...

Bu düşüncələrlə 35 saylı Xətai III seçki dairəsinin 8 saylı seçki məntəqəsinə yaxınlaşıram. Burada qələbəlikdir. İnsanların hər birinin üzündə bayram əhval-ruhiyyəsi var. Məntəqədə səliqə-sahman qaydasındadır. Məntəqə üzvləri vətəndaşları gülər üzlə qarşılayıb yola salırlar. Əyləşib seçkini bir qədər müşahidə edirəm . Elə bu arada səs verməyə əlil arabasında gətirilən seçici diqqətimi çəkir. Yaxınlaşıb salam verirəm və adını öyrənirəm. 83 yaşlı Baxşəliyev Rafiq həyat yoldaşı Səidə xanımla birlikdə seçkiyə gəlib. Rafiq müəllim uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru olub və müxtəlif vəzifələrdə çalışıb. Bu gün isə onun sağlamlıq imkanları məhdudlaşıb və əlil arabasında həyatını davam etdirir. Rafiq müəllim seçki hisslərini bizimlə bölüşür: Əslində sağlamlıq imkanları məhdud şəxslər üçün ev şəraitində olan səsvermə hüququmdan da istifadə edə bilərdim. Lakin özüm gəlmək istədim. Ona görə gəlmək istədim ki, bu, mənim borcumdur. Zəfər çalmış Azərbaycanda seçkiyə gəlmək illərin arzusu idi ürəyimdə. Odur ki, özüm gəlmək istədim, həyat yoldaşımdan xahiş etdim ki, kömək et, mən məntəqəyə gedib səs verim. Çox qürur duyuram, həm də sevinirəm. Çox şükür ki, bu günləri görmək bizə nəsib oldu. Bilmək istəsəniz ki, kimə səs verdim. Təbii ki, mənim tək bir namizədim vardı, o da cənab İlham Əliyev idi. Atasının siyasi yolunu uğurla davam etdirən, torpaqlarımızı yağı əlindən xilas edən, şərəfimizi özümüzə qaytaran İlham Əliyevə səs verdim. İnanıram ki, qarşımızda açılacaq yeni dövr Azərbaycan üçün daha da yaxşı olacaq.

Rafiq müəllimlə söhbətimi yenicə bitirmişdim ki, məntəqəyə səs verməyə gələn bir ailəni müşahidə edib onlara yaxınlaşıram. 67 yaşlı Məmmədov Adil 65 yaşlı həyat yoldaşı Svetlana Məmmədova və qızı Günay Məmmədova ilə seçkinin ilk saatlarında səs verməyə gəliblər. Ailə üzvlərinin hər birinin üzündən sevinc yağır. Elə diqqətimi cəlb edən də bu olmuşdu. Adil Məmmədovdan seçki ilə bağlı fikirlərini soruşuram, O, deyir: axşamdan planlaşdırmışdıq ki, səhər açılan kimi birlikdə seçkiyə gedək. Yəni günün ilk işi bu olsun. Ona görə də budur, hazırlaşıb gəlmişik. Böyük sevinclə, qürurla gəlmişik həm də. Yoldaşımla hər ikimiz təqaüdçüyük. Vaxtilə müəllim işləmişik, indi isə artıq evdə oturub dincəlirik, dövlətimizin bizə əməyimiz qarşısında verdiyi təqaüdlə həyatımızı davam etdiririk. İki gün əvvəl pensiyaların indeksləşmə hissəsində olan artım bizim də pensiyalarımıza təsir edib. Bunun üçün ayrıca minnətdarlığımızı bildiririk. Qaldı bugünkü günə, bu gün bizim üçün çox əlamətdardır. Ziyalı ailə olaraq bu xalqın illərdən bəri nələr yaşadığını yaxşı bilirik. Və hər zaman bu günü-torpaqlarımızın azad olunacağı günü gözləmişik. Budur, bir qarış torpağımız belə düşməndə qalmadı. Bütün şəhidlərin, qazilərin, yurdundan kənarda dünyasını dəyişən hər bir soydaşımızın qisası alındı və Azərbaycan bütövləşdi. Bütöv Azərbaycanda səs vermək xoşbəxtlikdir. Bu gün bizimlə yanaşı, Xankəndi, Şuşa, Ağdam, Laçın, Xocalı sakinləri də səs verir: sevinclə, qürurla. Gün o gün olsun ki, onlar öz torpaqlarında ilk səsvermədə iştirak etsinlər. O gün uzaqda deyil, bilirik. Böyük Qayıdış başlanıb. Bu qayıdış bütün azad torpaqlara olacaq, zaman keçdikcə... Biz hər üçümüz səsimizi müzəffər sərkərdəmizə verdik. Başqa seçim ola da bilməzdi...

Məntəqədən çıxırdım ki, burada əyləşib növbə gözləyən üç qadınla qarşılaşıram. Əslində onlarla əvvəl də dəfələrlə qarşılaşmışdım. Yaxınlıqdakı Xocalı parkında xidmətçi işləyir bu qadınlar. Onları hər saat, hər dəqiqə, şənbə-bazar da daxil olmaqla parkda görmək olur. Təmizliklə məşğul olurlar, ağacdan, əldən yerə düşəni anən götürüb bu müqəddəslik rəmzi olan abidənin ucaldığı ərazinin çirklənməsini qəbahət hesab edirlər. Bu səbəbdən də onlar bu parkda pərvanə kimi fırlanırlar.

Əliyeva Nazilə, Quliyeva Bəsti və Məmmədova Gültəkin elə iş yerindən iş paltarındaca seçkiyə gəliblər. Onlara yaxınlaşıram və bu zəhmətkeş qadınların da seçki ilə bağlı fikirlərini öyrənmək istəyirəm. Nazilə xanım deyir ki, bu gün səhərin sübh çağından işə gəldik ki, parkın təmizliyinə baxaq, seçkiyə gec qalmayaq. Çox sevincli gündür, şükür Allaha ki, bu günü görməyi bizə nəsib etdi. Söhbətə Gültəkin xanım da qoşulur və deyir ki, hər üçümüz Prezidentimizə səs verəcəyik. Bizim başqa seçimimiz yoxdur. Bəsti xanım isə onun fikrini başı ilə təsdiqləyir və deyir ki, qalib xalqın qalib Lideri var. O, bizim ömürlük Liderimizdir.

***

Məntəqədən yüksək əhval-ruhiyyə ilə ayrılıb üz tuturam Bakı şəhər 55 saylı tam orta məktəbə. Çünki burada düz üç məntəqə fəaliyyət göstərir. Yenə də Xocalı soyqırımı abidəsinin önündən keçməli oluram və eyni hisslər yenə də qəlbimdə dolanır. Öz-özümə pıçıldayıram: ruhunuz şad olsun, xocalılılar.

Çatıram məktəbə və 35 saylı Xətai III seçki dairəsinin 9 saylı seçki məntəqəsinə daxil oluram. Burada da qələbəlikdir. Məntəqə üzvləri vətəndaşların rahat səs verməsi üçün çalışır. Məntəqədə müşahidəçi və jurnalistlər də öz işləri ilə məşğuldurlar.

Məntəqəyə daxil olan kimi diqqətimi hərbi geyimdə olan seçici cəlb edir. Kənardan müşahidə edirəm, o, bülletenini götürür, pərdənin arxasına keçir və qayıdır səsvermə qutusuna salır. Məntəqədən çıxmaq istəyərkən ona salam verib 1-2 dəqiqə mənə vaxt ayırmasını xahiş edirəm. O da “məmnuniyyətlə”,- deyir. Cəmilov Xaləddin həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak edib. Birinci Qarabağ müharibəsi əlilidir. Səsverməyə böyük qürurla gəldiyini söyləyir: iki müharibədə həm məğlub olmağı, həm Zəfər qazanmağı görmüş bir qazi kimi bu gün qürur duyuram. Çünki 30 il ərzində bu xalqın uğursuzluğunun töhmətini, uğurunun şöhrətini, şanını yaşadıq. İtkilərimiz minlərlə oldu. Qazilərimizin sayı-hesabı yoxdur. Lakin qalib xalqıq. Bunu isə bizə Ali Baş Komandan İlham Əliyev nəsib edib. Ona görə də O, bizim əbədi Prezidentimizdir. Xoşbəxtəm ki, bu gün torpaqlarımız azaddır, ölkəmizi bütün dünya tanıyır.

86 yaşlı Ağalarov Cəfər və 76 yaşlı Ağalarova Səkinə ər-arvaddır. Onlarla məntəqə qarşısında, səslərini verib çıxarkən qarşılaşıram. Fikirlərini soruşuram. Cəfər müəllim deyir: uzun illərdən bəri həmişə istər Prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri olsun, birlikdə gedib-gəlmişik. Lakin bu dəfəki qədər ürək açıqlığı ilə getməmişdik. Hər dəfə “görəsən bu seçkidən sonra torpaqlarımız azad olunacaqmı?” kimi söhbətlər etmişik aramızda. Görürdük, bilirdik ki, dövlətimizin başçısı torpaqların azad edilməsi üçün nə qədər iş görür. Lakin dünya ölkələrinin bəziləri haqq səsimizi dəstəkləmirdi... Budur, Zəfər seçkilərinə gəlmişik. Zəfər ölkəsində Zəfər seçkilərinə. Bundan böyük sevinc nə ola bilər ki? Seçimimiz də aydındır. Zəfəri bizə kim bəxş edibsə, odur.

Səkinə xanım isə deyir ki, bütün dünyaya sülh arzu edirəm. İki müharibə görmüş xalq kimi, görün bir nə qədər itkilərimiz olub. Bu gün dünyada bir neçə ölkədə müharibə gedir. Qoy dünya ölkələri sülhə gəlsin, hər kəs sakitlik, əmin-amanlıq içərisində yaşasın. Bəsdir, qan töküldüyü. Sevinirəm ki, müharibənin ayağı bizim ölkədən kəsildi. Zəfər qazandıq. Bu gün isə Zəfərimizi qeyd edirik.

Bu məntəqə ilə qonşuluqda yerləşən 35 saylı Xətai III seçki dairəsinin 10 saylı seçki məntəqəsinə də baş çəkirəm. Burada da seçicilər kütləvi şəkildə məntəqəyə gəlir, növbə ilə içəriyə keçir və səslərini verib gedirlər. Burada gənc bir seçici diqqətimi çəkir. Yaxınlaşıb onunla salamlaşır və adını soruşuram. Bu, ilk dəfə səs verən Abdullayeva Ayseldir. Aysel deyir: Həm seçkidə ilk dəfə iştirak edəsən, həm də Zəfərli Azərbaycanda ilk dəfə səs verəsən, bu, həqiqətən başqa bir hissdir. Evdə valideynlərim danışırdılar ki, sabah seçkiyə gedəcəyik, ilk dəfə bütöv, azad Azərbaycanda səs verəcəyik. Onlar söhbət etdikcə mən düşünürdüm ki, gör bu gün mənim kimi ilk dəfə səs verən gənclər nə qədər xoşbəxtdir ki, bugünkü Azərbaycanda yaşayırlar. Bizim gəncliyimiz Zəfərə, ölkəmizin bütövləşməsinə təsadüf etdi. Lakin ata-anamın söhbətlərinə qulaq asarkən onların gəncliyinin müharibəyə, ölkənin iqtisadi böhranına təsadüf etdiyini eşitmişəm. Elə buna görə də bugünkü gənclik qürur duymalı və ölkəmizin qədrini, dəyərini bilməlidir. Fəxr edirik ki, belə bir ölkədə yaşayırıq.

***

Məntəqədən ayrılıb geri qayıdıram. Yenə də həmişə qürurla, indi isə şərəflə baxdığımız “Ana harayı” abidəsinin yanından keçirəm. Dayanıram. Adidə ilə, sanki xocalılılarla bir daha üz-üzə durub söhbətləşirəm: bir neçə gündən sonra ölkəmiz yenə də Xocalı faciəsi qurbanlarını anacaq. Lakin həmin günü 32 ildə ilk dəfə olacaq ki, həm də yurdunuzun azad edilməsi ilə birlikdə anacağıq. Hər ilin 26 fevral gününü yanğı, kədərlə qeyd etmişik. O yanğı, kədər biz yaşadıqca davam edəcək. Çünki soydaşlarımızı faciəli şəkildə itirmişik. Lakin builki anım günü o yanğının, kədərin həm də bir təsəllisidir. Çünki yurdunuz, bütövlükdə Azərbaycanın bir parçası Xocalı artıq azaddır. Xocalılıların qisası alınıb. Düşmən torpaqlarımızdan birdəfəlik qovulub. Artıq yurdlarımız bərpa olunur, soydaşlarımız ata-baba torpaqlarına qayıdır. Artıq Azərbaycan bütövdür. Və bu bütövlüyə bu gün hər birimizin səs verdiyimiz Ali Baş Komandanın siyasi uzaqgörənliyi, vətənpərvərliyi, Vətənə sevgisi, xalqa məhəbbəti, torpağa sayğısı nəticəsində nail olmuşuq. Və qarşıda bizi daha parlaq bir gələcək gözləyir...

Mətanət Məmmədova

Digər xəbərlər